İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ordusunun çöküşü bu ay başlayacaq iddiası - Rusiya Consonun istefasına niyə sevinir?

Ekspertlərdən maraqlı rəy və proqnozlar

“Rusiyanın hərbi resursların çatışmazlığı ilə bağlı ciddi problemləri var”. Belə bir açıqlama ilə ukraynalı hərbi ekspert Aleksandr Kovalenko çıxış edib.

Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinin rusların hərbi anbarlarına endirdiyi son zərbələr rusların effektiv və uğurlu hücum əməliyyatları həyata keçirməsinə ciddi təsir göstərir: “Rusiyanın Donbasdakı hücumu artıq səngiyib və cəbhənin bəzi sektorlarında Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçir. Bu, hələ başlanğıcdır. Əminəm ki, artıq iyulun sonu və avqustun əvvəlində biz Rusiyanın işğalçı bölmələrinin həm idarəetmə sisteminin, həm də dəstək sisteminin həqiqi çöküşünü görəcəyik”.

Rusiya ordusunun yorulduğunu Putinin əmri ilə döyüş əməliyyatlarında fasilə elan edilməsi də təsdiqləyir. Rusiya kommunistlərinin lideri Gennadi Züqanov isə Putinə müraciətlə xahiş edib ki, “qələbə naminə” ölkədə səfərbərlik elan edilsin. Putin buna gedəcəkmi?

Bu arada Böyük Britaniyada baş nazir Boris Consonun istefası reallaşıb. Məlumdur ki, Conson Qərb liderləri arasında Putinə qarşı ən sərt mövqe sərgiləyən şəxsdir, faktiki Ukraynaya Qərb hərbi dəstəyinin əsas koordinatorudur. Belə olan surətdə onun istefası Ukraynaya hərbi köməyə mənfi təsir edə bilərmi? Təsadüfi deyil ki, Rusiya hakimiyyətində Consonun istefasına seviniblər (hərçənd yeni baş nazir, partiya sədri seçilənədək - payızadək o, öz postunda qalacaq). Rusların sevincinə əsas varmı? Consonun sələfi onun qədər Rusiyaya qarşı sərt ola biləcəkmi?

Müxalifətin 2022 hədəfləri - partiya sədrləri nələri dedi...

 Rəşad Bayramov

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov son anda Putinin bu sözləri deyə biləcəyinə işarə etdi: “Xatırlayırsınızsa, fevralın 24-də Rusiya Ukraynaya qarşı açıq işğalçılıq savaşına başlayanda, Putin bu müharibəni ”xüsusi əməliyyat" adlandırmışdı və demişdi ki, məqsəd Ukraynanı demilitarizasiya etmək və nasistsizləşdirmək, NATO-nun şərqə doğru genişlənməsinə imkan verməmək, habelə guya Ukrayna hökuməti tərəfindən uzun illərdir “zülmə” məruz qalan Donbas və Luqanskda yaşayan xalqı qorumaqdır. O da qeyd olunurdu ki, bu hədəflərlə bağlı əməliyyat ən uzağı iki həftə ərzində tamamlanacaq.

Ancaq mən o zaman da bildirmişdim ki, Rusiyanı Ukrayna bataqlığına çəkən Qərb nə əməliyyatların tez başa çatmasına, nə də Putinin öz hədəflərinə çatmasına imkan verməyəcək. Belə də oldu, artıq beşinci aydır ki, müharibə davam edir və hər gün yeni silahlarla təchiz edilən Ukrayna da artıq müharibənin ilk həftələrindəki kimi zəif görünmür. Hətta əks-hücum əməliyyatlarını da həyata keçirir. İlkin hədəflərə çatmağın mümkünsüz olduğunu görən Kreml sonrakı mərhələlərdə öz ritorikasını və məqsədlərini dəyişməyə başladı və demilitarizasiya və denasifikasiya kimi anlayışları öz leksikonundan çıxardı. Bu dəfə əsas məqsədin “Donbasın azad edilməsi” olduğunu bəyan etdi.

İndi vəziyyətə baxdıqda görürük ki, hər nə qədər də Ukrayna ərazisinin beşdə biri Rusiyanın işğalı altında olsa da, bu ərazilər elə müharibənin ilk ayında işğal edilən ərazilərdir. Sonrakı müddətdə isə yalnız mövqe dəyişiklikləri baş verir. Hansısa kənd və ya qəsəbə tutulur və qısa vaxt ərzində də geri qaytarılır.

Nəzərə almaq lazımdır ki, Rusiyanın hələ ki müharibəni davam etdirmək üçün maddi imkanları mövcuddur, amma bu da daimi deyil. Hələlik dünya bazarında enerji resurslarındakı qiymət artımı və eləcə də Avropanın qəbul olunmuş sanksiyalara yetərli qədər riayət etməməsi Rusiyaya maliyyə axınını təmin edir. Amma bir müddətdən sonra bununla bağlı da ciddi addımlar atılacaq və nəticə etibarilə Rusiya daha ağır maliyyə problemləri ilə üzləşəcək. Bu addımların anonsları isə artıq verilməkdədir. Belə ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Duqlas Cons iyulun 7-də keçirdiyi brifinqdə ABŞ-ın Rusiyaya qarşı sanksiyalar rejimini genişləndirmək və digər ölkələr tərəfindən ona riayət olunmasına nəzarəti gücləndirmək niyyətində olduğunu bildirib. Bu isə hələ də sanksiyalara riayət etməyən ayrı-ayrı Avropa dövlətlərinin də ciddi şəkildə sanksiyalara əməl etməyə məcbur ediləcəyi anlamına gəlir.

Belə olan halda Rusiya yalnız Çinin dəstəyinə ümid edə bilər. Amma görünən odur ki, Pekin Qərbin sanksiyalarına qoşulmayacağını bəyan etsə də, son aylar Çinlə Rusiya arasındakı ticarət mübadiləsi nəzərəçarpacaq dərəcədə azalıb, əməkdaşlıqla bağlı irimiqyaslı planlar təxirə salınıb. Məsələn, “Xiaomi”, “Huawei”, “Lenovo” və “UnionPay” kimi böyük şirkətlər Rusiya ilə əlaqələrini kəskin şəkildə məhdudlaşdırıblar. “Honor” və “DJI” şirkətləri isə Rusiya bazarını tamamilə tərk ediblər. “Huawei” Rusiyadakı ticarət məntəqələrini bağlamağa başlayıb, çünki anbarlarda məhsul çatışmır, “Lenovo” şirkəti ixracı dondurduğu üçün Rusiyaya idxal edilən noutbukların tədarükü 40 faiz aşağı düşüb, dövlət şirkəti olan “Honor” Rusiyaya yeni məhsul yollamağı dayandırıb və ən nəhayət, Çinin neft və qaz emalı ilə məşğul olan ikinci ən böyük şirkəti “Sinopec” Rusiya ilə əməkdaşlığı durdurub, Çinin “UnionPay” beynəlxalq ödəmə sistemi sanksiya altına düşmüş Rusiya banklarına xidmət göstərməkdən imtina edib. Sadaladıqlarım hələ hamısı deyil, amma bu faktların özü belə iki ölkə arasındakı iqtisadi münasibətlərin heç də hamar olmadığını və bir çox sahələrdə Çinin de-fakto Rusiyaya qarşı sanksiyalara qoşulduğunun bariz sübutudur.

Göründüyü kimi, bu şərtlər altında Rusiyanın öz hədəflərinə çatması mümkün deyil və bunu Putin özü də artıq başa düşür. Müvəqqəti atəşkəslər, geri çəkilmələr, fasilələrin elan olunması da məhz elə bu amillərlə bağlıdır. Rusiyanın hədəflərini dəyişməsi və əsas hədəfin Donbasın azad edilməsi olduğunu deməsi də Putinin müharibənin sonrakı inkişafından narahat olduğu anlamını daşıyır. Putin anlayır ki, Rusiya və Ukrayna qüvvələrinin bir-birini sistemli məhv etməyə çalışması müharibənin bundan sonra da aylar, hətta illərlə davam etməsinə gətirib çıxara bilər. Bu isə Rusiya üçün heç də yaxşı nəticələr vəd etmir. Odur ki, mən son anda Putinin “xüsusi hərbi əməliyyat” artıq öz məqsədlərinə çatıb, belə ki, Donbasdakı separatçılar təhlükəsiz şəkildə müdafiə olunub və Krıma quru dəhlizi açılıb bəyanatını səsləndirməsindən də təəccüblənmərəm. Amma buna hələ xeyli vaxt var.

Sualınızın Böyük Britaniya baş naziri Boris Consonun istefası ilə bağlı hissəsinə gəldikdə isə qeyd etməliyəm ki, mən onun istefasının Rusiya-Ukrayna müharibəsinə böyük ölçüdə təsir göstərəcəyini düşünmürəm. Çünki birincisi Böyük Britaniyada bu ölkənin Ukraynaya dəstəyi ilə bağlı ciddi fikir ayrılığı yoxdur. İkincisi, Consonun getməsi hakimiyyət dəyişikliyi deyil, belə ki, onun payızda baş verəcək istefasından sonra belə hakimiyyət Knservatorlar Partiyasında qalacaq. Yəni başqa sözlə, Boris Consonu yenə də Konservatorlar Partiyasından bir başqası əvəzləyəcək. Bu adamın kim olacağı ilə bağlı isə artıq müəyyən fikirlər var. Böyük ehtimalla Böyük Britaniyanın yeni baş naziri son ana qədər Consonu tək qoymayan və kabinetdən istefa verməyən hazırkı müdafiə naziri Ben Uolles olacaq. “YouGov”un keçirdiyi sorğunun nəticələri də dediklərimizi təsdiqləyir. Belə ki, Mühafizəkarlar Partiyası üzvlərinin böyük əksəriyyəti məhz Uollesi ən layiqli namizəd hesab edirlər. O, sorğunun nəticələrinə görə XİN rəhbəti Elizabet Trass da daxil olmaqla, bütün rəqiblərini xeyli üstələyir. Uolles isə Ukraynaya dəstək məsələsində Conson qədər birmənalı mövqe tutur. Ümumiyyətlə isə Ukraynaya hərtərəfli dəstək Böyük Britaniya Krallığının ümumi xarici siyasət kursu olduğundan baş nazirin kim olmasından asılı olmayaraq, bu kursun davam edəcəyi qənaətindəyəm".

Ruslan İmamquliyev: “Tədris müəssisələrində hərbi dərslərin keyfiyyəti  gücləndirilməlidir”

Alp Arslan İmamqulu 

Tanınmış hərbi ekspert, “M5 Müdafiə və Strategiya jurnalı”nın regional təmsilçisi Alp Arslan İmamqulu bildirdi Rusiya parçalanmağa məhkumdur: “Rusiya Federasiyası Ukraynaya hücum etməklə tam olaraq bataqlığa saplanmış vəziyyətdədir və geriyə yolu yoxdur. Bu bizə 1979-1989-cu illərdə Sovetlər Birliyi ilə Əfqanıstan arasında, əslində isə ABŞ ilə olan assimetrik müharibələri xatırladır. Bu planlaşdırılmış qarşıdurmanın nəticəsi olaraq SSRİ dağıldı. Sovetlər Avrasiyada parçalanmış türk dünyasına alternativ olaraq Çinin qarşısına çıxarılacaq birlik olaraq görülsə də, zamanla Çinin ideoloji olaraq yaxınlığı təhlükələr yaratmağa başladı və 10 illik Əfqanıstan mücadiləsi ilə edilən səhvi qismən düzəltmiş oldu. Amma davamı var idi. Qlobal güclər artıq anlamağa başladılar ki, 2030-cu illərdə ciddi təhdid ola biləcək Çinin qarşısında fiziki olaraq dayanacaq güc Türk Dövlətləri Birliyidir. Çünki Rusiya hələ də Çinlə BRİCS tərkibində müttəfiq olaraq qalmağa davam edəcək. Amma yeni yaranacaq türk həmrəyliyini dəstəkləmək üçün Rusiya tərkibində mövcud olan türk mənşəli xalqların müstəqillik qazanması da bir o qədər strateji əhəmiyyətli idi. Bu səbəblə Rusiya yeni bir Əfqanıstan cəbhəsi bənzəri Ukrayna müharibəsinə sürüklənməli idi. Bu həm də uzun müddətdən bəri zəifləmiş NATO dövlətlərinin həmrəyliyini gücləndirmiş olacaqdı.

Bugünlərdə İngiltərə baş nazirinin istefası başqa bir gündəm olub. Düşünülür ki, bu istefa Ukrayna cəbhəsini zəiflədə bilər. İngiltərə siyasi iradəsi heç bir zaman şəxslərdən asılı olmadı və mövcud dəyişikliklərdən narahat olmağa dəyməz. Narahatlıq deyirəm, çünki Rusiya kimi şovinist dövlətin qələbə qazanmasını istəyən dövlətlər varsa da barmaqla sayılır. Bütün bunları nəzərə alsaq, Rusiya Federasiyası kəsinliklə parçalanmağa məhkumdur və onun siyasi iradəsi gedişatın fərqindədir. Azərbaycan sərhədlərində, Qazaxıstanda, Özbəkistanda həyata keçirilən təxribatlar da bu səbəblədir. Amma artıq gecdir, zamanın hökmü bizdən yanadır. Yeni bir Türk İslam həmrəyliyi dövrü başlayıb".

Təhminə - Kənan Novruzov yazır

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti  Kənan Novruzov isə bu cür düşünür: “Böyük Britaniya kəşfiyyatının proqnozları özünü doğruldur. Hərbi meydanda baş verənlər göstərir ki, doğrudan da, Rusiyanın imkanları tükənir. Həmçinin ”yay aylarında hərbi əməliyyatlarda dönüş olacaq" ehtimalları da artıq öz təsdiqini tapmaqdadır. Düşünmək olar ki,  Ukraynanın xeyrinə olan bu dəyişiklik avqustda daha ciddi müşahidə olunacaq. Rusiya prezidenti Vladimir Putin üçün bu müharibə şərəf məsələsidir. Ona görə də o, uduzmamaq üçün bütün mümkün variantlardan istifadə edəcək. Bunun yaxın vaxtlarda olacağına inanmıram, amma gələcəkdə Belarusun savaşa qoşulacağı istisna deyil. Bütün hallarda fikrimcə, müharibə hələ davam edəcək. Hər halda bu müharibənin “rejissoru” Qərbdir. Və bəzi Avropa dövlətləri məqsədlərinə çatmayanadək- bu barədə fikirlər müxtəlifdir - savaşın bitməsinə imkan verməyəcəklər. Bu mənada Ukraynaya silah təminatının həcminin və intensivliyinin tez-tez dəyişməsi mümkündür. Əslində elə də olur.

Consonun istefasına gəldikdə isə bildirməliyəm ki, onun bu vəzifədən belə asanlıqla gedəcəyinə inanmıram. Kim zəmanət verə bilər ki, bu, Consonun atdığı preventiv addım deyildi? Bəlkə də o, ölkə daxilində durumun daha da mürəkkəbləşəcəyini hiss edib və istefa verib. Amma növbəti seçkilərdə yenə qalib gələ bilər. Hər halda, indi Qərbin Consona ehtiyacı var. Onun ABŞ prezidenti Cozef Bayden, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və digər siyasi liderlərlə münasibətləri məlumdur. Düşünürəm ki, Consonun baş nazir vəzifəsindən getməsi ən azından Bayden və Ərdoğanın maraqlarına uyğun deyil. Doğrudur, Conson Rusiyaya qarşı ən sərt mövqe tutan liderlərdən biridir. O, Ukraynanı dəstəkləyir. Yadınızdadırsa, Kiyevə ilk gedən məhz Conson olmuşdu. Lakin Kremlin Britaniyadakı istefanı bayram kimi qeyd etməsinə ehtiyac yoxdur. Birincisi ona görə ki, Conson payıza kimi hələ bu vəzifəni icra edəcək. İkincisi, o, Ukraynaya dəstəyi davam etdirəcəyini bildirib. Amma əgər Consonun istefası NATO daxilində müharibə ilə bağlı fikir ayrılığının nəticədirsə, onda “işin rəngi” dəyişə bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR