Onlayn ictimai-siyasi qəzet
Moskva bəyanatın icra olunmayan yeganə bəndinə işarə edərək sazişi aktual sayır; partiya sədrləri səbəbləri sadaladılar
Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusu aktual olaraq qalır. “Yeni Müsavat” qeyd edir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. Belə çıxır ki, 10 noyabr sənədi hələ qüvvədə sayılır.
Ekspertlərə görə, 10 noyabr bəyannaməsi Azərbaycan və Ermənistan arasında sülhü təmin edə bilməz, zatən 9 bəndlik bu sənəddə sülh sazişi, ümumiyyətlə, nəzərdə tutulmayıb. Öhdəliklərə gəlincə, Azərbaycan üzərinə düşənləri etdi, amma Ermənistan bunlara etinasız yanaşdı, xüsusilə də qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması tələbi uzun müddət gözardı edildi. Nəhayət, Azərbaycan özü bu bəndləri icra etdi. 4 il əvvəl əldə olunmuş razılaşmaya əsasən, Rusiya sülhməramlı kontingenti Qarabağa 5 il müddətinə yerləşdirilmişdi və tərəflərdən biri etiraz etməzdisə, bu müddət daha 5 il uzadıla bilərdi. Ermənilər könüllü köç etdikdən sonra bu artıq iki dövlətin - Azərbaycan və Rusiya rəhbərliyi arasındakı razılaşmaya bağlı idi. Elə o razılaşmaya əsasən də sülhməramlıların Qarabağdan çıxarılması başlayıb. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də bağlanıb.
Razılaşmadan 4 ilə yaxın müddət ötsə də, Ermənistan 9-cu bəndin tələbini də yerinə yetirməyib. Erməni liderləri dəfələrlə deyiblər ki, nə Azərbaycan, nə də Türkiyə tərəfi Mehri vasitəsilə Ermənistanın yurisdiksiyasından kənarda olacaq dəhliz almayacaq. Ermənistan bu cür bəhanələrlə vaxtı uzatmaqda davam edir. Təbii ki, heç bir halda Rusiya prosesdən kənarda qalmaq istəmir. Qarabağ prosesi bitdiyi üçün daha çox sərhəd məsələlərində maraqlıdır. Sərhədlərdə hər iki ölkədə təsir imkanlarını saxlamaq istəyir. Zəngəzur dəhlizində də noyabr bəyanatı kimi ciddi bir sənədə istinad etməyə çalışır. Bəs Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxmasından sonra 10 noyabr üçtərəfli sənədini qüvvədən düşmüş saymaq olarmı? Rusiya üçün bunun yenə aktual olmasının önəmi nədir? Zaxarova 9-cu bəndi nəzərdə tutduğu üçün bu sənədin aktuallığını saxladığına işarə edirmi?
Qazağın işğalda olan 4 kəndinin qaytarılması, Qazaxla Ermənistanın Tavuş rayonu arasında sərhədlərin delimitasiya və demarkasiya işlərinin başlaması və Prezident İlham Əliyevin bugünlərdə bəyanatında “sülhə bu qədər yaxın olmamışdıq” bəyanatı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı ehtimalını artırır. Bunun üçün 10 noyabr sənədindəki 9-cu bənd də yerinə yetirilərsə, proses tam sürətlənə bilər.
Arzuxan Əlizadə
“Yeni Müsavat”ın suallarını cavablandıran Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə qeyd etdi ki, 10 noyabr sənədində blokadada olan nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı bənd var. Partiya sədrinin xatırlatmasına görə, sənəddə razılaşdırılıb ki, yolların kontrolu Rusiya Federal Təhlükəsizlik Xidmətinin mühafizə bölməsində olmalıdır: “Bu da Rusiyanın marağında olan müddəadır. Təbii ki, Moskva həmin bəndi prioritet hesab edərək 10 noyabr sənədinin qüvvədən düşmədiyini açıqlayıb. Əslində bizim də istəklərimizi ifadə edir. Çünki həmin müddəa Azərbaycanın da maraqlarına uyğundur. Sadəcə, həmin yollara kimin nəzarət edəcəyi açıq sual olaraq qalır. Çünki digər bəndlər Azərbaycanın gücü hesabına icra edilib”. AMİP sədri bildirdi ki, nəqliyyat kommunikasiyalarına nəzarətə gəlincə, Ermənistanın götürdüyü öhdəliklər var: “Paşinyanın Rusiya və Azərbaycan prezidentləri qarşısında qəbul etdiyi şərtlər mövcuddur, sənədə qol çəkib. Sadəcə, Qərbdəki tərəfdaşlarından aldığı təlimat əsasında mövqeyini dəyişməyə başladı ki, dəhlizdə Ermənistanın nəzarət-buraxılış məntəqələri olmalıdır. İrəvanın bu qədər müqavimətinə baxmayaraq, hələ də Ermənistanın Türkiyə və İran sərhədlərini rus hərbçiləri mühafizə edir. Ona görə Rusiyanın boyunduruğundan çıxması asan olmayacaq. Odur ki, Rusiyanın bu dəhliz məsələsində hansı təzyiq rıçaqlarından istifadə edəcəyi bəlli deyil”.
Akif Nağı
Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı qəzetimizə söylədi ki, danışıqlara kimin moderatorluq edəcəyi uğrunda rəqabət gedir: “Belə vaxtda Rusiya 10 noyabr sənədinə istinad edir. Yəni Moskva öz rolunu qabardır ki, bizim vasitəçiliyimiz sayəsində müharibə dayandı, Rusiya münaqişənin bitməsinin qarantıdır və indi də regional məsələlərin həllində rol oynayır... Əslində belə bir siqnal ötürülür. İrəvan isə bu vəziyyətdə "iki stul" siyasəti yürüdür. Ermənistan Qərb və Rusiya ilə “birgəyaşayış” qaydalarını davam etdirir. Moskva isə arxayındır ki, İrəvana istənilən zaman müdaxilə etmək imkanlarını əlində saxlamaqdadır. Hər nə qədər Paşinyan Qərbə sarı siyasət yürütsə də, Kremlin təzyiq elementləri var. O baxımdan Zaxarovanın son açıqlaması göstərir ki, Rusiya regiondan geri çəkilmək istəyində deyil və bölgədə qalmağa davam edəcək". A.Nağıya görə, 10 noyabr sənədinə istinad edilməsi də buradan qaynaqlanır: “Üçtərəfli bəyanatda bir sıra məsələlər həllini tapıb, yerdə qalan Zəngəzur koridorunun açılmasıdır. Azərbaycan da bu dəhlizin açılmasını istəyir. Rusiya bu məsələdə aktiv olmağa çalışır. Zaxarova açıqlaması ilə Rusiyanın dəhlizlə bağlı mövqeyini bir daha ifadə etmiş olur”.
Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev hesab edir ki, heç bir halda Rusiya prosesdən kənarda qalmaq istəmir: “Qarabağ prosesi bitdiyi üçün daha çox sərhəd məsələlərində maraqlıdır. Sərhədlərdə hər iki ölkədə təsir imkanlarını saxlamaq istəyir. Zəngəzur dəhlizində də noyabr bəyanatı kimi ciddi bir sənədə istinad etməyə çalışır. Bir daha təkrarlayıram ki, məqsəd siyasi ambisiyaları, dominantlığı, moderatorluğu təmin etmək, qorumaq, mövqeləri saxlamaqdır”.
Yada salaq ki, üçtərəfli sənəd Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanıb. Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri əhatə edir.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ