İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Dumasından postsovet məkanında separatçılığı qızışdıracaq təklif - əks-effekt də verə bilər

Rusiya Dövlət Dumasına (parlamentin aşağı palatasına) imperiya maraqlarına xidmət edən daha bir təklif daxil olub. Təklifə görə, rus dilində danışanların hamısına avtomatik Rusiya vətəndaşlığı verilsin. Bununla həm də ölkədə demoqrafik problemin aradan qalxacağına ümid edilir (Rusiya əhalisinin sayı azalır).

Lakin əsas hədəf yəqin ki, postsovet məkanında separatçılığın qızışdırılması, suveren ölkələrə təzyiq rıçaqlarının artırılmasıdır. Ukraynaya qarşı istilaçılıq müharibəsi fonunda bu daha qabarıq görünür. Qarabağdakı süni “rus icması” layihəsi də təbii ki, boşuna deyil. Yeri gəlmişkən, bu arada Gürcüstanın Cənubi Osetiya bölgəsinin “prezidenti” Anatoli Bibilov “respublika”nın Rusiyaya birləşdirilməsi ilə bağlı 17 iyul tarixinə “referendum” təyin edib. Oradakı əhalinin hamısının Rusiya vətəndaşlığı var.

Bunu da yada salaq ki, illər öncə Rusiya parlamenti SSRİ-də doğulan hər kəsə avtomatik Rusiya vətəndaşlığı veriləcəyi haqda qanun qəbul edib.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev türk dövlətlərinin daim bir olmasının vacibliyinə diqqət çəkdi: “Əmin olmuşuq ki, Rusiyanın bütün siyasi çabaları, geopolitik səyləri SSRİ-ni əvvəlki formatda olmasa da, yeni model variantda bərpa etməkdir. Hazırda Rusiya bunun üçün çalışır. Nə qədər ki, Rusiyada bu düşüncədə olan insanlar hakimiyyətdədir, iqtidar tərəfindən bu cür institutlar, təşkilatlar dəstəklənir, demək ki, bu məsələ gündəmdən çıxmayacaq. Bu baxımdan da postsovet məkanına daxil olan ölkələrin hamısı bu narahatlığı keçirməlidir. Bu narahatlıqdan irəli gələn məsələlərin həlli üçün birlik nümayiş etdirilməli, güclərini artırmalı, eyni zamanda beynəlxalq təşkilatlarda təmsilçiliklərini daha da artırmaqla yanaşı, həm də siyasi, hərbi bloklarda yer almalıdırlar. Əks halda, mənə elə gəlir ki, bu cür imperiya düşüncələri qarşısında onlar dözüm gətirməkdə çətinlik çəkəcəklər. Azərbaycanın da yer aldığı və səy göstərdiyi Türk Dövlətləri Təşkilatı bu baxımdan vacib bir təşkilatdır. Hesab edirəm ki, zaman-zaman biz bu birliyin hərbi kontingentini yarada bilərik.

Razi Nurullayev partiyasının adını dəyişdi

Razi Nurullayev: “Bu cür imperiya düşüncələri qarşısında onlar dözüm gətirməkdə çətinlik çəkəcəklər”

Ümumiyyətlə, türk dövlətləri daha çox sıx qardaşlıqda birləşməlidirlər. Bu da bizi gələcəkdə təhlükələrdən qorumaq üçün bir talismandır. Bu istiqamətdə atılan addımları alqışlayıram. Hazırda Qarabağda Rusiyanın sülhməramlı qüvvəsinin olmasını Azərbaycanda rus qoşunlarının mövcudluğu prinsipindən düşünməliyik. Onların qısa zamanda Azərbaycan ərazisindən çıxarılmasına nail olmalıyıq. Düzdür, bu elə də asan olmayacaq. Rusiyanın ciddi təzyiqləri var. Bu dövlətin arzuları çoxdur. Dediyim kimi, bu arzulardan biri də SSRİ-ni bərpa etməkdir. Buna  görə  də  SSRİ-yə  vaxtilə daxil olan bütün ölkələrdə iştirakçılığını saxlamağa, təmin etməyə çalışır. Buna da bu və ya digər şəkildə nail ola bilib. Amma bu o demək deyil ki, onlar istədiklərinə nail ola bilərlər. Bu gün Rusiya Ukraynaya hücum etməklə ola biləcək planlarının hər birinin üstündən xətt çəkdi. Artıq Rusiya imperiya düşüncələrini həyata keçirmək üçün Ukrayna ilə apardığı müharibə timsalında bu ölkələrin hər biri ilə savaş aparmalıdır. Buna da gücü yoxdur. Dünya Rusiyanı artıq başqa tərəfdən tam tanıdı və bu ölkəyə etibarı azaldı. Bundan sonrakı mərhələdə Rusiyanın bu planlarının üstündən xətt çəkilməsi üçün bütün dünya hərəkətə keçib və keçməkdədir”.

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki, Rusiyanın bu siyasəti artıq illərdir davam etməkdədir: “Postsovet məkanına öz təsir riçarklarından daim istifadə ediblər, indi də oxşar mənzərə yaranıb. Rus dilini bilənlərə Rusiya vətəndaşlığının verilməsi demoqrafik problemi qaldırmaqdır. Siyasi və iqtisadi cəhətdən əziyyət çəkən əhalinin Rusiyaya gətirilməsi təsiretmə mexanizmlərindən biridir. Şimal qonşumuzda postsovet məkanının bütün ölkələrindən yaşayanlar, işləyənlər, öz ölkələrinə pul göndərənlər var. Bu həm də rus iqtisadiyyatına xeyir verməkdədir.

Əhəd Məmmədli: "2022-ci il Azərbaycanda Xənkəndi ili olmalıdır"

Əhəd Məmmədli: “Bu məsələlərə çox ciddi yanaşmalıyıq”

Eyni zamanda bu, postsovet ölkələrinə təsir mexanizmlərindən biridir. İndi təsir imkanlarını daha da genişləndirmək istəyirlər. Qarabağda yalnız bir rus kəndi olub, Xocavəndin kəndi idi, sonradan ermənilər onun adını dəyişdilər. Həmin kəndin rus əhalisi də Rusiyaya, Azərbaycanın bir sıra yerlərinə köç ediblər. İndi orada rus icması məsələsini qaldırmaq bir sıra mətləblərdən xəbər verir. Azərbaycana bu yolla təsir etmək istəyirlər. Bu məsələlərə çox ciddi yanaşmalıyıq. Çünki biz bu məsələnin qarşısını almasaq, rus sülhməramlıları beş ildən sonra da həmin ərazilərdə qalacaqlar. Buna imkan verməmək üçün Azərbaycan yaxın iki ildə Xankəndi və ərafında idarəçiliyini bərpa etməlidir. Əks halda, bizi xoşagəlməyən vəziyyət gözləyə bilər”.

102 il əvvəlki və indiki Rusiya - dəyişiklik varmı?

Şəhla Cəlilzadə: “Abxaziya və Cənubi Osetiyanın taleyi də yaxın 1-2 ayda həll olunacaq”

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə bu barədə öz facebook profilində maraqlı bir status paylaşıb: “Rusiya dünyaya yeni xəritə çəkir, yeni sərhədlər yaradır. Qərbə üz tutan Ukraynadan qoparılan Krım 2014-cü ildə ”referendum" ilə Rusiyaya ilhaq olundu. 2008-ci ildə Gürcüstanla “5 günlük” müharibədən sonra rəsmi olaraq müstəqilliyi tanınan Abxaziya və Cənubi Osetiyanın taleyi də yaxın 1-2 ayda həll olunacaq. Belə ki, 17 iyul tarixində Cənubi Osetiyada Rusiyaya ilhaq olunmaq üçün “referendum” keçiriləcək və nəticələr “Eurovision” nəticələri kimi əvvəlcədən məlumdur. Ukraynanı da bənzər tale gözləyir. Müharibənin 2022-ci ilin sonunadək davam edəcəyi gözlənilir və nəticə etibarı ilə Donbas ərazisinin, hətta digər işğal edilmiş ərazilərin də Rusiyaya “referendum” yolu ilə birləşdirilməsi baş verəcəyi ehtimal olunur və beləliklə Ukraynanın parçalanması məsələsi siyasi masadadır. Azərbaycanda ara-sıra Qarabağın xunta rejimi ya müstəqillik, ya da Rusiyaya ilhaq haqqında danışır. Bunun baş verməsinin qarşısını hələlik (yaxın gələcək üçün) 22 fevral 2022-ci il tarixli Moskva bəyannaməsi alır. Uzaq gələcəkdə bunun baş verməməsi üçün siyasi tarixdən özümüzə müvafiq notları götürməyimiz labüddür".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR