İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: “Belə çıxmasın ki, mən bütövlükdə nazirliyi hədəf alıram”

“Cənab Prezidentin işğaldan azad olunan ərazilərə Böyük Qayıdışa dair dövlət proqramını təsdiq etməsi ölkəmiz üçün böyük hadisədir. Cənab Prezidentin bu addımını yüksək qiymətləndirir və təşəkkür edirəm. Prezidentin təsdiq etdiyi proqram bütün qaçqınlarda qayıdış üçün ümid yaratdı və dünyaya bir daha Qarabağın Azərbaycan olduğunu dedi. Var olun, cənab Prezident!”

Deputat Razi Nurullayev bu fikirləri Milli Məcliadəki çıxışında söylədi. Hökumət nümayəndələrinin də geniş iştirakını nəzərə alan deputat bir neçə vacib məsələyə diqqət çəkdi: “Ünvanlı dövlət sosial yardımı üçün əmək haqqı barədə arayış tələb edilir. Elə ailə var ki, kömək edən olmasa acından ölər. O necə və hansı yolla arayış gətirsin? Büdcədə bu məqsəd üçün nəzərdə tutulan vəsaitlərin bu insanlara çatacağı ciddi şübhə altındadır. Burada bir neçə incə məqam var. Kritik kasıblıq həddində olan ailə yardım ala bilmir, az-çox imkanı olanlar isə alır. Səbəb ehtiyacı olanın yalançı arayış almaq imkanının olmaması, o birilərinin isə dost-tanışdan arayış ala bilməsidir. Kasıbın ətrafı və dost-tanışı da olmur axı, cənab hökumət nümayəndələri. Ona görə də vətəndaşlar deyəndə ki, ünvanlı sosial yardımı da az-çox imkanlılar alır, düz deyir. Çıxış yolu, müraciət edən ailə haqqında müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışdır. Daha adına torpaq var, keçən əsrin 70-ci illərindən qalma avtomobil var kimi məsələlər gündəmdən gərək çıxsın. Icra hakimiyyəti orqanının yerlərdəki nümayəndələri hər bir kəsi fərdi olaraq tanıyır və hər biri canlı arxivdir”.

R.Nurullayev dedi ki, bu məsələ ilə bağlı ikinci ən böyük problem də var: “Məşğulluq mərkəzlərinin fəaliyyəti qənaətbəxş deyil. Bu məqsədlə ayrılmış vəsaitlərin də rasional xərcələnəcəyi mənim üçün ciddi şübhə doğurur. Aidiyyatı üzrə göndərdikləri iş yerlərinin 95%-də vakansiya az qala iki aydır ki, tutulmuş olur. Amma, müsbət həll olundu kimi qarşısına “üstəgəl” işarəsi qoyulur və o vətəndaşın evi yıxılır. Çünki, bu yalançı “üstəgəl” işarəsi onun bütün instansiyalara qapısını bağlayır. Belə çıxır ki, dövlət idarələri, özəl şirkətlər, digər qurumlar bir-birini aldatmaqla məşğuldur? Bizə isə yalan rəqəmlər yox, narazı insanların sayını azaldacaq real nəticələr lazımdır. Özünüməşğulluq xidməti də özünü doğrultmur. Özünəmüşğulluq yardım deyil, biznes fəaliyyətidir. Komissiya yaradılmasını təklif edirəm. Qoy millət vəkillərinin də təmsil olunduğu komissiya bir monitorinq və sorğu aparsın. Görək bu rəqəmlər nə qədər həqiqətdir? Bu komissiya da Agentliyin işinin rasionallaşdırılması üçün tövsiyələrini versin. Apardığım monitorinq həm də aşkara çıxarıb ki, real özünüməşğulluğa layiq olanlar kənarda qalır. Necə ola bilər ki, üç il gözləyəsən və sənə cavab verilməsin? Bu hansı məntiqə söykənən yanaşmadır? Məşğulluq agentliyi və idarələrinin yarıtmaz əməli nəticəsində narazı insanların sayı çoxalır. Hətta təmin edilən insan belə narazıdır. 1000 nəfər özünüməşğulluğa cəlb edilən, o cümlədən işlə təmin edilən vətəndaşı götürək və görəcəyik ki, başdan yuxarı narazıdır. Niyə? Bu “niyə”lər o qədər çoxdur ki, hamısını desəm mənə ayrılan 5 dəqiqə yox, beş saat da danışsam bitməz. Belə çıxmasın ki, mən bütövlküdə nazirliyi hədəf alıram. Əsla, nazirliklə iş birliyimiz yüksək səviyyədədir və digər qurumları ilə bərabər xeyli haqlı narazı insanların problemlərini həll edə bilirik. Əslində, digər dövlət qurumları ilə bağlı da xeyli narazılıq doğuran məsələləri deyəcəkdim, son anda fikrimi dəyişdim. Çünki, məqsədim ayrı-ayrı dövlət qurumlarını və şəxsləri hədəfə almaq deyil, ölkə vətəndaşlarının ölkəmizdən məmnun olmasını istəyirəm”.

R.Nurullayev ardınca deputatı olduğu İmişli ilə bağlı iki məsələni nəzərə çatdırdı və kömək istədi: “İmişlidə poliklinika binasının ya təmir olunması, ya da yenidən tikilməsi vacibdir. Poliklinika və xəstəxana bir yerdə fəaliyyət göstərir və çox ağır vəziyyət yaranıb. Poliklinika var, amma ixtisaslı bina deyil, ya gərək təmir edilsin, yaxşı olar ki, yenidən tikilsin, böyük həyəti də var.

İmişlidə yerləşən vərəm dispanseri də uçuq və dağılmış vəziyyətdədir. Vərəm dispanserinin də təmir olunması çox vacibdir. Kənardan İran İslam Respublikasının qədim Azərbaycan şəhəri olan Qafanda açdığı konsulluq binasına oxşayır. Onu təmir edək və oxşarlığı aradan qaldıraq. İmişli xəstəxanasının isə lazımi tibbi avadanlıqlarla təminatını isə İcbari tibbi sığorta agentliyi və TƏBİB rəhəbərliyi ilə müzakirə etmişəm və inanıram ki, bu sahədə köməklik göstərəcəklər”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR