Onlayn ictimai-siyasi qəzet
Deputat: “Ölkəmizin sədrliyi dövründə hərəkatın dünyada nüfuzu daha da artmış oldu”
Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyinin başa çatmasına az vaxt qalır. Gələn il yanvarın 15-20-də Uqandanın Kampala şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 19-cu Zirvə görüşü ilə hərəkata sədrlik Azərbaycandan Uqandaya keçəcək. Buna baxmayaraq, ölkəmiz növbəti üç il müddətində hərəkatın “sədrlik troykası”nda yer alacaq.
Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Qurum 1961-ci ildə Fidel Kastro və marşal İosif Titonun rəhbərliyi ilə o zamankı Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatı adı ilə yaradılıb.
Azərbaycan Qoşulmama Hərəkatında 2011-ci ildən fəaliyyət göstərir. Fəaliyyətinin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunub. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi bu idi. 120 ölkənin yekdil dəstəyi ilə Azərbaycan Qoşulmama Hərəkatına 2019-2022-ci ilə qədər sədrliyi üzərinə götürdü. Qoşulmama Hərəkatına sədrliyimizin yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması ölkəmizə böyük hörmət və fəaliyyətinin qiymətləndirilməsi demək idi.
Aydın Hüseynov
Milli Məclisin deputatı Aydın Hüseynov bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanın Qoşulmama Hərəkatının sədrliyi dövrü bu beynəlxalq təşkilatın tarixinin ən parlaq dövrlərindən biri kimi yaddaşlarda, tarixdə qalacaq: "Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etdiyi 4 il dünyanın COVİD-19 bəlası ilə üz-üzə qaldığı dövrə təsadüf etdi. Pandemiya bütün dünya dövlətlərinin, xalqlarının həyatında böyük çətinliklər, yeniliklər meydana gətirdi. Azərbaycan belə bir çətin və həssas zamanda Qoşulmama Hərəkatının dünyanın ən aktiv beynəlxalq təşkilat kimi fəaliyyət göstərməsinə nail olmağı bacardı. Azərbaycanın, Azərbaycan Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, qurumun institusional inkişafına ciddi töhfələr verdi. Qoşulmama Hərəkatı Azərbaycanın sədrlik dövründə özünün qızıl dövrünü yaşadı. Azərbaycanın dünyanın ən nəhəng beynəlxalq təşkilatı sayılan Birləşmiş Millətlər Təşkilatına üzvlükdən başlanan yolu Avropa Şurasına üzvlüyə, Avropa İttifaqı ilə sıx əməkdaşlığa, NATO ilə əməkdaşlığa, MDB üzvlüyünə, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatına və digər çoxsaylı beynəlxalq statuslu təşkilatlara üzv olmağa qədər inkişaf etmişdir. Xarici siyasət istiqamətində yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimiz xüsusi qeyd edilməlidir. Bu qurumda Azərbaycanın sədrliyinin 2022-ci ildə daha bir il uzadılması barədə qərarın verilməsi Azərbaycanın sədrliyinə verilən önəmin əyani sübutu idi. Bu, onu göstərirdi ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanıb və bizə olan inam bu illər ərzində daha da artıb”.
Deputat eyni zamanda vurğuladı ki, ölkəmiz Qoşulmama Hərəkatının timsalında özünün haqq səsini dünyaya bəyan edən, kifayət qədər ciddi platforma qazandı və ondan yetərincə faydalanmağı bacardı: “2020-ci ilin Vətən müharibəsi günlərində BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısını yeddi Qoşulmama Hərəkatı ölkəsi böyük inamla aldı. Torpaqlarımızn işğaldan azad olunmasından sonra ölkəmizin yeni çağırışlarla - dağıntılarla, mina partlayışları ilə, ərazilərin bərpası məsələləri ilə, itkin düşmüş şəxslər problemlərilə üzləşdi. Bu zaman da Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin timsalında etibarlı tərəfdaşlar tapdı. Prezident İlham Əliyev hərəkata üzv ölkələrin bir hissəsinin mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış etdi. Dövlət başçımızın bu təşəbbüsü də geniş dəstək qazandı.
Azərbaycan Qoşulmama Hərəkatının ən fəal sədri kimi qəbul edilir. Ölkəmiz qurumun fəal sədri kimi bu təsisatın institusional inkişafı üçün çox böyük ideyalarla çıxış etdi və bu ideyaların gerçəkləşdirilməsinə nail olundu. Nəticədə hərəkatın dünyada nüfuzu daha da artmış oldu. Keçən il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması, eyni zamanda Gənclər Platformasının yaradılması, Gənclər forumunun keçirilməsi və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılması prosesi
Hərəkatın yaranmasından indiyə qədər keçən dövrün tarixi hadisələrindən sayılır. Azərbaycan bu hərəkatın çox böyük potensialı olan qurum olduğunu praktiki şəkildə sübuta yetirdi. Dünya gördü ki, məhz Qoşulmama Hərəkatı həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün ən yaxşı platformadır".
A.Hüseynovun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bir daha göstərdi ki, Azərbaycan ən böyük təşkilatlara sədrlik etmək imkanları olan dövlətdir. Azərbaycanın beynəlxalq arenada oynadığı rol, həmçinin Qoşulmama Hərəkatının sədri kimi göstərdiyi həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyi humanitar dəstək, xüsusilə COVİD-lə bağlı 80-dən çox ölkəyə göstərdiyi dəstək ölkəmizin beynəlxalq nüfuzuna önəmli təsir göstərdi.
HAZIRLADI: Etibar SEYİDAĞA
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ