Onlayn ictimai-siyasi qəzet
“Psixoloji baxımdan yanaşdıqda, qüsurlarımızı qəbul etmək özü ilə sağlam münasibət və özünə inamın formalaşmasında əsas rol oynayır. Çünki yüksək özgüvən və xoşbəxtlik heç də düşünüldüyü kimi mükəmməllik və ya daimi uğurla əlaqəli olmayıb, əksinə özünü olduğu kimi qəbul etməklə, yəni çatışmazlıqlar və qüsurlu tərəflərimizi də qəbul etməklə bağlıdır”.
Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixoloq Gülsabah Quliyeva açıqlayıb.
Onun sözlərinə görə, insan öz qüsurlarını inkar etdikdə və ya onları rədd etdikdə, daxili konflikt, dərin utanma və özünü tənqid etmə halları artmağa başlayır:
“Bu da öz növbəsində tez-tez şərti sevgi hissinin, sadəcə müəyyən standartlara cavab verdikdə özünü dəyərli hiss etməyin yaranmasına gətirib çıxarır. Belə bir şəraitdə formalaşan özünə hörmət qeyri-sabit və kövrək olur, zamanla isə narahatlıq, depressiya və tükənmişlik kimi problemlərə yol aça bilir.
Halbuki öz qüsurlarımızı qəbul etmək psixoloji dayanıqlılığı artırır.
Qüsurlarımıza bir “qüsur” kimi yox, insan olmağın təbii və mənalı parçası kimi yanaşmaq tövsiyə edilir. İnsan özünə qarşı tənqidçi yox, anlayışlı və şəfqətli olduqda, özü ilə daha güclü və dürüst bir daxili münasibət qurur”.
Psixoloq qeyd edib ki, qüsurlarımızı qəbul etmək öz güvənimizi və özünə hörməti artırır, çünki ilk növbədə özümüzü olduğumuz kimi qəbul etmək başqalarının təsdiqinə daha az ehtiyac duymağımıza səbəb olur.
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ