İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Azərbaycan-Ermənistan-İran enerji körpüsü ideyası - reallıq, yoxsa utopiya?

Postmüharibə dövründə regionda iqtisadi əməkdaşlıq, müştərək enerji layihələri ilə bağlı müxtəlif fikirlər səsləndirilib, təkliflər verilib. Azərbaycan bunlara münasibətində qeyd edib ki, əgər Ermənistan sülh müqaviləsi imzalayarsa, normal qonşuluq münasibətinə başlayarsa, müəyyən əməkdaşlıqlar mümkündür. Ancaq hələlik Ermənistanın belə bir niyyəti yoxdur, əksinə, təxribatlara davam edir. Belə bir zamanda isə Rusiyanın İrandakı səfiri Aleksey Dedov bildirib ki, Rusiya Federasiyası, Azərbaycan, Ermənistan və İran arasında enerji körpüsü yaradıla bilər.

Onun sözlərinə görə, pik yüklənmə dövrlərində elektrik enerjisinin nəqlini nəzərdə tutan dörd ölkə arasında enerji körpüsü yaratmaq layihəsi mövcuddur. Diplomat vurğulayıb ki, hazırda Moskva və Tehran bu məsələ ilə bağlı danışıqlar aparır. Layihə dörd ölkə arasında elektrik enerjisinin mübadiləsini və nəqlini nəzərdə tutur.

Bu layihənin reallaşması mümkündürmü? Hansı şərtlər olmalıdır ki, Azərbaycan burada iştirak etsin?

Fikrət Yusifov icraçı direktor vəzifəsinə seçildi

Fikrət Yusifov: “Azərbaycan bu təklifə ehtiyatla yanaşmalıdır”

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında yaranan bu suallara belə cavab verdi: “İlk baxışda bu layihə region ölkələri arasında sağlam bir əməkdaşlığın istiqamətlərindən biri kimi görünür. Təbii ki, Ermənistandan fərqli olaraq Rusiya, Azərbaycan və İran eyni zamanda yanacaq-enerji resurslarının zəngin olduğu ölkələrdir. Bu ölkələrin elektrik enerjisi istehsalı sahəsində bugünkü real imkanları və potensialı olduqca böyükdür. Azərbaycan isə neft-qaz istehsal edən ölkə olsa da, artıq bu resurslardan enerji istehsalı üçün yararlanmaq kursunu dəyişmək qərarı verib. Ölkəmiz indi elektrik enerjisi istehsalının və ixracının yeni müstəvisinə keçid edir. Bərpa olunan enerji resurslarının yetərincə geniş olduğu ölkəmiz "yaşıl enerji" istehsalını və onun ixracını sürətlə artırmaq kimi hədəflər müəyyənləşdirib. Bu istiqamətdə atılan ən real addımlardan biri 2022-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı strateji tərəfdaşlıq sazişinin imzalanması olub. Saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizinin dibi ilə keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin etməyi nəzərdə tutub. Bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropaya nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql ediləcək. Azərbaycan bu istiqamətdə xarici investisiyaları cəlb etməklə ciddi addımlar atmağa başlayıb. Keçən il oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.  Təməli 2022-ci il martın 15-də qoyulan, ümumi dəyəri 262 milyon ABŞ dolları olan stansiyanın tikintisi 1 il 7 ay ərzində başa çatdırıldı. Xarici sərmayə hesabına tikilən bu stansiya hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət etməyə imkan verəcək. 

Ölkəmizin ərazisi, xüsusən də Abşeron yarımadası, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilər bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngindir. Ölkə Prezidenti artıq işğaldan azad olunmuş ərazilərimizi “yaşıl enerji” zonası elan edib. Bütövlükdə, Azərbaycanın quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi bütövlükdə 157 qiqavat təşkil edir. Azərbaycan ərazisindəki dağ çaylarının potensialı enerji istehsal gücü 520 MVt həcmində qiymətləndirilir. Bu sahədə dövlətimizin qarşıya qoyduğu əsas hədəf isə 2030-cu ilədək ölkənin elektrik enerjisinin istehsalının ümumi həcmində bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmaqdan ibarətdir. Bu hədəfə çatmaqla Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, xarici ölkələrə, ilk növbədə, Avropa ölkələrinə enerji ixracının həcmini əhəmiyyətli dərəcədə artıracaq.

Beləliklə, Azərbaycan Avropanın təkcə “mavi qaz” deyil, həm də elektrik enerjisi təchizatında layiqli yer alacaq. Bu isə ölkəmizə böyük iqtisadi və siyasi dividentlər qazandıracaq". 

Sabiq nazir fikirlərini bu suallara cavablarla davam etdirdi: “Rusiya, İran və Ermənistan yaşıl enerji istehsalı istiqamətində bu gün hansı addımları atırlar? Dünyanın enerji balansının sürətlə bərpa olunan enerji mənbələrinin xeyrinə dəyişdiyi bir zamanda "Rusiya-Zaqafqaziya-İran enerji körpüsü layihəsi"nin uğurla reallaşdırılması mümkündürmü? Öncə layihəyə bu prizmadan yanaşıb qoyulan suallara cavab tapmaq lazımdır. Enerji layihəsi çərçivəsində dörd ölkənin əməkdaşlıq etməsi kənardan görünən qədər də asan olmaya bilər. Məsələn, bu ölkələrdən ikisi - Rusiya və İran Qərbin ciddi sanksiyaları altındadır və Qərbin sabah bu əməkdaşlığa qarşı hər hansı bir sanksiyalar tətbiq etməyəcəyinə heç kim təminat verə bilməz. Digər bir problem, bu ölkələr arasında sağlam siyasi münasibətlərin olmamasıdır. Məsələn, Rusiya və İranın Qarabağ probleminin həllində on illər boyunca sərgilədikləri mövqe, Ermənistanın sülh müqaviləsi ətrafında bugünkü çirkin oyunları, bir neçə gün öncə uzunmüddətli sakitlikdən sonra sərhəddə erməni hərbiçiləri tərəfindən atəşkəsin pozulması və bununla da Ermənistanın yenidən hərbi münaqişə yaratmağa doğru getməsi kimi reallıqlar belə bir layihənin gerçəkləşdirilməsini yetərincə şübhə altına alır. Digər tərəfdən, illərdir ki, Rusiya da, İran da sübut ediblər ki, onlar lazım gəldikdə belə layihələr çərçivəsində qurulmuş əməkdaşlıqdan məmnuniyyətlə siyasi məqsədləri üçün istifadə edə bilirlər. Bu gün Rusiya bütün mümkün olan və olmayan vasitələrdən istifadə edib, Cənubi Qafqazda əsaslanmaq istəyir. Bu layihə təklifi də həmin məqsədə xidmət edən təşəbbüslərdən biridir. Cənubi Qafqazda Rusiyanın da, İranın da maraqları yetərincədir. Bu iki ölkə tarixdə bir neçə dəfə Cənubi Qafqaz ərazilərini bölüşdürmək və yenidən bölüşdürmək uğrunda illərlə bir-biri ilə müharibə ediblər. Cənubi Qafqazın bugünkü xəritəsini də onlar çəkiblər. 

Azərbaycan bu təklifə ehtiyatla yanaşmalıdır. Biz artıq həm şimal və həm də cənub qonşumuzun nəyə qadir olduqlarına və onların Azərbaycan “sevgisinin” iç üzünə çox yaxşı bələdik. Bizim enerji sahəsində əməkdaşlığımız bərpa olunan enerjinin istehsalını artırmaq və onu Qərbə ixrac etmək xətti üzərində inkişaf etməlidir. Bu kurs artıq bəyan olunub. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılmış neft və qaz meqa layihələrindən sonra növbəti meqa layihə yaşıl enerjinin Qara dənizin dibi ilə Avropaya çatdırılması olacaq. Rusiya və İranla isə qonşu ölkələr kimi davranmalıyıq. Onların bu qəbildən olan təşəbbüslərini yüz dəfə ölçüb, bir dəfə biçmək lazımdır. Adətən belə layihələrin altında onların təşəbbüskarlarının gələcəkdə partladılması nəzərdə tutulan minaları basdırılır".

Azər Badamov haqqında yayılan xəbəri təkzib etdi: “Mən səsvermədə iştirak  etmişəm”

Azər Badamov: “Burada əməkdaşlıq formatlarının yaradılması üçün ən vacib məsələ...”

Deputat Azər Badamov bu layihənin reallaşması üçün öncəliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının gərəkdiyini önə çəkdi: “Əslində regional əməkdaşlıq formatını ilk təklif edən Azərbaycan və Türkiyə olub. Hətta bu format "3+3" adlandırılmışdı və əməkdaşlıq münasibətlərinin müzakirəsi üçün xarici işlər nazirlərinin Tehran görüşü də olmuşdu. Rusiyanın İrandakı səfiri Aleksey Düdovun səsləndirdiyi Rusiya-Azərbaycan-Ermənistan-İran enerji körpüsünü də yaratmaq mümkündür. Amma burada əməkdaşlıq formatlarının yaradılması üçün ən vacib məsələ hər şeydən əvvəl Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasıdır. Bu baxımdan, Azərbaycanla Ermənistan arasında  sülh müqaviləsi olmadan regional əməkdaşlıq formatlarından danışmaq hələ çox tezdir. Ermənistanın son təxribatları onların sülhdən uzaq olduğunu göstərir. Əgər Ermənistan Qərbdəki ağalarının sözünə baxmadan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının reallaşdırılmasına çalışarsa, regionda yeni regional əməkdaşlıq formatlarının yaranmasına yol açılar. Təbii ki, bu formatlardan ən çox yararlanan tərəflərdən biri də Ermənistan olacaq. Çünki Ermənistanın uzun illər ərzində  yürütdüyü işğalçılıq siyasəti nəticəsində onlar uzun illərdir ki, bütün regional əməkdaşlıq formatlarından kənarlaşdırılıb. Əgər Azərbaycanla sülh müqaviləsi imzalanarsa, Ermənistan həm nəqliyyat, həm də enerji tranziti layihələrindən böyük gəlirlər qazana bilər. Amma təəssüf ki, Ermənistan rəhbərliyi ölkənin milli maraqlarını və gələcəyini düzgün dəyərləndirə bilmir. Belə ki, yenə də Fransanın və digər ağalarının saxta vədlərinə inanaraq silahlanır və yenidən müharibəyə hazırlaşır. Əgər Ermənistan yenidən müharibəyə hazırlaşırsa, bu ölkə ilə bizim hansı iqtisadi əməkdaşlığımızdan danışmaq olar? Bu baxımdan regional əməkdaşlıqla bağlı danışıqların hələ ki gələcəyə hesablanmış planlardan başqa bir şey olmadığını hesab edirəm".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR