İnsanlara hürriyət, millətlərə istiqlal!

Regiona təhdid Ermənistan- tarix boyu maşalıq edən dalan dövlətinin indiki məqsədi nədir?

12-13 sentyabr tarixində Ermənistanın növbəti təxribatları nəticəsində sərhəddə baş verənlər artıq hər kəsə məlumdur. 71 şəhidlə canımız yandı. Şübhəsiz ki, ordumuzun düşmənə vurduğu zərbə, qarşı tərəfin verdiyi itkilər daha böyükdür. Bəs Ermənistanın bu kimi təxribatları təkcə bizə qarşımı təhdiddir?

Tarixə nəzər salsaq görərik ki, uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilib.

İndi də dəyişən bir şey yoxdur. Dəyişən sadəcə olaraq bu xalqın başında duranlardır. Yenə də Ermənistan regiona təhdiddir və indi də Paşinyanın başçılığı ilə erməni xalqı özü-özünə balta çalır.

Paşinyan Bakının Zəngəzur dəhlizi haqqında bəyanatlarını "qəribə"  adlandırıb - BBC News Azərbaycanca


Sözsüz ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Zəfəri, tarixi torpaqlarını düşməndən azad etməsi Ermənistanı daha da çıxılmaz vəziyyətə salıb, ölkədə siyasi, sosial-iqtisadi böhran ən yüksək səviyyəyə çatıb. Lakin bu münaqişənin tarixi heç də 2020-ci ildən və ya ondan bir neçə il öncədən başlamır. Ermənilər regionda hər zaman Azərbaycana qarşı düşmən mövqeyində olublar. Ermənilərin 20-ci əsrin əvvəllərində törətdikləri insanlığa sığmayan qırğınlar dünyanın insan haqlarını qoruyan təşkilatlarına çoxdan məlumdur. Baxmayaraq ki, onlar hər zaman susurlar...

Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər.

Ermənilərin 1905-1906-cı illərdə törətdikləri soyqırım siyasəti |  IRAVAN-2018

1988-ci ildə ermənilər Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatlara başladılar. Bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələndi.

Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) qopardılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçdi.

Zori Balayanın etirafı

Erməni şovinisti Z.Balayanın 1981-ci ildə erməni dilində İrəvanda, 1984-cü ildə rus dilində Moskvada çap edilmiş “Ocaq” kitabında Azərbaycana qarşı əsassız ərazi iddialarının irəli sürülməsi, 1987-ci ilin noyabrında Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun müşaviri Abel Aqanbekyanın Parisdə “L’Humanité” qəzetinə müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsini dəstəkləməsi, 1987-ci ilin payızında İrəvanda təşkil edilmiş mitinqlərdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı zorakılığa çağırışlar, ərazi iddiaları bu fəaliyyətin tərkib hissələri olub və artıq tarixi həqiqətlərdir. Bunlar ermənilərin mahiyyətini ortaya qoyur və heç bir halda haqlı olmağa qoymur. Tarixi bu cür xarab xalqın gələcəyi də heç zaman düz gətirmir, islah olmurlar, olmaq istəmirlər.

1987-ci ilin sonlarından Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlayıb. 1988-1989-cu illərdə Ermənistanın başqa rayonlarında (Amasiya, Ararat, İcevan, Yeğeqnadzor, Meğri, Sisyan, Gorus, Qukark, Vardenis, Masis, Əzizbəyov, Artaşat, Hoktemberyan, Noyemberyan və s.) və şəhərlərində (Yerevan, Kirovakan, Hrazdan, Stepanavan, Spitak, Cermuk, Gümrü və s.) yaşayan azərbaycanlıların da aqibəti eyni olub. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığı qarşısında öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınıblar.



Təbii ki, o zaman da ermənilər bütün bunları öz gücləri ilə etməyiblər. Yenə də maşa rolunu oynayıblar. Ancaq prosesin iştirakçısı, günahkarı olublar. 1990-cı illərdə də azərbaycanlılara qarşı Xocalı soyqırımı kimi faciə yaşadıblar. Bu tarixi faktları ona görə xatırladırıq ki, indi Azərbaycanı qınayan, müharibənin guya əleyhinə olduğunu deyən təşkilatlar, şəxslər həmin hadisələrə göz yumurlar. 2020-ci ilin Vətən müharibəsində və ötən günlərdə Azərbaycan Ordusunun düşmənə verdiyi dərs erməninin yuxarıda qeyd etdiyimiz illərdəki təxribatçı, insanlığa sığmayan davranışlarından ona görə fərqlənir ki, Azərbaycan heç zaman sivilə, silahsıza və ən əsası, ona qarşı ərazi iddiasında olmayana güllə atmayıb, qəsd etməyib. Azərbaycan lap bu gün Ermənistana da hücum eləsə haqlı səbəbləri var. Ermənistanın mövcud olduğu torpaqlar da elə Azərbaycanın əzəli torpaqlarıdır. Bunu yuxarıdakı faktlar da sübut edir.

Bəs bütün bunları bilən Ermənistanın indiki məqsədi nədir?

Bir zamanlar sərxoşluq edib Şuşada yallı gedərək, “Qarabağ Ermənistandır, nöqtə” deyib sərsəmləyərək Azərbaycanın səbrini daşıran Paşinyan bu dəfə də Vladivostokda keçirilən forumda çıxış edərkən yeni hərbi qarşıdurma iddiası səsləndirdi. 12 sentyabr da bunun nəticəsidir. Guya Azərbaycana hücum edib, ərazimizi işğal edib, xalqları qarşısında nüfuzlarını bərpa edəcəkdilər. Alınmadı, alınmayacaq...

Ancaq sentyabra qədər erməni dayanmayıb ki. 2020-ci il Vətən müharibəsində biabırçı məğlubiyyətdən sonra yenə dərs almayan Ermənistan dərhal da revanşa hazırlaşdı. Müharibə dövründə Azərbaycanı durdurmaq üçün yalvardığı dövlət başçılarına müharibədən sonra silah almaq üçün üz tutdu. Birinci istəyinə nail ola bilməsə də, ikinci istəyinə görünür nail olub. Son döyüşlərdə Ermənistanın məruz qaldığı itkilər - xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu bunu deməyə əsas verir. Ancaq indi onlar da yoxdur, Azərbaycan ordusu tərəfindən dağıdılıb. Bəs bunlar bu dalan dövlətini idarə edənlərə dərs olacaqmı? Onlar sakit oturub, Azərbaycanın şərtləri ilə razılaşıb ağ günə çıxacaqlarmı, yoxsa yenə də özlərini intihara çəkəcəklər? Bütün bunları gələcək zaman göstərəcək. Gələcək zamandan öncə keçmiş zaman isə deyir ki, erməni heç zaman ağıllanan deyil. Onun başında hər zaman “dəmir yumruq” dayanmalıdır ki, həddini aşmasın. “Dəmir yumruq” isə yerindədir, 2020-ci ildə olduğundan da güclü...

Əli Rais,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR