İnsanlara hürriyət, millətlərə istiqlal!

QUAD-ın bölgədə siyasi məqsədi odur ki... - Politoloqdan İIGİNC şərh


"QUAD-ın siyasi məqsədi Çinin dünyada artan gücünə cavab verməkdir".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq xatırladıb ki, 2004-cü ildə sunamidən zərər çəkmiş bölgələrə humanitar yardım göstərməklə fəaliyyətə başlayan QUAD (ABŞ, Avstraliya, Hindistan və Yaponiya) Hind-Sakit Okean bölgəsində sərbəst naviqasiya və açıq ticarəti təşviq etməyə çalışan, beynəlxalq hüquq və dəniz hüququ qaydalarına riayət etməyə çalışan dövlətlərin koalisiyasıdır:

"Bundan əlavə, üzv ölkələr həm də texnologiyaların sürətli inkişafı şəraitində kibertəhlükəsizliyi təmin etməyə, eləcə də ətraf mühitə qayğı göstərməyə çalışır, dövlətlər üçün sabit qlobal iqtisadiyyatı təmin etmək üçün bütün bu sahələri əhatə etməyi qarşısına məqsəd qoyub.

QUAD-ın siyasi məqsədi Çinin dünyada artan gücünə cavab verməkdir. Pekin QUAD ölkələrinin hərbi biri ilə rəqabət içindədir. Çin eyni zamanda artan daxili borc, azalan birbaşa xarici investisiyalar və trilyonlarla dollarlıq kapital axını ilə üz-üzədir. Hindistan Çinin “bir kəmər, bir yol” layihəsinə qarşı alternativ layihə irəli sürüb. Doğrudur, bu nəqliyyat layihəsi Yaxın Şərqdə başlayan müharibə səbəbi ilə təxirə salınıb, ancaq Dehli və tərəfdaşları hədəflərindən imtina etməyiblər. Layihə Hindistandan Avro­paya Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordani­ya və İsrail üzərindən dəmiryol xətləri və liman infrastrukturunun inteqrasiyasını nəzərdə tutur. Onun icrası nəticəsində malların Hindistandan Avropaya indikindən 40 faiz daha tez ucuz çatdırılması mümkün olacaq. 

Ermənistan nədən narahatdır? - Elxan Şahinoğlu açıqladı ...

Çindən fərqli olaraq Hindistan qonşu ölkələr və böyük güclərlə münasibətlərdə problem yaşamır. Hindistanın ABŞ-la strateji əməkdaşlığı gücləndirməsi, o cümlədən QUAD üzvləri Yaponiya və Avstraliya ilə müxtəlif sazişlər imzalaması buna sübutdur. Bunun qarşılığında Çinin qonşuluqdakı dövlətlərin bir qismi ilə ərazi problemi mövcuddur. Buna baxmayaraq, Çin əlindəki imkanlardan istifadə edərək Hindistanın dünyaya çıxış imkanlarını məhdudlaşdırmağa çalışır. Bununla Çin Hindistanın artan ambisiyalarını boğmaq istəyir. Çin Hindistanın cənub sahillərini müxtəlif məqsədli limanlarla əhatə etməyə başlayıb. Çinin Pakistanda, Şri-Lankada, Myanmada, Banqladeşdə, Keniyada, Afrika qitəsində Cibutidə limanları var. Dehli bu limanların Hindistanın dünyaya çıxışını məhdudlaşdırmağa yönəlmiş "mirvarilər silsiləsi" təşkil etdiyi qənaətindədir. Hindistanın qonşu ölkələrdə bu qədər limanı yoxdur. Dehli bunun əvəzinə tərəfdaş ölkələrlə ikitərəli və çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirib. Hindistan qlobal gücə çevrilməyə çalışır. Əlbəttə, yaxın illərdə Çini ötmək çətindir. Ancaq Dehli tədricən Çinlə arasındakı fərqi azaltmağa çalışır. Misal üçün Hindistanda yarımkeçiricilərin istehsalı üçün milyardlarla dollar yatırım ayrılıb. Yarımkeçiricilər elektron cihazların funksionallığını gücləndirən mühüm sənaye sahəsidir. Hindistanda çip dizaynı, proqram təminatının inkişafı, sistem sxemləri və bu istehsalın təchizat zəncirinin idarə edilməsi sahələrində 1 milyon iş yeri yaradılacağı proqnozlaşdırılır".

Politoloq qeyd edib ki,  QUAD üzvlərindən Yaponiya və Avstraliya da Çindən geri qalan sahələrini gücləndirməyə çalışırlar:

"Yaponiyanın və Avstraliyanın iqtisadi sahədə problemləri olmasa da, hərbi sahədə Çindən geri qalırlar. Bu səbəbdən Avstraliya və Yaponiya son illər hərbi büdcələrini artırıb və müxtəlif növ hərbi texnika istehsalını gücləndiriblər".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR