İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyevdən hakimlərin yaş həddi ilə bağlı TƏKLİF

Milli Məclisin plenar iclasında “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə əsasən, deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxışı zamanı Asiya Parlament Assambleyasının 15-ci sessiyasının yüksək səviyyədə təşkilinə və uğurlu nəticələrinə görə spikerə və digər təşkilatçılara minnətdarlıq edib.

Daha sonra Konstitusiya Məhkəməsinin hakimlərinə 75 yaşadək işləmək imtiyazı verən dəyişikliklərə münasibət bildirib:

“Müzakirə olunan məsələ ilə bağlı Nizami Səfərova ətraflı və yüksək səviyyəli çıxışına görə təşəkkür edirəm. Deputat olduğum dövrdə bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırmışam ki, Azərbaycanda hakimlər ömürlük təyin olunsunlar.

Azərbaycanda dövlət hakimiyyətinin həyata keçirilməsi Konstitusiyaya görə hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir və yaş məhdudiyyəti icra hakimiyyətinin başında duran ölkə Prezidentinə, qanunverici hakimiyyətin üzvlərinə şamil olunmur.

Hesab edirəm ki, hakimlərə də yaş həddi şamil olunmamalıdır. Əlbəttə, kimsə deyə bilər ki, hakimlər yaşlanacaqlar, onların iş qabiliyyəti aşağı düşəcək və s. Bununla bağlı 1998-ci ildə Amerika Birləşmiş Ştatlarında onların məhkəmə-hüquq sistemi ilə tanış olarkən Apellyasiya Məhkəməsinin aparat rəhbərinə bu sualı verdim ki, sizdə yaşlı hakimlər işə gəlməsə, yaxud özləri istefa verməsə bu məsələ necə həll olunur? O mənə dedi ki, orada praktikada belə bir şey olmayıb. Ona görə ki, hakimlər xüsusi qaydada seçilən, cəmiyyətdə ədaləti qoruyan və ədaləti bərpa edən şəxslərdir. Onlar ədalətli, vicdanlı insanlardır və onlar səhhətləri fəaliyyətə imkan verməyəndə özləri könüllü istefa verirlər. Yenidən soruşdum ki, tutaq ki, biri belə vəziyyət yaransa da istefa vermədi, o zaman necə olacaq? Cavab verdi ki, həmin bir, yaxud iki nəfərə görə bütövlükdə sistemdən, bu yanaşmadan imtina etmək doğru olmaz. O halda da yəqin onun həmkarları ona tövsiyə edərlər ki, artıq sizin istefa verməyinizə zərurət var”.

Qüdrət Həsənquliyev daha sonra bunları deyib:

“Mən bunu ona görə söyləyirəm ki, bu, hakimlərin müstəqilliyinə töhfə vermiş olar. Azərbaycanda birinci instansiya məhkəməsinin hakimləri və Apellyasiya Məhkəməsi hakimləri üçün 66 yaş kateqoriyası nəzərdə tutulub, Ali Məhkəmə üçün 68, Konstitusiya Məhkəməsi üçün 75 yaş. Əgər biz onları ömürlük təyin etmək istəyiriksə, heç olmasa onların hamısı üçün eyni yaş müəyyən olunmalıdır. Tutaq ki, 75 yaş. Bundan başqa, biz məhkəmə hakimiyyətinin gücləndirilməsi, hakimlərin müstəqilliyinin təmin edilməsi istiqamətində son illər qanunvericilikdə müəyyən dəyişikliklər edirik, o cümlədən Məhkəmə-Hüquq Şurasının formalaşdırılması istiqamətində də ciddi addımlar atdıq, dəyişikliklər həyata keçirdik.

Amma düşünürəm ki, hakimlərin vəzifədən kənarlaşdırılması ilə bağlı məsələyə yenidən baxmalıyıq. Hakimləri intizam məsuliyyətinə cəlb etməklə vəzifəsindən kənarlaşdırmaq olmaz. Hakimiyyətin bütün qanadlarına münasibət eyni olmalıdır. Prezident də, deputatlar da, hakimlər də yalnız cinayət törətdikdə və Ali Məhkəmə tərəfindən onların əməllərinə hüquqi qiymət verilərsə və hökm qanuni qüvvəyə minərsə, bu halda onlar vəzifələrindən kənarlaşdırıla bilər.

Hesab edirəm ki, biz bu istiqamətdə qərarları qəbul etsək, o cümlədən, hakimlərin maddi təminatını, maaşlarını da yüksəltsək cəmiyyətdə ədaləti təmin edə bilərik. Ədalətin təmin olunması həm də bizim iqtisadiyyatımızın inkişafı, cəmiyyətimizin bütün digər sahələrində böyük tərəqqiyə nail olmaq deməkdir. Ona görə ki, güclü məhkəmə hakimiyyəti mülkiyyət toxunulmazlığının təminatı, ölkəyə investisiya qoyuluşunun təmin edilməsi deməkdir və s.

Ona görə də hörmətli sədr, hörmətli həmkarlar, hesab edirəm ki, biz müvafiq icra hakimiyyəti orqanları ilə bu istiqamətdə işimizi davam etdirməliyik və çalışmalıyıq ki, Azərbaycanda hakimlər ömürlük təyin olunsunlar, yaxud heç olmasa bütün hakimlər üçün bu yaş həddi eyni müəyyən olunsun”.

E.Paşasoy,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR