Onlayn ictimai-siyasi qəzet
Ötən gün Tarix muzeyində Bakı sakinlərinin iştirakı ilə “Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan davası” mövzusunda kütləvi mühazirə keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə Əməkdar elm xadimi Solmaz Rüstəmova Tohidi sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, tədbirdən sonra Rəsulzadənin virtual-ev muzeyi üçün yeni fotolar əldə edib.
“Rais bəy Rəsulzadədən başqa şəxsən heç kimi dəvət etməmişdik və tədbirdən sonra məlum olanda ki, qonaqlarımızın arasında Məhəmməd Əmin bəyin digər ailə üzvləri də var və onlar məhz FB-dəki elanı oxuyub gəliblər.
Deyəsən Rais bəyin özü üçün də yaxın qohumlarını – bibisi qızı mərhum Firuzə xanımın övladları və nəvələri ilə bu görüş xoş təsadüf oldu. Yeni tanışlarımızla ayaqüstü söhbətləşdik, şəkillər çəkdirdik, lakin digər qonaqlar çox olduğundan ətraflı ünsiyyət qura bilmədik.
Ertəsi gün isə tədbirin təşkilatçısı Fərhad Hacıyev qonaqlardan birinin onunla əlaqə saxlayıb, Rəsulzadə ailəsindən bir neçə şəkli mənə çatdırmasını xahiş etdiyini bildirdi. Məlum oldu ki, Həsən Məmmədov adlı dinləyicimizdə mənim Rəsulzadə ailəsinə aid slayd-təqdimatımda bəzi şəkillərin olmaması təəccüb doğurub. Etiraf edim ki, göndərilən şəkillərin bir neçəsi, eləcə də məlum bir fotonun açıqlaması mənim özümdə təəccüb deyil, əsil şok yaratdı. Onları ilk dəfə idi görürdüm. Təbii ki, dərhal Həsən bəylə telefon əlaqəsi saxladım, onun M.Ə.Rəsulzadənin böyük qızı Lətifə xanımın ilk övladı, uşaq vaxtı anası və nənəsi ilə birgə Qazaxıstan sürgününün bütün məşəqqətlərini yaşamış Firuzə xanımın oğlu olduğunu öyrəndim, göndərdiyi bəzi şəkillərin nə üçün internet müstəvisində olmadığını soruşdum.
Həsən bəy anasının bu şəkilləri özü ilə bütün Qazaxıstanı dolaşdırıb qoruduğunu, sonra Bakıya gətirdiyini, anasının vəfatından sonra isə onların orijinallarını özündə saxladığını bildirdi.
Musavat.com “Rəsulzadə ev-muzeyi” virtual muzeyinə yeni daxil ediləcək şəkilləri təqdim edir:
Şahanə Rəhimli,
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ