Onlayn ictimai-siyasi qəzet
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində “Aztelekom” MMC Qobustan rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.
Musavat.com xəbər verir ki, Qobustan şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər mərkəzində 3613 təsərrüfatdan 2233 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.
Rayonun Dərəkənd, Cəyirli, Çelov, Qurbançı, Ərəbşahverdi, Bədəlli, Sədəfli, Cəmcəmli, Ərəbqədim, Göydərə, Nardaran, Yekəxana, Təsi, Poladlı, Təklə, Təklə Mirzəbaba, Çuxanlı, Nabur, Bəklə, Xilmilli kəndlərində və Üzümçü qəsəbəsində 3486 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb.
Ümumilikdə rayonda mövcud təsərrüfatların 90%-nin genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 4401 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.
GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (40 Mbit/s-dən 100 Mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 48 AZN-dək dəyişir.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.
Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Qeyd edək ki, ümumilikdə 2,49 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 85%-ni təşkil edir.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ