Onlayn ictimai-siyasi qəzet
Dünya Səhiyyə Təşkilatı 2050-ci ilə qədər xərçəng xəstəliyinin hər il 35 milyona çatacağını proqnozlaşdırır.
Xatırladaq ki, 2022-ci ildə 20 milyon yeni xərçəng hadisəsi və 9,7 milyon ölüm olub. Xəstəliyin artmasında əsas amil kimi tütün məhsulları, alkoqol, piylənmə və havanın çirklənməsi göstərilir.
Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov xərçəng xəstəliyinin meydana gəlməsinin başlıca səbəbini yod çatışmazlığında görür:
“Bizim vaxtımızda 45-50 yaşından aşağı adamlarda xərçəng xəstəliyinə demək olar ki, rast gəlinmirdi. İndi isə uşaqlarda belə xərçəng xəstəliyinə təsadüf olunur.
2013-cü ildən 2021-ci ilə qədər ABŞ alimlərinin apardıqları təcrübəyə görə yod çatışmazlığı ucbatından meydana gələn xəstəliklər arasında göz xəstəlikləri, autizm və süd vəzi xərçəngi yüksək pillədə durur. Xərçəngin süd vəzi, prostat, dəri və mədədə yaranan növləri birbaşa yod çatışmazlığı ilə bağlıdır. Dünya əhalisinin üçdə birində yod çatışmır. Yəni 2 milyarddan çox insanda yod əskikliyi özünü göstərir.
2000-ci ildə İsveçrə alimləri yodu ionlaşdırmış şəkildə əldə edə bildilər. Sonralar bütün dünyada bundan istifadə olundu. Xarici ölkələrdə suya yod qatılır”.
Rəşad Mahmudov insanlara yodlu qidalardan istifadə etməyi tövsiyə edib.
“Məsələn, Yaponiyada xərçəngə yoluxan adam çox azdır. Çünki onların qidası yodludur. Yod əsas olaraq suda və dəniz məhsullarında olur. Xərçəngin qarşısını almaq üçün yod qəbul etmək şərtdir. Bu xəstəliyin əmələ gəlməsi ilə bağlı 400 nəzəriyyə var. Bütün nəzəriyyələrdə yodun xərçəng üzərindəki təsirləri öz əksini tapır. İnsanların qanında yodun miqdarı normal dərəcədə olarsa, xərçəngə yoluxma olmaz. Vətəndaşlara mütləq şəkildə yodlu qidalardan istifadə etməyi tövsiyə edirəm”.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ