Onlayn ictimai-siyasi qəzet
Qaxda bir ailənin üç üzvünün ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib. Mərhumların ailə üzvləri sürücüdən şikayətçi olmayıblar.
Musavat.com xəbər verir ki, qəzaya səbəb olan sürücü Fərid Abdullayev olub.
Fərid Abdullayev idarə etdiyi “Ford Fusion” markalı avtomobillə Həbib Qurbanovun idarə etdiyi “VAZ-2115” markalı avtomobillə toqquşub. Qəzanın baş verməsinə səbəb Abdullayevin idarəetməni itirməsi olub.
Qəza nəticəsində Şəki rayon Cəfərabad kənd sakinləri Həbib Qurbanov, anası Gülnarə Qurbanova və həyat yoldaşı Aygün Qurbanova vəfat edib. Qəza zamanı Qurbanovun maşınında olan 4 uşaq da xəsarət alıb.
Sürücü bildirib ki, hadisə baş verən vaxt yorğun və halsız olub. Abdullayev bildirib ki, sükan arxasında yuxu tutduğu üçün qəzanın necə baş verdiyini xatırlamır. O, qəzadan sonra ayıldığını, xəsarət alanlara kömək etdiyini deyib.
Məlum olub ki, F.Abdullayev hadisədən cəmi 2 həftə əvvəl bankdan kredit götürərək maşın alıbmış. Bu, onun ilk avtomobili imiş.
Məhkəmə istintaqı zamanı mərhumun hüquqi varisi kimi Şəki rayon Cəfərabad kənd orta məktəbinin direktor müavini Rüfət Qurbanov ifadə verib. Qəza zamanı dünyasını dəyişən Həbib onun oğludur. Gülnarə Qurbanova isə həyat yoldaşı olub.
Rüfət Qurbanov təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.
Məhkəmə Fərid Abdullayevin 6 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Ev dustaqlığında olan Fərid məhkəmə zalında qandallanıb.
Qeyd edək ki, Aygün və Həbib uşaq vaxtlarından bir yerdə böyüyüblər. Onlar 11 il bir sinifdə təhsil alıblar. Sonra da ailə həyatı qurublar. Onların iki azyaşlı övladları var idi.
İ.Muradov
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ