İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəisi Bayramovla görüşdə İsrail-Azərbaycan münasibətləri haqda nə deyib?

“Turan”ın yaydığı məlumat rəsmi xəbərlərdən fərqlənir

Oktyabrın 23-də  İran prezidenti İbrahim Rəisinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdiyi haqda xəbər vermişdik. İran prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, regiondakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

İ.Rəisi bildirib ki, dost, qardaş və qonşu ölkə Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi İranın xarici siyasətinin prioritetlərindən biridir: “İran bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır. Biz məsələlərin və problemlərin ölkələr arasında qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarıyıq”.

Ceyhun Bayramov İran Prezidenti ilə GÖRÜŞDÜ | KONKRET

C.Bayramov isə öz növbəsində Azərbaycanın İranla əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb.

Azərbaycan XİN-in rəsmi məlumatda isə deyilir ki, iki ölkə arasında son aylarda keçirilmiş görüşlər və ikitərəfli iqtisadi komissiya çərçivəsində təmaslar, bir sıra istiqamətlərdə artan əməkdaşlıq dinamikası məmnunluqla qeyd olunub, yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

 Görüşdə nazir Ceyhun Bayramov 24 saatlıq antiterror tədbirlərindən sonra Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etdiyi, sülh gündəliyi üzrə atılan addımlar barədə qarşı tərəfi məlumatlandıraraq bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasında, regiona davamlı sülhün gətirilməsində, habelə regional əməkdaşlığın təşviqində  ölkəmizin qərarlılığını bir daha diqqətə çatdırıb.

“Turan”ın bu görüş barədə yaydığı məlumat isə fərqlənir. Sitat: “İranın indiki rəhbəri Rəisi diplomatik etikadan ən uzaq adamlardan biri olduğunu bir daha təsdiqləyib. Azərbaycanın Xarici İşlər Nazirliyinin rəhbərini qəbul edərkən bir daha rəsmi Bakıya tamamilə yolverilməz formada nəsihət verməyə başlayıb. "Daha öncə mən İlham Əliyevə demişdim ki, sionist rejim sizin və ya hər hansı müsəlman ölkəsinin dostu  olmayacaq. Qəzza zolağındakı vəziyyət regionun bütün ölkələri üçün bir işarədir ki, onlar görsünlər ki, Amerika və Qərb region ölkələrinə rəğbət bəsləmir, sadəcə, regionda öz irqçi maraqlarını güdür", - Rəisi deyib.

“Bu, ilk dəfə deyil ki, antixalq Tehran rejiminə etiraz edən minlərlə iranlının qanına əli batmış keçmiş prokuror Azərbaycana ağıl öyrətməkdə özünü haqlı sayır. Rəisi bilməlidir ki, Azərbaycan öz dostunun da, düşməninin də kim olduğunu yaxşı bilir”, - deyə “Turan” bildirib.

“Turan”ın Rəisidən gətirdiyi sitatın mənbəyi göstərilmir.  

Qeyd edək ki, İranın paytaxtı Tehranda 3+3 formatında xarici işlər nazirlərinin görüşü keçirilib. Toplantıda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib. Tehranda 3+3 formatında danışıqların yekunu üzrə xarici işlər nazirləri münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.

Bu barədə Tehranda keçirilən 3+3 əməkdaşlıq platformasının görüşünün nəticələrinə dair birgə bəyanatda deyilir.

Birgə bəyanatda xarici işlər nazirləri münaqişələrin BMT Nizamnaməsi əsasında sülh yolu ilə həlli, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hörmət, tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək, təhdid və ya güc tətbiqinin qadağan edilməsi və insan haqlarına hörmətlə yanaşmağın vacibliyini vurğulayıblar.

“Ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, nazirlər münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər”, - bəyanatda bildirilir.

Sənəddə həmçinin regionun ən mühüm məsələləri müzakirə edilib, ölkələr arasında konstruktiv dialoq imkanlarının yaradılması və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında “3+3" Məşvərətçi Regional Platforması kimi platformaların əhəmiyyəti qeyd olunub.

Bəyanat İran, Ermənistan, Azərbaycan, Rusiya və Türkiyənin xarici işlər nazirləri adından dərc olunub.

Orxan ƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR