Onlayn ictimai-siyasi qəzet
Özümüz niyə çəkə bilmirik?
Türkiyənin nüfuzlu TRT telekanalı “Qarabağ” Futbol Klubunun yaradılışı və onun tarixi mücadiləsinə həsr olunmuş möhtəşəm bir sənədli film təqdim edib. Musavat.com xəbər verir ki, “Heyrətamiz və təsirli” olaraq xarakterizə olunan bu film, “Qarabağ” klubunun Ağdamdan başlayan uzun və çətin yolunu, onun bu gün beynəlxalq səviyyədə qazandığı uğurları əks etdirir.
Film 1951-ci ildə Ağdam şəhərində əsası qoyulmuş “Qarabağ” klubunun ilk günlərindən başlayaraq müasir dövrdə əldə etdiyi uğurlara qədər olan tarixi əhatə edir. Xüsusilə Ermənistanın işğalı səbəbindən məcburi köçkün vəziyyətinə düşən klubun qarşılaşdığı çətinliklər və ona baxmayaraq yaşadığı yüksəliş təsirli şəkildə təqdim olunur.
Film “Qarabağ” klubunun Azərbaycan Premyer Liqasındakı uğurlarından tutmuş, UEFA Avropa Liqası və Çempionlar Liqasında qazandığı nailiyyətlərə qədər geniş tarixi mərhələləri əhatə edir. Klubun Avropa səviyyəsində uğurları, Azərbaycan futbolunun dünya miqyasında tanınmasına mühüm töhfə verib. Filmdə klubun keçmişini əks etdirən arxiv görüntüləri, oyundan dramatik anlar və azarkeşlərin emosional dəstəyi yer alır. Həmçinin klubun keçmiş və indiki oyunçuları, rəhbərləri və azarkeşləri ilə müsahibələr filmin təsir gücünü daha da artırır.
TRT-nin hazırladığı bu sənədli film yalnız futbolu deyil, həm də Qarabağın və onun insanlarının mədəniyyətini, tarixini və mübarizəsini dünyaya tanıtmaq məqsədi daşıyır. Film azərbaycanlıların Qarabağa olan sevgisini və klubun bu sevginin simvoluna çevrilməsini uğurla çatdırır. ""Qarabağ" - yalnız bir klub deyil, bir həyat mücadiləsidir" devizi ilə təqdim olunan bu film tamaşaçıların qəlbini fəth edərək Qarabağ ruhunun böyüklüyünü dünyaya nümayiş etdirir. Bu əsər “Qarabağ” azarkeşləri üçün tarixi bir miras, beynəlxalq ictimaiyyət üçün isə böyük bir ilham mənbəyidir.
"Qarabağ" haqda özümüz niyə belə təsirli sənədli film çəkə bilmirik? Yaxud çəkmişikmi? Xatırladaq ki, bu ilin mart ayında Heydər Əliyev Mərkəzində “Qarabağ FK - 30 mövsüm səfərdə” tammetrajlı sənədli film təqdim olunub. Film Bakı Media Mərkəzi, İctimai Televiziya və “Salnaməfilm” studiyasının birgə istehsalı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.
Qeyd edək ki, 2023-cü ildə lentə alınan film Azərbaycan futbolunun şöhrətini dünyaya tanıdan “Qarabağ” klubuna həsr olunub.
Üç hissədən ibarət film “Qarabağ” klubunun hekayəsidir. Vətənindən didərgin düşsə də, ayaqda qalmaq və sonda doğma yurda qayıtmaq arzusunu itirməyən kiçik əyalət klubunun ölkənin əsas futbol komandasına çevrilmək hekayəsi “Qarabağ”a könül verən, eləcə də bütün futbol azarkeşləri tərəfindən maraqla qarşılanıb.
Fazil Mustafa
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb. Millət vəkili Türkiyənin nüfuzlu TRT telekanalının “Qarabağ” Futbol Klubu haqda çəkdiyi filmi hələ ki seyr etmədiyini deyib: “Bu filmi izləməmişəm, amma peşəkarlığına şübhəm yoxdur. Düşünürəm ki, belə ciddi bir auditoriyada bu cür filmin çəkilməsi həm Azərbaycanın, həm də idmanımızın böyük təbliğatıdır. Futbolumuzun avanqardı sayılan bir klubun bu şəkildə tanıdılması olduqca önəmlidir.
Amma bir sual yaranır: niyə belə filmlər bizdə çəkilmir? Biz hələ də meyxanaçıların və digər “xanaçıların” təbliğatını bitirməyi gözləyirik. Bəlkə də bu mərhələ tamamlandıqdan sonra elm və idman sahəsində uğur qazanan şəxslərin təbliğatına daha çox diqqət yetirilər.
Əslində bu işi biz özümüz görməliyik. Lakin müvafiq strukturların fəaliyyətdə ləngliyi, müəyyən dərəcədə, bu boşluğun qardaş Türkiyənin peşəkarları tərəfindən doldurulmasına səbəb olur. Biz elə etməliyik ki, uğurlu layihələrimizi özümüz peşəkarlıqla təqdim edək. Bu, həqiqətən də düşündürücü məsələdir və gələcəkdə buna ciddi yanaşmalıyıq".
O ki qaldı Qarabağa aid təsirli filmin çəkilməsinə, milli kinomuzda Birinci Qarabağ münaqişəsinə həsr olunan bir neçə film var. Onlardan “Fəryad”, “Dolu”, “Biz qayıdacağıq” kimi filmlərin adlarını qeyd etmək olar. Lakin Vətən müharibəsindən sonra hələ ki ortaya sanballı, yaddaşlarda qalacaq film demək olar ki, ərsəyə gəlməyib. Yalnız bu il 2 avqust Azərbaycan Kinosu Günündə 44 gün sürən Vətən müharibəsinə həsr olunan rejissor Emin Əfəndiyevin 43 dəqiqəlik “Tənha insanın monoloqu” adlı qısametrajlı bədii filmi təqdim olunub.
Şeyx Əbdül Mahmudov
Xalq artisti, tanınmış rejissor-aktyor Şeyx Əbdül Mahmudov mövzu ilə bağlı danışarkən bildirib ki, Vətən müharibəsi, Qarabağ münaqişəsi, Zəfərimiz ilə bağlı filmlərin çəkilməsi üçün zamana ehtiyac var: “Müharibənin zahiri əlamətləri - əzəmətli silahlar, toplar, tüfənglər, qan tökülməsi və digər görünən tərəflər - sadəcə bundan ibarət deyil. Bu hadisələrin arxasında böyük siyasi oyunlar, xəyanətlər, insan taleləri və həmin talelərin necə məhv edilməsi dayanır. Yəni bu məsələlərə kompleks yanaşmaq vacibdir.
Təəssüf ki, Qarabağla bağlı bəzi prodakşınların çəkdiyi filmlərdə daha çox zahiri tərəflərə - toplara, tüfənglərə, döyüş səhnələrinə və ölümlərə diqqət yetirilir. Halbuki əsl diqqət tələb edən məsələlər dövlətimizin və dövlətçiliyimizin taleyi, xalqımızın aqibəti, minillik milli-mənəvi dəyərlərimizin məhv edilməsi, oğurlanması, təhrif edilərək, satılmasıdır.
Yəni bütün bunlar kompleks şəkildə və mərhələ-mərhələ ortaya çıxır. Bunun üçün ilk növbədə möhtəşəm bir əsər yaranmalı və bu işlə peşəkar kinoxadimlər məşğul olmalıdır. Təəssüf ki, son vaxtlar hər hansı prodakşınlar qeyri-peşəkar yanaşma ilə nələrsə çəkib təqdim edirlər. Əgər söhbət Qarabağdan gedirsə, bu məsələyə mütləq dövlət nəzarəti olmalıdır.
Sanballı bir filmin ərsəyə gəlməsi üçün maliyyə məsələsinə gəldikdə isə, ümumiyyətlə, kino hər zaman maliyyə tələb edən bir sahə olub. Lakin yalnız maliyyə kifayət etmir; bununla yanaşı, peşəkar heyət və əsl kino adamlarının iştirakı vacibdir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ