Onlayn ictimai-siyasi qəzet
“Rayonlardakı ali təhsil müəssisələrini seçən abituriyentlər, adətən, daha aşağı balla universitetə qəbul olunanlar olur".
Bunu “Yeni Sabah”a təhsil eksperti Cahid İmanlı deyib.
O, Dövlət İmtahan Mərkəzinin (DİM) 2024-2025-ci tədris ili üzrə dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul olunanlara dair statistikanı şərh edib. Həmin statistikaya əsasən, tələbələrin 82.24%-i (22.769 nəfər) Bakıdakı universitetlərə və yalnız 17.76%-i (4.918 nəfər) regionlardakı ali məktəblərə üz tutub.
Müqayisə üçün bildirək ki, 2023-cü ildə bu rəqəmlər müvafiq olaraq 84.96% (22 127 nəfər) və 15.04% (3 916 nəfər) olub.
Regionlardakı ali təhsil müəssisələrinə maraq niyə yoxdur? Rayondan gələn oğlan və qızlar niyə məhz Bakıda təhsili üstün tutur? Axı rayon seçimi həm də kirayə, nəqliyyat və s. xərclərin azlığı mənası verir.
"Bu tendensiyanın formalaşmasında bir neçə mühüm faktor var. Əvvəla, abituriyentlərin bir hissəsi, xüsusilə, qızların valideynləri onları yaxın məsafədə olan təhsil müəssisələrini seçməyə təşviq edir. Onları gözündən iraq salmaq istəməyən böyüklərlin dəlillərə sosial-iqtisadi şərtlər də əlavə olunur. Ailələr övladının təhsil xərclərini minimumda endirmək, onların yaşayış şəraitini nəzarətdə saxlamaq və əlavə (kirayə, nəqliyyat, yemək və s.) xərclərdən yayınmaq məqsədilə rayon universitetlərinə üstünlük verə bilirlər.
Bundan əlavə, rayonlardakı ali təhsil müəssisələrində plan yerlərinin, xüsusilə də ödənişli təhsil formalarının sayının az olduğundan bu universitetlərin ümumi sayı və potensialı şəhərlərdəki ali məktəblərlə müqayisədə xeyli aşağıdır. Şəhər universitetləri həm tələbə sayı, həm də təhsil imkanları baxımından daha geniş spektrə malikdir. Plan yerlərinin, xüsusilə də dövlət hesabına maliyyələşdirilən yerlərin əksəriyyəti paytaxt universitetlərinə ayrılır. Bu isə avtomatik olaraq şəhər universitetlərinin daha çox seçim imkanı və rəqabət üstünlüyü qazandırır”.
C. İmanlı qeyd edib ki, məsələ yalnız sosial səbəblərlə məhdudlaşmır:
“Paytaxt universitetləri ilə bölgə universitetləri arasında təhsil səviyyəsi baxımından ciddi fərqlər mövcuddur. Bu fərqlər həm maddi-texniki baza, həm də akademik heyətin, yəni müəllimlərin elmi dərəcəsi, təcrübəsi və tədris metodları baxımından nəzərəçarpacaq dərəcədədir.
Paytaxt universitetlərində laboratoriyalar, kitabxanalar, beynəlxalq layihələr, xarici dillərdə tədris imkanları və digər müasir təhsil resursları daha inkişaf etmiş şəkildə təşkil olunub. Bu isə təbii olaraq, abituriyentlər və onların ailələri tərəfindən keyfiyyətli təhsil əldə etmək üçün mühüm amil kimi qiymətləndirilir.
Demək olar ki, rayon universitetlərini seçən abituriyentlərin bir hissəsi məcburiyyət qarşısında bu seçimi edir: ya aşağı bal topladığı, ya da sosial və ailəvi səbəblərı görə. Lakin bu vəziyyət ölkədə təhsil bərabərliyinin və regional ali təhsil müəssisələrinin inkişafının zəruriliyini bir daha ön plana çıxarır. Rayondakı universitetlərin maddi-texniki imkanlarının genişləndirilməsi, akademik heyətin peşəkarlıq səviyyəsinin artırılması və keyfiyyətli təhsilin bölgələrdə də əlçatan olması üçün dövlət səviyyəsində davamlı islahatlara ehtiyac var”.
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ