İnsanlara hürriyət, millətlərə istiqlal!

Qomel prosesi – alman generallarının DƏHŞƏTLİ ETİRAFLARI

II Dünya müharibəsindən sonra alman faşizminin törətdiyi hərbi və insanlığa qarşı cinayətlərin müəllifləri təkcə Nürnberq prosesində mahakimə olunmayıblar.

Hərbi cinayətkarlar üçün Avropanın bir sıra ölkələrində, o cümlədən SSRİ-də də məhkəmələr qurulub. Belə proseslərdən biri 1947-ci ilin 13-20 dekabr tarixlərində Belarusiyanın Qomel şəhərində keçirilib. Şahidlərin sayının çox olmasından proses üçün Lenin adına Dəmiryolçuları Klubu məhkəmənin ixtiyarına verilib.

ETİRAF.jpg (105 KB)

Qomel prosesində Vermaxtın məşhur 110-cu piyada diviziyasının 11 yüksək rütbəli zabiti və müharibə dövründə onlara yaxından köməklik edən 6 yerli sakin mühakimə edilib.

İttihamnamədə nasist Almaniyasının iki ildən artıq müddətdə, 1941-1943-cü illərdə işğal altında saxladıqları Qomel vilayətində insanlığa qarşı törədilmiş cinayətlər əks olunub. Belə ki, bu illər ərzində almanlar 22 324 nəfər dinc əhalini qətlə yetiriblər ki, onlardan 3962 nəfəri qadın, 2719 nəfəri uşaq olub. Qətllər güllələnmə, yandırma, işgəncə vasitəsi ilə həyata keçirilib. Bununla yanaşı, Vermaxt qoşunları 11 min hərbçini əsir götürərək ən ağır işgəncələrə məruz qoyublar. Hətta alman diviziyasının həkim personalı meyitlərin və canlıların üzərində tibbi sınaqlar da aparıblar.

Qeyd edək ki, Qomeldə hərbi cinayət törədənlərin əsas başçılarından biri 110-cu piyada diviziyasının 254-cü alayının komandiri general-mayor Kolsdorfer olub. Məhz onun təşəbbüsü sayəsində Qomeldə müvəqqəti saxlama təcridxanası adı altında ölüm düşərgəsi yaradılıb. Təkcə bu düşərgədə 6 ay ərzində 9 min nəfər əsir və girov öldürülüb.

GİROV.jpg (75 KB)

Kolsdorferin cəza metodları da fərqli olub. Alman generalı tabeçiliyində olanların işini yüngülləşdirmək və gülləyə qənaət etmək üçün xüsusi üsuldan istifadə edib. O, yoluxucu xəstəliklərdən ölümcül vəziyyətdə olanları sağlam əsir və girovların arasına salıb və çox qısa bir müddət ərzində minlərlə əsir xəstəliyə yoluxaraq ölüb.

Kolsdorferin “işgüzarlığı” sayəsində düşərgə üçün ayrılan minimum ərzaq paylarının 60-70 faizi generalın əlaltıları tərəfindən yerli sakinlərə satılıb. Bir illik xidmətindən sonra general Qomelin bir neçə kilometrliyində təbiət qoynunda özünə mövcud dövr üçün dəbdəbəli sayılan iqamətgah da tikdirib və bu iqamətgahda Kolsdorferin əyləncələri bəzən sutkalarla davam edib.

8 gün davam edən prosesin ilk 5 günündə şahidlər dindirilib. General ona qarşı sürülən ittihamları və şahid ifadələrini təbəssümlə qarşılayıb:

- Mən məhkəmədən xahiş edirəm ki, çoxsaylı şahidlərin vaxtını boş yerə almasın. Məni, bir alman generalını cəzalandırmaq üçün yüzlərlə şahidi bura çağırmaq mənasız bir işdir. Mən onlarsız da bu prosesdə etiraflarımı edəcəyəm. Amma rica edirəm, mənim etiraflarımı səhvim kimi qəbul etməyəsiniz. Mən müharibə dövründə nə etmişəmsə, düzgün etmişəm və təəssüf hissi keçirmirəm.

HAKİM.jpg (73 KB)

Məhkəmənin ona “insanlığa qarşı cinayət törətmənizi də etiraf edirsinizmi” sualına isə general belə cavab verib:

- Sualınız məni təəccübləndirir. Müharibə dövründə hansı insanlıqdan söhbət gedə bilər? Sualınıza bir sualla cavab vermək istəyirəm. Sovet qoşunları Berlində, Drezdendə və Almaniyanın digər şəhərlərində hərbi əməliyyatlar keçirəndə, on minlərlə dinc əhalini məhv edəndə lüğətdən insanlıq sözü çıxarılmışdı? Yoxsa bu söz təkcə almanlara aiddir? Bəli, indi mən etiraf edirəm ki, Qomeldəki düşərgədə minlərlə insanın ölümünə hökm vermişəm. Bizə xəstə əsir və girovlar lazım deyildi. Biz onları müalicə etməyə, qidalandırmağa məcbur deyildik. Bizə sağlam əsirlər lazım idi. Məqsədimiz də onların qanını son damlayadək çəkib alman döyüşçülərinə vermək idi. İki il ərzində mən bu məqsədə nail oldum. Qürur hissi keçirirəm ki, Adolf Hitlerin bu göstərişini yerinə yetirə bilmişəm.

İttiham olunanlardan daha bir general, Kulmer isə hakimin “Siz bir gündə 2448 nəfər dinc əhalini, qadınları, yaşlıları, uşaqları bir neçə məktəb binasına dolduraraq yandırmağınızı etiraf edirsinizmi” sualına belə cavab verib:

- Bəli, mən bunu etiraf edirəm. Bu mənim tapşırığımla olub. Bunu məndən Üçüncü reyxin rəhbərliyi tələb edib. Vermaxt qoşunlarının bu ərazidən cənub istiqamətinə maneəsiz keçməsi üçün mən bunu etmişəm. Etməyəcəyim təqdirdə bizim qoşunlar ərazidən keçən zaman partizan dəstələrinin hücumuna məruz qalacaqdılar. Mən buna yol verə bilməzdim.

ETİRAF SON.jpg (102 KB)

8 gün davam edən Qomel prosesində hakimlərin işi çətinliyə düşməyib. Nə şahid ifadələrinə, nə əlavə dəlil və sübutlara, nə də təkrar istintaq araşdırmalarına ehtiyac qalıb. İki gün ərzində alman zabitləri öz cinayətlərini etiraf ediblər. Məhkəmənin hökmü ilə ittiham olunan 11 nəfərdən 3-ü ölüm hökmünə, 7 nəfəri isə 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR