İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus sülhməramlılar Qarabağda mina axtaracaq, yoxsa...

Şoyqunun və Rusiya MN-in təzadlı mövqeləri; polkovnik: “Sülhməramlı kontingentin vəzifəsi, işi minatəmizləmək deyil”

Rusiya müdafiə naziri Sergey Şoyqu dekabrın 19-da Rusiya Federasiyası Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib ki, Rusiya sülhməramlı qoşunları Qarabağda sülhün əsası və qarantı olmaqda davam edir. “Gələn il Rusiya hərbi kontingentinin qarşısında Qarabağda sülhün və sabitliyin qorunması vəzifəsi qoyulur”, - deyə nazir açıqlayıb.

Qarabağda Azərbaycan suverenliyini tam bərpa edib, separatçı rejimi antiterrorla məhv etmişik. Mövcud durum göz önündədir, bütün ərazilər Azərbaycanın tam nəzarətindədir. Faktiki olaraq Qarabağda sülhməramlı kontingentə ehtiyac qalmayıb. Və burada hansısa qaranta da ehtiyac yoxdur. Şoyqunun açıqlaması isə buna rəğmən Rusiyanın ehtiyac olmadığı halda sülhməramlılarını Qarabağda saxlamaqda israrlı olduğunu göstərir. 

Ancaq bunun üçün hansı əsas var? Nə adla qalacaqlar? 

Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi də fərqli bir açıqlama yayıb. Açıqlamada Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığının ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar apardığı bildirilib. Mümkündür ki, Kreml rusiyalı sülhməramlıların Qarabağda qalma müddətini uzatmaq üçün bu təşəbbüslə çıxış edib. 

Minatəmizləmə işi xüsusi spesifik sahədir və sülhməramlı kontingent bu iş üzrə ixtisaslı kadrlara malik deyil. O zaman mümkündürmü sülhməramlıları minaaxtaranlar əvəzləsin və onlar bu adla hələ bir neçə il də Qarabağda qalsınlar?

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Sergey Şoyqu bu cür açıqlamalar verməklə Rusiyanın hələ də Cənubi Qafqazda, həmçinin Azərbaycanın ərazisində olduğunu göstərmək istəyir: "Şoyqu özü də yaxşı bilir ki, artıq Qarabağda sülhməramlılara ehtiyac qalmayıb. Eyni zamanda onu da bilir ki, prezident Vladimir Putinin də imzası olan 10 noyabr üçtərəfli bəyanatında Rusiya sülhməramlı qüvvələrinin Qarabağda üzərlərinə hansı vəzifə qoyulduğu aydın yazılıb. Həmin sənəddə Rusiya sülhməramlılarının mina təmizləmə işi ilə məşğul olması qeyd olunmayıb. Rusiya sülhməramlı qüvvələrinin artıq Azərbaycan ərazisində qalması üçün səbəb qalmayıb. Bu ilin sentyabrından sonra keçən müddətdə Qarabağdakı rus sülhməramlılarının say tərkibi xeyli dərəcədə azaldılıb, postlarının çoxu ləğv olunub. Lakin Rusiya üçtərəfli bəyanatda sülhməramlıların 2025-ci ilə qədər qalacağı barədə müddəanı əlində əsas götürür və belə görünür ki, sülhməramlıların müəyyən hissəsini həmin vaxta qədər saxlamaq istəyir. Rusiya öz imicinə görə bunu edir. Hazırda isə Qarabağda Ermənistan silahlı qüvvələri və erməni terror qruplaşmaları qalmadığı üçün Rusiya sülhməramlılarının da orada qalması və fəaliyyəti üçün əsas qalmayıb. Görünür, Rusiya Müdafiə Nazirliyi bu faktı nəzərə alaraq sülhməramlılarını minatəmizləmə işinə cəlb etməklə onlara fəaliyyət subyekti yaratmaq istəyir. Ancaq qeyd etdiyimiz kimi, sülhməramlı kontingentin vəzifəsi, işi mina təmizləmək deyil. Məsələnin digər tərəfi odur ki, minatəmizləmə işinə mütəxəssislər cəlb olunur. Sülhməramlı qüvvələr bu sahə üzrə ixtisaslaşmış qüvvələr deyil”.

Ekspert qeyd etdi ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycana mina təmizləmə işində yardım etmək istəyirsə, sülhməramlılarını tam olaraq bölgədən çıxarsın və mina təmizləyən peşəkar hərbçilər göndərsin. Artıq bəlli səbəblərdən sülhməramlılara heç bir ehtiyac qalmayıb: “Lakin mina problemi hələ qaldığı üçün Azərbaycana minatəmizləmə işində dəstək verilməsinə ehtiyac olduğunu düşünürəm. Bir mühəndis-istehkam taboru Azərbaycanla müqavilə bağlanaraq minatəmizləmə işinə cəlb edilə bilər. Müqavilədə həmin taborun çox da uzun olmayan müddətdə minatəmizləmə işinə cəlb edilməsi və konkret vaxt göstərilməklə Azərbaycan ərazisini tərk edəcəkləri əksini tapmalıdır. İstər Xankəndi, istər digər ətraf ərazilərdə Azərbaycanın hüquq-mühafizə orqanları, təhlükəsizlik qüvvələri xidmət keçir. Artıq o ərazilərdə sülhməramlı qüvvələrin fəaliyyəti üçün zərurət yoxdur. Sülhməramlı kontingentdən minatəmizləyən düzəltmək isə mümkün deyil. Sülhməramlıların postları var. Minatəmizləyən mütəxəssislərdən ibarət tabor üçün isə postlara ehtiyac yoxdur, kazarmalarda yerləşirlər, mina təmizləməkdən başqa heç bir vəzifələri mövcud olmur”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR