Onlayn ictimai-siyasi qəzet
Ötən əsrin 70-ci illərinin əvvəllərində Böyük Britaniyanı qəzəbləndirəcək hadisələr baş verib. SSRİ ilə NATO arasında ticarətdə vasitəçi olan ingilislər Avropa dövlətlərindən yaxşı “komissiya ödənişləri” alıblar. Lakin Fransanın NATO-nu tərk etməsi, Almaniyanın Sovet İttifaqı və bütövlükdə Şərq bloku ilə yaxınlaşmağa başlaması Britaniyanı gəlirlərindən məhrum edib. Odur ki, ingilis kəşfiyyatı vəziyyəti öz xeyrinə çevirmək üçün plan qurub.
Bir gülləyə iki dovşan vurmaq
İngilislər siyasi qalmaqal yaratmaq və kəşfiyyatla heç bir əlaqəsi olmayan onlarla sovet vətəndaşını ölkədən qovmaq qərarına gəliblər. Qalmaqal üçün mümkün namizəd SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin mayoru Oleq Lyalin seçilib. O, sovet ticarət nümayəndəliyinin əməkdaşı kimi işləyib.
Dənizçi olan və ingilis dilini yaxşı öyrənən Lyalin komitənin əməkdaşlıq təklifinə yox deməyib. Sovet cəmiyyətinin elitası sırasına daxil olduğuna sevinən gənc Oleq zabitlər üçün təkmilləşdirmə kursunu bitirib. Təxribat fəaliyyətləri üzrə mütəxəssis Vyetnam üçün hazırlansa da, Böyük Britaniyaya getməli olub.
Onun həyat yoldaşı yerli mentalitetə uyğunlaşa bilməyib, Moskvaya qayıdıb. Azad həyatından zövq alan Lyalin hətta ticarət nümayəndəliyində işləyən məşuqəsi ilə tez-tez görüşüb. Spirtli içki aludəçisi olan kəşfiyyatçı müxtəlif qadınlarla restoranlarda əylənib.
Casusluğa sövq
Britaniya agentləri öncə Oleqin ticarət nümayəndəliyində işləyən məşuqəsi Teplyakovanı əməkdaşlığa sövq ediblər. Agentlər hesab edib ki, planı sürətli həyata keçirmək lazımdır. Çünki nalayiq davranışına görə Oleq qısa müddət ərzində Moskvaya geri çağırıla bilər.
30 avqust 1971-ci ildə səhər saat 3-də Oleq Adolfoviç Lyalin sərxoş halda ingilis polisi tərəfindən avtomobilinin sükanı arxasından çıxarılıb. Sovet səfirliyinə zəng edilib. Gecə yarısı diplomatik korpusda yalnız növbətçi olub və o, məsələni səhərə qədər təxirə salmağı təklif edib.
İngilislər dərhal səfirlik işçisinin səhvindən istifadə edərək, saxlanılan şəxs üzərində “işləməyə” başlayıblar. Britaniyanın əks-kəşfiyyat zabitləri onunla müvafiq söhbət etdikdən sonra Lyalin əməkdaşlığa razılıq verib. Lakin bir şərtlə ki, ona siyasi sığınacaq veriləcək.
Britaniya kəşfiyyatının uğurlu həmləsi
Oleq SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və Baş Kəşfiyyat İdarəsinin Böyük Britaniyada hansı əməliyyatlar planlaşdırdığını, ona məlum olan agentlərin adını açıqlayıb. Hətta digər Avropa ölkələrinin kəşfiyyatçıları ilə əlaqə saxlayaraq onları ifşa edib.
Böyük Britaniyada və Moskvada tanıdığı hər kəs haqqında, onların xarakter xüsusiyyətləri, əməkdaşlığa cəlb etmək üçün hansı gizli təsir mənbələrdən istifadə edildiyi haqqında ətraflı danışıb. Lyalinə onun imzası ilə nəşrlərdə məqalələr dərc etməsi üçün qəzetlərin jurnalistləri ilə görüşmək də tapşırılıb.
Nəticədə ingilislər öz arzularına çatıblar. Çünki siyasi qalmaqal gözlənildiyindən daha böyük effekt verib. Müxbirlər Lyalinin bir vaxtlar gənc zabitlər üçün təkmilləşdirmə kursunu oxuduğunu nəzərə alaraq, məqalələrə xüsusi detal əlavə ediblər: “O, hərbi əməliyyatlar başlayacağı təqdirdə London metrosunu su altında qoymağı planlaşdırıb”.
Nəşrlərdən sonra dünya ictimaiyyəti şoka düşüb. Ona görə də ingilislər 105 rus diplomatını ölkədən qovduqlarını elan edəndə heç kim Sovet İttifaqının etirazlarına qulaq asmaq istəməyib. Doğrudan da, sovet işçilərinin əksəriyyətinin kəşfiyyatla heç bir əlaqəsi olmayıb. Hadisədən sonra Dövlət Təhlükəsizlik Komitəsinin və Baş Kəşfiyyat İdarəsinin nümayəndələri üçün diplomatik korpusdan və ticarət nümayəndəliyindən sığınacaq almaq xeyli çətinləşib.
Digər tərəfdən, Böyük Britaniya yenidən nüfuz qazanaraq əvvəlki işlərini görməyə, Avropa dövlətlərindən yüksək “komissiyalar” almaqda davam edib. Lyalin və Teplyakova söz verildiyi kimi ingilis pasportu alıb və 1972-ci ildə evləniblər. Onların hətta bir oğlu dünyaya gəlib. Bir müddət sonra Oleq çox içki qəbul etdiyi üçün ailə dağılıb. Oleq Lyalin 57 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ