Onlayn ictimai-siyasi qəzet
Avstriyanın Qrats şəhərində məktəbə silahlı hücum edən şəxsin evində aparılan axtarış zamanı istifadə üçün yararsız, lakin təhlükəli hesab edilən əldəqayırma partlayıcı qurğu aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Heute" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayıb.
Məlumata görə, Qratsın ətrafında yaşayan Artur A. adlı 21 yaşlı şəxs hücumdan əvvəl valideynlərinin evində anasına ünvanladığı vida videosu çəkib. O, videoda bu addımı tamamilə öz iradəsi ilə atdığını bildirib.
Anası videonu oğlunun göndərməsindən 24 dəqiqə sonra alıb və dərhal polisə məlumat verib. Təəssüf ki, həmin ana qədər oğlu artıq məktəbdə insanlara atəş açırmış.
Qeyd edək ki, sosial şəbəkələrdə hücumçunun erməniəsilli Artur Avetisyan olduğu barədə məlumatlar yayılıb.
Avstriyanın daxili işlər naziri Gerxard Karner hadisə ilə bağlı açıqlamasında bildirib ki, hücum edən şəxs vaxtilə həmin məktəbdə təhsil alıb, lakin oranı bitirməyib.
Polis daha əvvəl bildirmişdi ki, hücum edən şəxs təhsil müəssisəsinin binasında intihar edib. Onun hərəkətlərinin motivləri hələlik rəsmi olaraq məlum deyil.
"Kronen Zeitung" qəzetinin yazdığına görə, Artur A. evində vida məktubu da qoyub. Məktubun məzmunu ictimaiyyətə açıqlanmayıb.
Xatırladaq ki, iyunun 10-da Qratsda məktəbdə baş verən atışmada 11 nəfər ölüb, 30-a yaxın insan xəstəxanaya yerləşdirilib. Faciə ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub.
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ