Onlayn ictimai-siyasi qəzet
“Hazırda Rusiya 1917-ci ilin Rusiyasına bənzəyir. Ona görə zəifdir. Amma 3-5 ildən sonra o, yenidən güclənə və regiona qayıda bilər”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyayönlü erməni ekspertlərdən biri Moskvanın bölgədən getmək üzrə olması barədə sualı cavablandırarkən deyib.
Yəni belə çıxır, necə ki, 1917-ci ildə Rusiya 1-ci Dünya müharibəsindən məğlub ayrıldı, ardınca inqilablar və vətəndaş müharibəsi yaşadı, lakin bir neçə il sonra bolşeviklər hakimiyyəti tam ələ keçirərək SSRİ adında yeni imperiya qurdular, eyni proses təkrarlanacaq? 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) işğal edildiyi kimi, hazırkı Azərbaycan Respublikasının, digər müstəqil respublikaların müstəqilliyi təzədən təhlükə altınamı düşəcək?
Əlbəttə, istənilən tarixi paralellik qüsurludur. Üstəgəl, 2 illik AXC dönəmindən fərqli olaraq, Azərbaycan Respublikası 32 ildir müstəqildir və BMT başda olmaqla, bir sıra mötəbər beynəlxalq və regional təşkilatların üzvüdür. Bundan əlavə, müstəqilliyimizi Rusiya da tanıyıb və Bakıda səfirliyi var - AXC-dən fərqli olaraq.
Amma yenə “şər deməsən, xeyir gəlməz”. Rusiya Ukrayna müharibəsində hədəflərinə çatsa, onun torpaq iştahası arta və “SSRİ-2" planı aktuallaşa bilərmi?
Musa Qasımlı: “İndiki şərait 1920-ci ildəki kimi deyil”
Professor, millət vəkili Musa Qasımlı, ümumiyyətlə, SSRİ-nin bərpasını mümkünsüz hesab edir: “Hansısa erməni ekspertinin belə fikirlər söyləməsi mənsub olduğu xalqın qul psixologiyasını və müstəqil yaşamağa qadir olmadığını göstərir.
Bu məsələlərdən danışarkən ilk növbədə, təməl təşkil edən suallara cavab vermək lazımdır. Birincisi, indiki şərait 1920-ci ildəki kimi deyil, tamamilə fərqlidir. Azərbaycanın və digər dövlətlərin müstəqilliyi artıq 30 ildən çoxdur dünya birliyi tərəfindən, o cümlədən Rusiya Federasiyası tərəfindən de-yure olaraq tanınıb. Bu dövlətlər beynəlxalq təşkilatların üzvüdür. Ölkəmizdə ən böyük səfirliklərdən biri Rusiyanındır. İki dövlət arasında münasibətlərin müqavilə-hüquq bazası yaradılıb, ölkələrimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda bərabərhüquqlu əməkdaşlıq edirlər. Geriyə qayıdış, SSRİ-ni bərpa etmək mümkünsüzdür. Bununla belə, gələcəkdə əlverişli şərait yaranarsa və iştirakçı dövlətlərin arzusu olarsa, MDB-nin təkmilləşdirilməsi məsələsinin gündəliyə gətirilməsi ehtimalı olsa da, bu gün real görünmür. Müstəqil dövlətlərin xalqları və idarəçiləri inkişaf yolunu müstəqil, azad inkişafda görürlər, geriyə dönüşü qətiyyən istəmirlər. Keçdiyimiz yol müstəqil yaşamağın açdığı böyük imkanları, tərəqqini göstərir. Azərbaycanın müstəqilliyi əbədidir. Bizim xoşbəxt gələcəyimiz müstəqil dövlətimizlə bağlıdır.
İkincisi, 1918-1920-ci illərdə Azərbaycanın dövlət müstəqilliyini qoruyub-saxlamaq üçün əlverişli beynəlxalq şərait mövcud deyildi. Rusiya o zaman Azərbaycanın dövlət müstəqilliyini tanımamışdı.
Üçüncüsü, tarixi bir neçə əsrə qədər getsə də, Rusiya bu gün artıq bir Qafqaz ölkəsidir. Şimali Qafqazda biz Rusiya ilə həmsərhədik".
Əli Orucov: “Xam xəyal və düşüncələrlə Fransanı Cənubi Qafqaza gətirməyə can atırlar”
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Rusiyanın bölgədən getmək üzrə olduğu barədə səsləndirilən fikirləri bölüşmür: “Cənubi Qafqaz Rusiyanın 300 il ərzində nüfuz dairəsində olub və bu böyük tarixi nəzərə almamaq mümkün deyil. Həmin dövr ərzində Rusiya bölgədə dərin iz buraxıb. Bütün sahələrdə bu izi asanlıqla itirib-batırmaq ağılabatan deyil. Doğrudur, Rusiya zəifləyib, əvvəlki hökmdə və gücdə deyil. Lakin Cənubi Qafqazı yaxın illər ərzində Rusiyasız düşünmək və Rusiyanın maraqlarını nəzərə almamaq barədə deyilənləri, sadəcə, fərziyyə hesab edirəm. Sizin də dediyiniz kimi, tarixi paralellər aparmaq həmişə qüsurlu olur. Rusiyanın yenidən dirçəlib Cənubi Qafqaz Respublikasını işğal etməsini real hesab etmirəm. Tarixdə çox imperiyalar tarixin arxivinə qovuşub. Rusiya imperiyasından da əzəmətli imperiyalar çöküb və bir daha dirçəlməyib. Doğrudur, Rusiyada imperiyapərəst qüvvələr və keçmişin nostaligiyasında olanlar var. Böyük ambisiyalı məmurların və rəsmi şəxslərin ara-sıra hədələyici tonda çıxışlarına da rast gəlinir. Ancaq bütün bunlar Rusiyanın supergüc olacağı üçün şərt deyil. Rusiyanın iqtisadiyyatı, hərbi potensialı, digər imkanları çökdürülüb. Şimal qonşumuzun özünün daxilindəki subyektlərin mərkəzdənqaçma meylləri artır. Eyni zamanda getdikcə Çinin təsir dairəsinə düşür. Yəni bütün bu sadaladığımız və sadalaya bilmədiyimiz faktorlar Rusiyanın böyük güc olacağına və itirdiklərini qaytaracağına imkan vermir. Digər tərəfdən, Azərbaycan bu gün regionun aparıcı dövlətidir. Beynəlxalq aləmdə ciddi və güclü müttəfiqləri və tərəfdaşları var. Mən qəti şəkildə əminəm ki, Azərbaycan bir daha öz müstəqilliyini heç vaxt əldən verməz. Ötən əsrin əvvəllərindəki tarixi səhvlər təkrarlana bilməz. Həm də onu da nəzərə almaq lazımdır ki, Birinci Dünya müharibəsində Rusiya qalib dövlətlərin müttəfiqi olmuşdu və dünya savaşından sonra beynəlxalq münasibətlərdə mürəkkəb bir vəziyyət, yeni bir dönəm başlamışdı. Həmin şərtlər və situasiya indi fərqlidir. Rusiya beynəlxalq aləm tərəfindən tədric olunub. Demək olar ki, müttəfiqi yoxdur. Odur ki, Moskva daha Cənubi Qafqaz respublikalarının müstəqilliyinə son qoya biləcək təhlükə və qüdrətdə deyil. Erməni siyasətçilərinin və politoqlarının məhz səhv proqnoz və təhlilləridir ki, regionda sülhə nail olmaq çətinləşdirilir. Bu cür xam xəyal və düşüncələrlə Fransanı Cənubi Qafqaza gətirməyə can atırlar. Yaxud da Rusiyanın nə vaxtsa onlara yenidən hərtərəfli dəstək verəcəyi ilə bağlı ümidlərə qapılırlar. Reallıqlardan uzaq olan bu düşüncə və siyasət nəticədə Ermənistanın özünü acınacaqlı duruma salıb”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ