İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus siyasətçidən Vardanyanla bağlı iddialı təklif - “Bakı bunu etsə...”

 

Rusiya baş nazirinin keçmiş müavini təklif edir ki, iki xalqın barışığı naminə Vardanyanla anlaşmaya getməyə heç nə mane olmur, Ermənistana göndərilsə, özünü ağıllı aparacaq; Tofiq Abbasov: “Vardanyanın ağlı olsaydı...”

“Fransız silahları Ermənistana kömək etməyəcək. Fransa heç vaxt Ermənistanı Azərbaycan və Türkiyəyə müqavimət göstərəcək həddə silahlandıra bilməyəcək. Bu, nə insan resursları baxımından, nə də maliyyə baxımından mümkündür. Ən azından Ermənistan və Azərbaycanın Ümumi Daxil Məhsulunu müqayisə edin”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Rusiya baş nazirinin keçmiş müavini, hazırda Qazaxıstanda yaşayan siyasətçi Alfred Kox deyib. Onun sözlərinə görə, ermənilər Rusiyanın köməyinə ümid edirdilər, amma məlum olur ki, Rusiya kömək etməyəcək: “Onların başqa yolları yoxdur. Ermənilər qürurlarını özlərinə saxlayıb Türkiyə və Azərbaycanla dost olmalıdırlar. 1945-ci ildə Qərbin Almaniyaya necə qəzəbləndiyini xatırlayın. Amma 1949-cu ildə onu NATO-ya qəbul etdi. Yəni Azərbaycan da, sadəcə, qalib tərəf kimi məğluba qarşı daha ağıllı və təmkinli davranmalı, onu dizindən sındırmamalıdır. O zaman özləri hər şeyi necə lazımdır edəcəklər, çünki ağıl yekunda həmişə qalib gəlməlidir”.

Sözünə davam edən siyasətçi sülh anlaşması ilə bağlı orijinal təklif də verib: “Sizdə Ruben Vardanyan həbsxanada yatır. O, axmaq adam deyil, mən onu çox yaxşı tanıyıram. Bu şərtlərlə o, Ermənistana göndərilməlidir ki, Ermənistanı xilas edə bilsin, çünki bu ölkənin xilası Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdadır, başqa çarələri yoxdur və Amerika Ermənistana kömək etməyəcək”. Ancaq məlumdur ki, R.Vardanyana qarşı separatizm, terrora maliyyə dəstəyi, Azərbaycanın ərazi bütövlüyünə qəsd və s. maddələri ilə ağır ittihamlar irəli sürülüb. “Başa düşürəm. Amma iki xalqın barışığı naminə Vardanyanla anlaşmaya və amnistiyaya getməyə Azərbaycana heç nə mane olmur. Əgər onunla razılığa gəlsəniz, o, özünü ağıllı aparacaq. O, biznes adamıdır və sövdələşməyə hazırdır”, - deyə siyasətçi qeyd edib. Əlbəttə, bu, A.Koxun subyektiv düşüncəsidir. İki xalqın barışığı lazımdır, amma nəyin bahasına? Bütün hallarda rusiyalı siyasətçinin yuxarıdakı fikirləri, görəsən, nə dərəcədə ciddiyə alına bilər?

Üstəlik, Ruben Xankəndidə süləndiyi günlərdə “artsax uğrunda mübarizə”dən danışır, Azərbaycana tabe olmamağa çağırır, hətta əhalini silahlandırmaqdan dəm vururdu. Azərbaycanı silahlı müqavimətlə təhdid edən və terrora çağıran biri necə sülh müqaviləsi imzalamaqda səmimi görünə bilər? Hətta nəzəri olaraq desək ki, Bakı onu əfv edib sərbəst buraxdı, kim Vardanyanın İrəvana gedib hakimiyyəti götürə biləcəyinə və Bakı ilə sülh danışıqları aparacağına zəmanət verir? Bəsit görünür...

Politoloq: “Bütün yalan ittihamların, mifik vədlərin vaxtı ötüb” -  27.09.2021, Sputnik Azərbaycan

Tofiq Abbasov

AzTV-nin İctimai-siyasi proqramlar studiyasının direktoru, politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, Alfred Koxun çıxışı ilə tanış olub: “Amma Vardanyanın ağlı olsaydı, Qarabağa qanunsuz şəkildə gəlməzdi. Başa düşmək olar ki, Kox barış üçün bu fikri irəli sürür. Amma gərək məhkəmə qərar çıxarsın. Azərbaycan məhkməsi nə qərar verəcək, bunu gözləmək lazımdır. Daha sonra onu əfv etmək Prezidentin səlahiyyətində olan məsələdir. Koxun təklifi nəzəri baxımdan vəziyyəti yumşaltmaq üçün səsləndirilib. Amma onu buraxsaq, o zaman deyəcəklər ki, Vardanyan Azərbaycana satılıb və şərtlə çıxıb. Yəni Bakının xeyrinə hansısa addımlar atsın”. T.Abbasov vurğuladı ki, Azərbaycanın siyasəti barışığa, sülhə istiqamətlənib: “İnsanların taleyini düşünmək lazımdır, amma bir dəfə də Ermənistan bunu etsin. Alfred Kox bir az da Ermənistana təkliflər versin. Nə qəfər biz böyüklük, ağayanalıq edəcəyik? Bir az da qoy onlar addım atsınlar. Ümumiyyətlə, Koxu tanıyıram, özü Rusiyadan baş götürüb qaçmış şəxsdir, Qazaxıstanda doğulmuş almanəsilli siyasətçidir, onun fikirlərinə həmişə hörmətlə yanaşıram, amma bu ideyasını Ermənistana da versə yaxşı olar”.

Qeyd edək ki, Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Məhkəmə tərəfindən barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, “Laçın” dövlət sərhədindəki buraxılış məntəqəsində saxlanılıb.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR