Onlayn ictimai-siyasi qəzet
15 yaşında Bakının Sabunçu rayonu ərazisində qətl törədən Murad Əzizovun (ad, soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
İş üzrə dindirilmiş şahid Ayxan İsmayılov ifadəsində hadisənin tərəflər arasında borc məsələsinə görə yaranmış mübahisə zəminində baş verdiyini bildirib. O qeyd edib ki, ilkin münaqişədən sonra tərəflər barışsalar da, sonradan belə bir faciənin baş verdiyi barədə ona telefon zəngi ilə məlumat verilib.
Məhkəmə iclasında cinayət hadisəsinin başvermə anını əks etdirən videomaterial da nümayiş etdirilib.
Dövlət ittihamçısı çıxışında Murad Əzizovun törətdiyi əmələ hüquqi qiymət verərək onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Lakin zərərçəkmiş şəxsin hüquqi varisi bu təkliflə razılaşmayaraq daha ağır cəza verilməsini tələb edib.
Müşavirədən sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən, yeniyetmə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü il oktyabrın 2-də səhər saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib. 2008-ci il təvəllüdlü Murad Əzizov xuliqanlıq zəminində 2004-cü il təvəllüdlü Xəyal Nağıyevə bıçaq xəsarətləri yetirib. Sonuncu aldığı xəsarətlərin təsirindən dünyasını dəyişib.
İnarə Hünbət,
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ