Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu Zəfər Günündə ARB24 Televiziyasının qonağı olub və aparıcı Çinarə Nurməmmədovanın suallarını cavablandırıb.
Rauf Arifoğlu, Azərbaycanın Şuşanın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin əhəmiyyətini vurğulayıb və bu tarixi faktın Türk dünyası, region və Azərbaycan üçün nə qədər dəyərli olduğunu qeyd edib.
Arifoğlu bildirib ki, Şuşanın azad olunması ilə Azərbaycanın regional əhəmiyyəti daha da artdı və ölkəmiz Türk dünyasında, xüsusilə Türkiyə-Azərbaycan birliyi çərçivəsində mühüm mövqe qazandı. 44 günlük müharibədən sonra Türk dövlətləri arasında birliyi gücləndirmək üçün addımlar atıldı, Türk Dövlətləri Təşkilatı yaradıldı və dünyanın Azərbaycana münasibəti dəyişdi. Azərbaycan xalqı və dövlət olaraq tarixə, öz mövqeyimizə yeni bir yanaşma formalaşdı.
Rauf Arifoğlu, həmçinin Ermənistan hökumətinin və onun baş naziri Nikol Paşinyanın mövqeyini tənqid edərək, Fransanın Ermənistana davamlı dəstəyinin regionda sülhə mane olduğunu bildirib.
O, qeyd edib ki, Qərbin Ermənistanı təhrik etməsi, regionda sabitliyi pozmağa yönəlmiş siyasətlər sülh prosesinə əngəl törədir.
Arifoğlu, Azərbaycanın Zəfəri ilə Baki və digər bölgələrin inkişaf etdiyini, Bakıda Zəfərin simvolu olan abidələr, "Qənimətlər parkı" və Zəfər muzeyinin yaradıldığını vurğulayıb.
O bildirib ki, Azərbaycan bu qələbə ilə 200 illik məğlubiyyət və işğal dövrünə son qoyaraq yeni bir mərhələyə qədəm qoydu.
Həmin verilişin videoyazısını təqdim edirik:
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ