Onlayn ictimai-siyasi qəzet
Bu mövzu Azərbaycanda vaxtaşırı gündəmə gəlir. Məntiqlidir. Çünki müstəqilliyimizi cəmi 34 ildir bərpa etmişik. Onu qazanmaq asan, böyür-başımızda hələ də bizə diş qıcayanlardan, “qarğa-quzğun”lardan qorumaq isə çətindir. Zaman gərəkdir ki, müxtəlif çaplı daxili-xarici düşmənləri müstəqillik və suverenliyimizlə barışdırmağa vadar edək, neytrallaşdıra bilək.
Keçək mətləbə.
ADP sədri Sərdar Cəlaloğlu Əməkdar artist Bəhram Bağırzadəni Rusiyanın “təsir agenti” adlandırıb. Səbəb kimi aktyorun Azərbaycanda rus dilində təhsilin müdafiəçisi qismində çıxış etməsi deyilir. Ədalətlimi?
Əvvəla, Bəhram bəy ölkədə rus dilində təhsillə sırf Rusiyanın burda təbliğatını aparıbsa - yanlış. Yox, seçimlərdən biri kimi rusca təhsili mümkün sayıbsa, onda - normal. Nədən ki, hansı dildə oxuyub attestat, diplom almaq da insan haqqı. Konstitusiyamız, qanun bunu yasaqlamır. Bir şərtlə ki, ən azından dövlət dilimizə sayğı gözlənilsin...
Problem isə ayrı yerdədir. Belə bir deyim var: “uşaq hansı dildə dil açırsa, o millətə məxsusdur”. Razılaşmamaq mümkünsüz. Çünki ana dili qan, gen yaddaşı ilə birbaşa bağlı anlayış.
Amma ana dilinin üstündən bir neçə əlavə dil bilməyin, o dillərdə sərbəst danışmağın qorxusu olmaz. Əksinə, bu fərdin inkişafına kömək edər. Yetər ki, insan öz soy kökünə yetərincə bağlı olsun, sadiq qalsın. Belədirsə, heç bir xarici dil, xarici təsir onu milli kökdən, məhvərdən qopara bilməz.
Cümhuriyyət dönəmində (1918-20) və ərəfədə istiqlal qurucularımızdan çoxu Avropa təhsili almışdı. Hətta bəziləri heç azərbaycancanı mükəmməl bilmirdi. Amma görün gənc dövlətimizin maraqlarını işğalçı və bolşevik Rusiyasından sonadək necə qorudular. Bu yolda həyatlarını, doğmalarını belə qurban verdilər...
Yəni başqa dilləri öyrənmək, o dillərdə danışmaq, onlara hörmət eləmək qəbahət deyil.
Bir şərtlə ki, bu, ana dili hesabına olmasın. Bizdə rusdilli sayt, rusdilli yazarlar var ki, Rusiyaya qarşı bəzi Azərbaycan dilli saytlardan da millətçi və sərt mövqedədir. Rusca təhsil alıblar, fəqət bu, onların milli ruhunu, qan yaddaşını zərrəcə zədələməyib. Ona görə ki, kök, mənbə yerindədir.
Əlbəttə, bir xalqı yox etməyin ən rahat yolu onun dilini əlindən almaqdır. Ancaq biz 200 il Rusiya imperiyasının tərkibində ola-ola, xalq kimi identikliyimizi, dilimizi, dinimizi, adət-ənənəmizi itirməmişiksə, müstəqil Azərbaycanda bu, ümumiyyətlə mümkün deyil. Narahatlığa dəyməz.
Amma arxayınlaşıb “fil qulağı”nda da yatmamalı, bu kimi incə məsələlərdə hər şeyi başlı-başına buraxmamalıyıq. Dövlət, cəmiyyət olaraq və ziyalı kəsimi səviyyəsində maarifləndirmə işlərinə diqqəti artırmalıyıq. Fəqət, “balta” ilı də işləməməliyik - əks-nəticələrə tuş gəlməmək üçün ..
Doğru, rus dili imperiya dili sayılır. Amma və lakin ən təhlükəlisi azərbaycanca səlis danışıb altdan-altdan düşmən dövlətlərə və çevrələrə (İran, erməni dairələri və s.) işləyən daxili xainlər, sapı özümüzdən olan baltalar, dövlətin təməlini qazıyan manqurtlar, Azərbaycan əleyhinə xaricdən maliyyələşən “5-ci kolon”çulardır.
Daha çox onlardan qorxmaq lazım. Dövlət ilk növbədə həmin qrupları ciddi nəzarət altında saxlamalıdır. Yoxsa kiminsə Azərbaycanda rusca orta və ya ali təhsil alması, Rusiyada oxuması hələ heç nə demək deyil. Bəri başdan həmin adamı manqurt kimi damğalamaq da insafsızlıq, hətta haqqa girməkdir. Zira, insan əməlinə görə dəyər alar, tanınar, ictimai hörmətə və ya nifrətə layiq görülər.
Qısası, Azərbaycan üçün rus dili yox, Rusiya təhlükə mənbəyi ola bilər. Ancaq sırf bu təhlükəyə fokuslanıb Azərbaycan dilli xain-satqınları da gozardı etmək olmaz. Əsla olmaz!..
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ