İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qütb canavarı”nın “parçaladığı” lider – Navalnının ölümündən 1 il keçdi

Dünən dünyaın bir çox ölkələrində bir il öncə Yamal-Nenes diyarındakı həbsxanada vəfat etmiş rusiyalı müxalifətçi Aleksey Navalnının xatirəsinə anım tədbirləri keçirilib.

Moskvada insanlar onun məzarına gül gətiriblər. Rusiyanın başqa şəhərlərində isə insanlar repressiya qurbanlarının abidələrinin önünə toplaşıb Navalnını anıblar. Bu aktla onlar Navalnının da repressiya qurbanı olduğuna işarə ediblər.

Rusiyanın hüquq-mühafizə orqanları bir sıra şəhərlərdə həbslər aparıb, aksiya iştirakçılarına mane olmağa çalışıb.

Bu, gözlənilən idi. Hakimiyyət Navalnının anım tədbirinin kütləvi aksiyaya çevriləcəyindən qorxub.

Navalnı səhvləri və düzləri ilə əqidəli insan idi. Onu ölkəsində və xaricdə demokrat kimi xarakterizə edirlər və bu, həqiqətə yaxın qiymətləndirmədir. Onun ayrı-ayrı vaxtlarda vətənpərvər mövqedən populist, eləcə də mübahisəli fikirlərlə çıxış etməsi faktları olub, amma bu, təbii idi. Çünki əksəriyyət etibarilə şovinizm ovqatına köklənmiş xalqın sevimlisi olmaq, ondan gələcəkdə səs almaq üçün siyasətçilərin başqa yolu yoxdur.

Bunları nəzərə almasaq, Navalnı modern dünyanın konyukturasına uyumluydu, demokratik təsisatların inkişafının, qanuni və azad seçkilərin, hakimiyyət qollarının paralel fəaliyyətinin tərəfdarıydı, avtoritarizmə, totalitarizmə, plutokratiyaya, korrupsiyaya qarşıydı.

Gerçək demokratların az olduğu Rusiyada Boris Nemtsovun öldürülməsindən sonra ən parlaq siyasi fiqur Navalnıydı.

navnem.jpg (138 KB)

O, Nemtsovun qətlindən sonra sıranın ona gəldiyini bilə-bilə yolundan sapmadı, geri durmadı. 2020-ci ildə Tomskda nadir tapılan kimyəvi preparatla zəhərləndiyi vaxt onu ölümdən möcüzə və Almaniya həkimləri xilas etmişdi. Navalnı özünə gələndə anlamalıydı ki, artıq fərmanı verilib, bir il tez, bir il gec, onun da aqibəti dostu Nemtsovunku kimi olacaq. O, yəqin ki, bunu bilirdi, amma Rusiyaya geri dönməkdən vaz keçmədi, “qan çanağı”na qayıtdı və həbs olundu.

İndi Rusiya hüquq-mühafizə orqanları və digər əlaqədar orqanlar bəyan edirlər ki, Navalnının ölümü öz əcəli ilə olub. Ancaq bu versiyaya dünyada inanan yoxdur. Ötən ilin bu günləri ABŞ prezidenti Cozef Baydeninin Navalnının dul xanımı Yuliya Navalnı ilə görüşməsi onun göstəricii idi ki, o, rusiyalı müxalifətçinin öz əcəli ilə ölməsi versiyasına inanmır. Elə Rusiyanın özündə də Navalnının ölümünü ən yumşaq şəkildə “müəmmalı” adlandırırlar.

bay-yul.jpg (39 KB)

Adam ölkəsində təqib olunan 1 nömrəli müxalifətçiydi, günü təcridxanalarda keçirdi. Hakimiyyətin 1 nömrəli rəqibiydi, amma müxtəlif bəhanələrlə seçkiyə buraxılmırdı. Həyatına sui-qəsd edilmişdi. Özü ilə yanaşı, yaxın dostları, tərəfdarları da həbsə məruz qalırdı. Hətta onun vəkillərini də məhkum etmişdilər.

Ölümündən bir ay əvvəl onun və bir sıra müxalifətçilərin Qərb ölkələrində məhlumluq həyatı yaşayan rusiyalı casus və qatillərlə dəyişdirilməsi planı mövcud olub, ancaq bu mübadilə planı təxirə salınıb. Ehtimal edilir ki, həmin plan sırf Navalnını ölkədən salamat buraxmamaq üçün sonraya keçirilib. 2024-cü ilin avqust ayının 1-də, nəhayət, baş tutan mübadilədə ABŞ-yə verilənlərin arasında yalnız Navalnı olmadı.

O, siyasi dustaq idi, amma onu Yamal-Nenes muxtar dairəsindəki “Qütb canavarı” həbsxanasına göndərmişdilər. Bu, qatı residivistlərin saxlandığı cəzaçəkmə müəssisəsidir və oraya girənin çoxu oradan taxta qutularda çıxır. “Qütb canavarı”nin Navalnını parçalayacağı ilk günlərdən bəlliydi. Hətta onun harada saxlandığı bəlli bir müddət gizli saxlanılmışdı.

Bir sözlə, Navalnının xarici ölkələrdə yaşayaraq ölkəsində müxalifətçilərə rəhbərlik etməsinə imkan verilmədi. Müəyyən mənada “ikinci Lenin vaqiəsi”nin qarşısı alındı. Məlum olduğu kimi, Lenin İsveçrə, Finlandiya, Almaniya kimi ölkələrdə yaşaya-yaşaya, xarici donorlardan (əsasən də Rusiya ilə müharibə aparan Almaniyadan) inqilab etmək üçün külli miqdarda vəsait ala-ala ölkəsində inqilabi hərəkat formalaşdırıb və Rusiyaya yalnız həyatına təhlükə olmadığı zaman qayıdıb. Navalnı isə Almaniya hökumətinin xəbərdarlığına baxmayaraq Rusiyaya qayıtmağı üstün tutmuşdu.

Rusiyada müxalifətçilərlə mübarizədə bu kimi üsullardan istifadə edilməsi presedentləri çoxdur. Bu çarların vaxtında da elə olub, Lenin, Stalin və digər rəhbərlərin dövründə də. Deviz dəyişmir: “Adam var, problem var, adam yoxdur, problem də yoxdur”.

Etiraf etmək lazımdır ki, bu, üsul xeyli dərəcədə effekt verir. Çar II Nikolayı devirmiş burjua inqilabçıları, konkret olaraq Kerenski Lenini məhv edə bilsəydi, bolşevik inqilabı olmayacaqdı.

Stalin Trotski və onun komandasını zərərsizləşdirməsəydi, prosesi özbaşına buraxsaydı, ötən əsrin 30-cu illərinin ortalarında özü devriləcəkdi.

Xruşşov bir az boş tərpəndi, Brejnevgil onu devirdi.

Qorbaçov mülayim görsənirdi, Kryuçkov və Yazov onu devirmək istədi.

Rusiyada belədir. Bu ölkədə dinc hakimiyyət dəyişikliyi heç zaman olmayıb.
Siyasi ambisiyası olanların tam əksəriyyəti ya sui-qəsdin, ya da saray intriqalarının, repressiyanın qurbanı olublar.

Navalnı özündən əvvəlki yüzlərlə qurbanın biridir.

Rusiya özü və ətraf dünya üçün o zaman təhlükəsiz ölkə olacaq ki, bu ölkədə hakimiyyət dürüst keçirilmiş seçkiylə iqtidara gəlmiş demokratik düşüncəli adamlar tərəfindən idarə olunacaq. Yoxsa Putin gedəcək, yerinə Patruşevin oğlu gələcəksə, yeni-yeni nemtsovların, navalnıların nəsibi vaxtsız və “müəmmalı” ölümlər olacaq.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR