İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Yetirmişli Bakıdakı bütün qəzalı binaları “sökdü”- hansı pula?

Ekspertlərə görə, yeni binaların tikintisinin hansı resurslarla həyata keçiriləcəyi qeyri-müəyyəndir

“Bakıda bütün köhnə binalar söküləcək və hər birinin yerində yeniləri tikiləcək”. “Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli aprelin 20-də keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin binalar tikilən zaman hər birinə dayanaqlılıq üçün 30-40 il zəmanət verilib: “Artıq onların sökülməsi üçün zaman yetişib. Bundan başqa, məndə qədimi binalarda  bərkitmə və möhkəmləndirmə işləri aparılacağı barədə məlumatlar var”.

Yada salaq ki,  Qurban Yetirmişli Türkiyədəki  zəlzələdən sonra keçirdiyi mətbuat konfransında demişdi ki, 2019-cu ildən bəri binaların yerinin seysmoloji balını müəyyən etmək üçün onlara müraciət edilmir. Məlumatlara görə, hazırda təkcə Bakı şəhərində 11 minə yaxın istismar müddəti bitmiş, köhnə çoxmənzilli yaşayış binası var. Bunlar 2,3,4 və 5 mərtəbəli binalardır. 150-yə yaxın bina artıq aidiyyəiı qurumlar tərəfindən qəzalı kimi qeydə alınıb. Amma köhnə yaşayış binalarının, çoxmənzilli binaların ümumi monitorinqi aparılsa, qəzalı binaların sayı daha çox olar.   

Bir binanın sökülüb, yeni binanın tikilməsinə təxminən 2-3 il vaxt gedir. Bu gün minlərlə istismar müddətini bitirmiş və qəzalı bina var. Bunların sökülüb yeni bina ilə əvəzlənməsi üçün uzun onilliklər lazımdır.   Belə görünür ki, köhnə binaların sökülməsi üçün hələ uzun illər lazım olacaq. Təbii ki, o binalar birmənalı olaraq sökülməlidir, amma sökülənə qədər bu binaları hansısa formada qoruyub saxlamaq lazımdır. 

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən əmlak məsələləri üzrə ekspert Elnur Azadov qeyd etdi ki, əgər binaların sökülməsinə başlansa, bunun üçün onilliklər bəs etməz. Ekspertin fikrincə, ölkəmizdə əmlakların yenilənməsi ilə bağlı kifayət qədər resurs yoxdur: “Dövlətin bunu həyata keçirməsi çətindir, özəl sektorda isə 100-ə yaxın şirkət var ki, onların vəziyyəti heç də ürəkaçan deyil. Bakı şəhərinin 30 faizi SSRİ dövründə qurulub. Bu baxımdan prosesin hansı resurslarla həyata keçiriləcəyi qeyri-müəyyəndir, bu həm də riskli məsələdir. Yaşayış fondu köhnədir. İl-ildən qəzalı binaların sayı artır. Paralel olaraq, şəhərsalma məsələsinə də baxılır. 2027-ci ildə Baş Planın birinci mərhələsi hazır olmalıdır. Bir-birinə bağlı ciddi məsələlər çoxdur. Xatırladım ki, Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə Nazirlər Kabinetinin 83 saylı qərarı var. Bu qərar 2017-ci ildə verilib, lakin bu günə kimi bununla bağlı heç bir iş görülməyib”.

Ekspert sənayenin inkişafı ilə bağlı məqamı da şərh etdi. E.Azadov hesab edir ki, bu sahədə də ciddi problemlər var, belə ki, sənaye qalıqları olduğu kimi qalır.

Elçin Əliyev: “Memarlıqla bağlı 99 faiz dövlət sifarişləri məmurların şəxsi  şirkətlərinə gedir” – Müsahibə

Elçin Əliyev 

Azərbaycan Memarlar və dizaynerlər İttifaqının üzvü Elçin Əliyev mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişlinin açıqlamasına ciddi yanaşmır. O hesab edir ki, bu barədə daha məsul qurumlar açıqlama verməli, ictimaiyyətə dəqiq informasiya çatdırmalıdır: “2000-ci ildə Bakıda zəlzələ olandan sonra yüzlərlə bina qəza vəziyyətinə düşdü. O zaman məşhur alim Elçin Xəlilov bildirmişdi ki, 2027-2028-ci illərdə Bakıda zəlzələ olacaq. Hələ o zamandan siyahı tutulmalı, müvafiq tədbirlər planı hazırlanmalı idi. Hər il 4-5 bina sökülüb, yerində yeni bina tikilsə idi, yaxud başqa layihə həyata keçirilsə idi, bu günə qədər xeyli iş görülmüş olardı. Bugünkü rəqəmlərə baxdıqda uzun illərə hesablanmış proqramın zəruri olduğu aydın görünür. Təəssüf ki, bu məsələ ilə heç kim məşğul deyildi. Hətta yarım il öncə Bakı şəhər icra hakimi Eldar Əzizov anidən dağıla biləcək yüzlərlə binanın olduğunu açıqlamışdı. Bu necə ola bilər? Belə çıxır ki, heç kim bir iş görməyib. Türkiyədə zəlzələ olduqdan sonra yenidən narahatlıq yarandı”.

Memar vurğuladı ki, Baş Plan haqqında da ayrı-ayrı açıqlamalardan savayı heç bir proses həyata keçirilmir: “Müqayisə üçün qeyd edim ki, Qarabağda yenidənqurma ilə bağlı konkret işlərin görüldüyünün şahidi oluruq. Bakıda isə heç bir iş görülmür. Hesab edirəm ki, dövlət səviyyəsində bununla bağlı komissiya yaradılmalı, binalar yoxlanmalıdır. Bakının mərkəzi XIX-XX əsrə aid unikal memarlıq abidələri ilə zəngindir. Bəzi binalar qəzalı vəziyyətdədir. İllər ərzində bu binalara kobud müdaxilələr edilib. Sovet dövründə də, indi də müəyyən məbləğ qarşılığında tarixi binalarda bəzi işlər görülüb. Təəssüf ki, bu binaların taleyini həll etmək üçün mərkəzləşmiş struktur yoxdur. Bəzi təşkilatlar kosmetik proseduralar həyata keçirir, lakin bu kifayət deyil. Mənə elə gəlir ki, problemlərdən biri həm də müvafiq qurumların məsuliyyətdən boyun qaçırmasıdır. Bir problem yarandıqda günahı bir-birinin üstünə atırlar”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR