Onlayn ictimai-siyasi qəzet
İran və İsrail arasında hava müharibəsi artıq altıncı gününə daxil olub. Çərşənbə günü səhər saatlarında tərəflər yenidən bir-birinə raket zərbələri endirib.
Musavat.com xəbər verir ki, İsrail ordusu İran tərəfindən Təl-Əvivə iki raket dalğasının atıldığını təsdiqləyib. Şəhərdə partlayış səsləri eşidilib.
Eyni zamanda İsrail hərbi hava qüvvələri Tehranın cənub-qərbindəki bölgələrdə yaşayan əhalini təxliyə etməyə çağırıb, çünki həmin ərazilərdə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı obyektlərə zərbələr planlaşdırılıb.
İran mediasının yazdığına görə, İsrailin hədəflərindən biri SEPAH-a bağlı universitet, digəri isə Tehranın yaxınlığındakı Xocir ballistik raket bazasıdır – bu obyektə keçən ilin oktyabrında da hücum olmuşdu.
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı sosial şəbəkədə paylaşım edərək İrana qarşı “səbirin tükəndiyini” bildirib. O, Ayətullah Əli Xameneinin “harada gizləndiyini bildiklərini” qeyd edib və əlavə edib:
“Biz onu hələlik ortadan qaldırmayacağıq. Amma səbirimiz tükənmək üzrədir!”
Bu açıqlamadan cəmi 3 dəqiqə sonra Tramp “QEYRİ-ŞƏRTSİZ TƏSLİM OLUN!” sözlərini paylaşaraq mövqeyinin sərtləşdiyini nümayiş etdirdi.
Hazırda Trampın komandası İranın nüvə obyektlərinə qarşı birgə zərbə planlarını nəzərdən keçirir. Ağ Ev nümayəndəsinin verdiyi məlumata görə, Tramp çərşənbə axşamı İsrailin baş naziri Benyamin Netanyahu ilə də telefonla danışıb.
ABŞ Kəşfiyyat İdarəsi İranın Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına sahib olduğunu bildirir. Tehran bu silahları “qoruyucu və cavabverici qüvvə” kimi təqdim edir. İsrail isə bu qabiliyyətləri sıradan çıxarmaq üçün gündən-günə daha aqressiv hava kampaniyasına başlayır.
İsrail və ABŞ arasında koordinasiyanın artması, eyni zamanda Trampın təhdidlərinin güclənməsi, qarşıdurmanın daha da genişlənəcəyi ehtimalını artırır. İran isə qəti şəkildə təslim olmayacağını və istənilən hücuma cavab verəcəyini bəyan edib. Diplomatik kanallar isə hazırda ya susur, ya da prosesləri kənardan müşahidə edir.
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ