İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəqabət Məcəlləsi rəqabəti təmin edəcəkmi? - təhlil

Hüquqşünas: “Rəqabət orqanı tam müstəqil olarsa”...

İki gün əvvəl Azərbaycan Milli Məclisində on illərdir qəbulu gözlənilən Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmələr keçirilib. Ölkənin tanınmış müstəqil ekspertlərinin demək olar ki, heç birinin dəvət almadığı dinləmələrdə deputatlar sənədlə bağlı təkliflərini səsləndiriblər. Millət vəkili Vahid Əhmədov bildirib ki, bu məcəllə inhisarçılıqla mübarizə üçün qəbul edilməlidir:

“Bu məcəllə qəbul ediləndən sonra onun işləmə mexanizmi qurulmalıdır. Bu qanunun tam işləməsi bir ilin, iki ilin məsələsi deyil. Rəqabət orqanının tabeçilik prinsipindən çox şey asılıdır. İkinci ciddi məsələ bazar payı ilə bağlıdır. 50 faiz payla bazara hökmran olmaq çoxdur, bu, 30 faizə endirilməlidir. Bazar payının 50 faiz olması haqsız rəqabətdir”.

Vüqar Bayramov: “Nazirlər Kabinetinin Qərarı sahibkarlar üçün prosedurları  asanlaşdırır”

Vüqar Bayramov 

Digər millət vəkili Vüqar Bayramov da hökmran mövqe faizini məqbul saymayıb. Bildirib ki, Azərbaycan bazarında sahibkarın hökmran mövqeyi üçün tətbiq edilən faizin Avropa İttifaqındakı faizə uyğunlaşdırılmasına və müddətli reqressiv yanaşmanın nəzərə alınmasına ehtiyac var: “Yeni Rəqabət Məcəlləsində sahibkar bazarda 50 faiz paya sahib olursa, bu, hökmran mövqe hesab edilir. Düşünürəm ki, bu,  kifayət qədər böyük rəqəmdir. Avropa İttifaqında bu göstərici 40 faizdir. Bu gün inkişaf etmiş ölkələrdə bu məsələni tənzimləyən hüquqi aktlarda həm də reqressiv yanaşma var. Məsələn, sahibkar 30 faiz bazar payına sahibdirsə və uzun müddət bu mövqedə qalırsa, bu da hökmran mövqeyə sahib olmaq deməkdir. Bu gün Avropadakı qanunların fəlsəfəsi məhz zaman aspektindən hökmran mövqeyin qiymətləndirilməsidir".

Milli Məclisin komitə sədri Tahir Mirkişili isə deyib ki, rəqabət qanunvericiliyinin əsas məqsədi hansısa şirkətin bazarda qazandığı 60 faiz payı endirmək deyil: “Bəlkə də bəzi şirkətlərin bazarda 50 faiz payının olması dövlətin xeyrinədir. Bu qanun 50 faiz paya sahib olanların qanunsuzluqlara yol verməsinə mane olmaqla bağlıdır. Sanksiyalarla bunun da qarşısı alınacaq”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məhəmməd Abbasbəyli bildirir ki, bu gün Azərbaycanda mövcud olan qanunlar 90-cı illərdə qəbul edilib və “bugünkü iqtisadi inkişaf yeni yanaşmaların təsbit olunmasını labüd edir”. O bildirib ki, Rəqabət Məcəlləsinin əsas üstünlüklərindən biri bazarın sərhədinin dəqiq müəyyən edilməsidir: “Bu məcəllə qəbul ediləndən sonra rəqabət qanunvericiliyinin tətbiq dairəsi genişləndiriləcək. Artıq rəqabət aparmamaq öhdəliyi qadağan ediləcək. Bu daha çox satınalmalarda rast gəlinən haldır. Eyni zamanda qiymət əsaslı sui-istifadə meyarları tətbiq edilə biləcək”.

M.Abbasbəyli qeyd edib ki, eyni sahibkarlıq subyektlərini qohumluq yolu ilə fərqli qohumlar idarə edirlər. Ümumiyyətlə, onun sözlərinə görə, Rəqabət Məcəlləsinin əsas üstünlükləri 9 bölmə olaraq ayrılıb. Xidmət rəhbəri bildirib ki, bunlardan biri bazar sərhədinin dəqiq müəyyən edilməsidir: "Digər məsələ təsərrüfat subyektlərinə nəzarət sahəsində qeyri-formal münasibətlərin hüquqi müstəviyə keçirilməsidir. Bu gün müxtəlif bazar subyektıləri var ki, ya sahibliyi dolayısıyla eynidir, ya da qohumluq əlaqələri əsasında eyni sahibkarlıq subyektlərini fərqli insanlar idarə edir. Bu vaxta qədər qanunvericilikdə bununla bağlı tənzimləmə yox idi. Amma yeni qanunvericiliklə olacaq. Məcəllənin qəbulundan sonra bu inhisarçılıq aradan qalxacaq. Bazar subyektləri tərəfindən bugünkü qanunvericilikdə rəqabət pozulduqda cəriməni dövlət büdcəsinə ödənməsi tələbi var. Yeni məcəllənin qəbulundan sonra isə hüquqları pozulan bazar subyektinin də öz haqqını alması imkanı yaranacaq. Bugünkü qanunlardan fərqli olaraq, məsuliyyət tədbirləri çeşidlənəcək. Cəzanın çəkindirici məqsədə nail olması əsas prinsip olacaq. Vəzifəli şəxslər üçün əlavə maliyyə sanksiyaları tətbiq ediləcək. Maliyyə sanksiyaları və cərimələrin əsas məqsədi dövlət büdcəsini doldurmaq yox, gələcəkdə bu cür qanun pozuntularından çəkindirmək prinsipi olacaq".

Əkrəm Həsənov: “Ziddiyyətli məhkəmə qərarlarını nəzərə alaraq süni  intellektli məhkəmə “error” verəcək” - pia.az

Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov bildirir ki, Rəqabət Məcəlləsinin nəhayət ki, Milli Məclisə çatması, onun parlamentin saytında yerləşdirilməsi müsbət haldır: “Belə layihələri qısa müddətdə tam qiymətləndirmə etmək qeyri-mümkündür. Xarici ölkələrdə belə layihələr ictimai çevrələrdə illərlə müzakirə olunur. Məsələn, Almaniyada Mülki Məcəllə 20 il ictimai müzakirələrdə olub. Yəni belə böyük və həssas sahəyə aid sənədlərin müzakirəsi uzunmüddətli və ictimai açıq şəkildə aparılmalıdır. Bizdə isə böyük ehtimalla, Milli Məclisin payız sessiyasında ən azı 2 oxunuşdan keçəcək. Mən hüquqşünasam, amma qətiyyən deyəmmərəm ki, oxudum və ilk dəfədən tam başa düşdüm. Görünən budur ki, layihə uzun müddətə hazırlanıb və orada çoxsaylı diqqət yetiriləcək məqamlar var. Sənəd təkmil və anlaşıqlı dildə yazılıb, xarici təcrübələrin nəzərə alındığı hiss olunur. Belə deyək ki, ilk baxışdan sistemli bir sənəd görüntüsü yaradır. Lakin bu görüntünün nə qədər doğru olduğunu müəyyən etmək üçün müzakirələrin aparılması, bizim suallarımızın cavablandırılması lazımdır”.

Ekspert bildirir ki, Rəqabət Məcəlləsinin əsas məqsədi ölkədə sağlam rəqabət mühitinin formalaşdırılması olmalıdır: “Ölkədə azad sahibkarlığa, sağlam rəqabətə imkan verilməlidir. Sahibkarların mülkiyyət hüququ qorunmalıdır, çünki sağlam mühitin başlanğıcı mülkiyyət hüququnun nə qədər qorunmasına söykənir. Bunlar olmalıdır ki, ölkəyə özəl investisiyalar gəlsin. Doğrudur, bunun hamısı Rəqabət Məcəlləsinin qəbulu ilə təmin olunmayacaq. Lakin inhisarçılığa qarşı mübarizədə əsas məqam məhz bu məcəllə ilə bağlıdır: mövcud qanunlar köhnəlib, indiki dövrün tələblərinə uyğun deyil. Bu baxımdan, Rəqabət Məcəlləsi təkmildir. Daha bir mühüm məsələ qəbul ediləcək məcəllənin necə icra olunmasıdır. Ən təkmil qanun belə icra olunmadıqda, lazımsız sənədə çevrilir. Məcəllənin və eləcə də digər qanunların icrası məhkəmə sisteminin fəaliyyətinin keyfiyyətindən birbaşa asılıdır: əgər sahibkar məcəllə ilə təsbit olunmuş hüquqlarının pozulması halında onu məhkəmə yolu ilə bərpa edə bilməyəcəksə, onda o sənədin heç bir təsir gücü olmayacaq. Bu baxımdan, məhkəmə-hüquq sistemində əsaslı islahatlar son dərəcə zəruridir. Digər tərəfdən, Rəqabət Məcəlləsinin təsirli olması üçün bir sıra digər qanunların, hüquqi mexanizmlərin də işləməsi lazımdır. Azərbaycanda inhisarçılığı kim yaradır - əsasən məmurlar. Əgər məmurların gəlir bəyannaməsi verməsi mexanizmi işləməyəcəksə, onun inhisarçı biznesi ilə əlaqəsini müəyyən etmək də çətin olacaq. Bu sahədə qanun 2005-ci ildən var, Nazirlər Kabineti hələ də bəyannamə formasını hazırlaya bilməyib. Digər mühüm bir məsələ kommersiya hüquqi şəxslərin və daşınmaz əmlak dövlət reyestrlərinin qapalılığıdır. Biz haradan biləcəyik ki, hansısa şirkətin sahibi kimdir, onlar bir-birinə necə bağlıdır, kimlərin harada daşınmaz əmlakı var? Rəqabət Məcəlləsi layihəsinə əsasən belə məlumatlar rəqabət orqanı üçün açıq olacaq. Belə bir orqan xüsusi olaraq yaradılacaq. Lakin bu, dövlət orqanı olacaq və onun ictimai nəzarəti təmin etmək səlahiyyəti olmayacaq. Hazırda rəqabət orqanı kimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti çıxış edir. Əgər məcəllədə nəzərdə tutulan orqan bu xidmət olacaqsa, onda hansısa keyfiyyət dəyişikliyini gözləmək mümkün deyil. Çünki bu xidmət İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyi isə çox geniş səlahiyyətlərə malik qurumdur. Bu nazirlik əksər iri dövlət şirkətlərini - əsasən də təbii inhisarçıları idarə edir. İri dövlət şirkətlərinin satınalmalarında isə inhisarçılıq baş alıb gedir. Satınalmalara nəzarət isə yenə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindədir. Bundan əlavə, kommersiya hüquqi şəxslərin və daşınmaz əmlakın dövlət reyestri də bu nazirliyin tabeliyindədir. Bütün bu funksiyaların bir qurumda cəmləşdiyi bir şəraitdə rəqabəti təmin edəcək qurumun da ona tabe olaraq fəaliyyət göstərməsi, fikrimcə, gözlənilən nəticəni əldə etməyə imkan verməyəcək. Bu gün Azərbaycanda özəl şirkətlərin əsas gəlir yeri dövlət sifarişləridir. Yəni əsas sifarişçi dövlətdir. Dövlət sifarişlərində sağlam rəqabətin təmin olunması üçün rəqabət orqanının tam müstəqil olması son dərəcə vacibdir. Bütün dünyada rəqabətə nəzarət orqanı müstəqil fəaliyyət göstərir və ictimai nəzarəti də tam təmin edir. Ümid edirəm ki, Azərbaycanda da bu orqan tam müstəqil olacaq, eyni zamanda öz fəaliyyətində ictimai nəzarətin rolunu doğru qiymətləndirəcək”.

Xatırladaq ki, 2006-cı ildə də Azərbaycanda Rəqabət Məcəlləsi layihəsi hazırlanaraq Milli Məclisdə iki oxunuşda müzakirə və qəbul edilib. Lakin layihənin üçüncü oxunuşda müzakirəsi və qəbulu indiyədək baş tutmayıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR