Onlayn ictimai-siyasi qəzet
Avropa Məhkəməsi Rusiyanın Milli Hesablaşma Depozitarının (NSD) Avropa İttifaqının 2022-ci ildə Rusiya aktivlərinə tətbiq etdiyi sanksiyaların ləğvi ilə bağlı müraciətini rədd edib.
Musavat.com xəbər verir ki, qərarla bağlı məlumatı məhkəmə açıqlayıb.
Qeyd olunur ki, NSD-nin aktivləri depozitarın Rusiyanın Ukraynaya təcavüzünün maliyyələşdirilməsində oynadığı rola görə dondurulub. Xüsusilə hakimlər hesab edirlər ki, NSD Avropa İttifaqını “Rusiya Federasiyasının maliyyə sisteminin fəaliyyətində mühüm rol oynayan sistem əhəmiyyətli maliyyə institutu” kimi müəyyən etməklə səhv etdiyini “sübut edə bilməyib”.
Qeyd olunur ki, bu qərardan hələ də Aİ-nin ali instansiya məhkəməsinə şikayət etmək olar.
Lüksemburqdakı Avropa Ümumi Yurisdiksiya Məhkəməsi isə sanksiyalar çərçivəsində Aİ ölkələrindəki aktivlərini bəyan etməmək hüququ istəyən rusiyalı milyarderlər Gennadi Timçenko, Mixail Fridman, Peter Aven və German Xanın iddialarını rədd edib.
The Moscow Times-ın yaydığı məlumata görə, 2022-ci ilin iyulunda Aİ Şurası Ukraynadakı müharibəyə görə sanksiyaya məruz qalan Rusiya fiziki və hüquqi şəxslərini Aİ-dəki aktivlərini açıqlamağa məcbur etdi. Avropa Komissiyasının izah etdiyi kimi, bu qərar məhdudiyyətlərdən yayınmaq sxemlərini çətinləşdirmək üçün qəbul edilib. Aktivlər 2022-ci ilin sentyabrına qədər və ya şəxs sanksiyaya məruz qaldıqdan sonra altı həftə ərzində bəyan edilməli idi.
Eyni zamanda Aİ aktivlərin bəyan edilməsi öhdəliyinin yerinə yetirilməməsini sanksiyalar məhdudiyyətlərindən yayınma kimi şərh etmək qərarına gəlib. Bundan sonra, 2024-cü ilin yazında Aİ bu cür hərəkətləri cinayət hesab edən qanunu təsdiqləyib.
Timçenko və Fridman iddia ərizələrində Aİ Şurasının səlahiyyətlərini aşdığını, çünki sanksiyaların tətbiq olunduğu şəxslərə birbaşa öhdəliklər qoya bilməyəcəyini qeyd ediblər. Onlar həmçinin məhdudiyyətlərdən sui-istifadə edildiyindən şikayətləniblər. Lakin məhkəmə bu arqumentlərlə razılaşmayıb. Məhkəmənin qərarında deyilir: “Məhdudedici tədbirlərdən yayınmağa kömək edən hüquqi və maliyyə mexanizmlərinə qarşı tədbirlərin görülməsi zərurəti belə tələblərə haqq qazandırır”.
Məhkəmə həmçinin qeyd edir ki, Aİ Şurası Aİ üzv dövlətlərinin səlahiyyətlərinə müdaxilə etməyib, çünki onların milli orqanları sanksiyalardan yayınma cinayətinin xarakterini (cinayət, mülki və ya inzibati) və ona görə məsuliyyəti müəyyən etmək hüququnu özündə saxlayır.
Timçenko, Fridman, Aven və Xana qarşı sanksiyalar 2022-ci ilin fevralında tətbiq edilib. Timçenko məhkəmədə məhdudiyyətlərə etiraz edərək, nəinki onları ləğv etməyi, həm də Aİ-ni ona dəymiş, 1 milyon avro dəyərində qiymətləndirdiyi qeyri-maddi ziyana görə kompensasiya ödəməyə məcbur etməyi tələb etdi. Lakin 2023-cü ilin sentyabr ayının əvvəlində Avropa Ümumi Yurisdiksiya Məhkəməsi milyarderin iddiasını rədd etdi.
Fridman və Aven də 2022-ci ilin mayında sanksiyaların ləğvi üçün məhkəməyə müraciət ediblər. 2024-cü ilin aprelində Avropa Ümumi Yurisdiksiya Məhkəməsi iş adamlarının Aİ Şurasının sanksiya siyahısına daxil edilməsinin səbəblərini kifayət qədər əsaslandırılmamış hesab edərək onlara qarşı şəxsi məhdudiyyətləri ləğv etmək qərarına gəlib. Bununla belə, milyarderlər 2023-cü ilin martında yenilənmiş sanksiyalar siyahısına əlavə olunaraq texniki olaraq hələ də sanksiyalar altındadırlar.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ