Onlayn ictimai-siyasi qəzet
“Yerdən göyə küp düzsələr, bir-birinə bənd etsələr, altdan birini çəksələr, gəl, onda gupbultuya bax”
(Azərbaycan ata sözü)
İnanılmaz hadisə olub: Bakıda məktəbli çantasından dərslik, qələm-dəftər çıxıb. Zarafat eləmirəm. Xəbər lentində gördüm. Hansısa dayanacaqda yiyəsiz, şübhəli çanta müşahidə edilib. Fövqəladə hallar idarəsinə zəng vurublar, bomba axtarış qrupu, iti-pişiyi ilə birgə, hadisə yerinə gəlmiş, çantanı ələk-vələk etmişlər və köhnə vaxtlarda deyilən kimi, xoşbəxtlikdən, insan tələfatı olmamışdır. Çantadan yalnız dəftər-kitab, elm və təhsilə lazım olan vəsaitlər aşkar edilib götürülmüşdür.
İndi qalır həmin çantanı yolun ortasında tullayıb gedən avara şagirdi tapıb qulağını dartmaq. Əslində qulağını çəkə də bilmərik, hazırda bunlar hamısı qadağandır. Doğrusu, indiki müəllim və valideynlərin, o cümlədən hökumətin yerində olmaq istəməzdim. Çox çətindir. Uşaq qələt edəndə cəzalandıra bilmirlər. Heyf deyildi bizim vaxtlar... Müəllimlər əlimizə qızmış maşa ilə dağ çəkir, belimizə odunla döyür, tabaşirli əskini yedizdirir, yaxşı oxumayanda bəzən üzümüzə tüpürürdülər. Mən 1-ci sinifə gedəndə 25 uşaq idik, son sinifi yalnız 5 nəfər bitirdik. Gözəl günlər idi, Allah Qorbaçovun evini yıxsın.
Yeri gəlmişkən, bayaq ifadəni yazanda ağlıma gəldi, bizdə heç çoxdandır “xoşbəxtlikdən” də kimsə ölmür. Ölən bədbəxtlikdən ölür. Yaxşı olar əlaqədar orqanlar bu məsələ üzərində fikirləşsinlər, yenə xoşbəxtlikdən tələfat olmasın.
Şagirdin yiyəsiz çantasından təhlükəli maddələr çıxması mümkün idi. Ən azı bıçaq ola bilərdi. Bəzi uşaqlar məktəbə mobil cihazları aparmaq üçün köhnə dərslik əldə edir, onun içində vərəqləri cihaz ölçüsündə kəsir və gizli yolla qurğunu sinifə aparırlar. Bunu canlı görmüşəm. Heyrətamiz nəsil yetişir. Fəxr ediləsi uşaqlardır. Sanki həbsxanadan qaçmağa hazırlaşırlar. Bəziləri NASA-da işləməyə layiqdir. İlon Mask o ağıl və qanacaqla Marsı fəth etməyə hazırlaşırsa, dünyada hər şey mümkündür. Hay-küy bəs edir. Bunu dədə-babalarımız çoxdan kəşf ediblər: “Ağıllı fikirləşincə, dəli vurdu çayı keçdi”.
Göydən söz düşmüşkən, deyirlər, yenə təzə bir asteroid peyda olub, 2032-ci ildə planetimizin təpəsinə düşmək ehtimalı varmış (yəni göydən təkcə söz düşmür). Vaxtaşırı belə daşlar kosmosda fırlanır. Hazırkı daşın ehtimalı 1 faizə yaxın imiş. Bəlkə ehtimal çox olsa, heç qorxmazdıq, çünki qədim xalq inancımıza görə, göydən milyon dənə yaxşı şey tökülsə, biri bizə qismət olmur, cəmi bir dənə pis zad düşsə, mütləq bizə tuş gəlməlidir. Maraqlı inancdır. Təklif edirəm AMEA-da bu ehtimal nəzəriyyəsinin tarixi kökləri araşdırılsın.
Sözgəlişi, bizdə bir şair bunu çoxdan analiz edib, “Göy üzü daş saxlamaz” misrasını yazmışdır. Yaxşı olar, ona üçüncü dəfə xalq şairi adı verilsin. Şairlər arasında fərq qoyulmalıdır. Əks halda, vaxtaşırı dava düşür, hansı şair daha çox satqındır, hansı yaltaqdır, hansı ölməliydi və sair kimi poetik-romantik, sentimental-lirik mövzular dartışılır.
Hələlik 2032-ci ilə 7 il qalır. Yaşamaq üçün vaxtımız vardır. Asteroidi layiqincə qarşılamaq tədbirləri üçün də həmçinin. Düşünürəm ki, dövlət büdcəsində asteroidi havada vurmağa vəsaitin ayrılması lazımdır. Bələdiyyədə daşın düşməsi yerləri, asteroidin müasir işıq dirəkləri və skameykalarla təchizi, regional asteroid proqramları, meteoritlərin və bolidlərin (bunlar asteroid havaya girəndə qopan hissələridir) dövlət proqramları hazırlanmalı, başına daş düşən şəxslərin ailə üzvləri ünvanlı asteroid proqramlarıyla əhatə edilməlidir.
Vaxt var, deputat Erkin müəllim demişkən, tələsəcək yerimiz yoxdur, lakin görüləsi iş də çoxdur. Hamımızı məsuliyyətli (2 y hərfi ilə) olmağa çağırıram. Çantasını dayanacağa fırıldadıb sülənməyə gedən bəzi burnufırtıqlı şagirdlərin də məsuliyyət hissi olmalıdır.
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ