Onlayn ictimai-siyasi qəzet
Azərbaycan COP29 zamanı dünyada hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır: “Hazırda dünyanın bir sıra bölgələrində münaqişələr, müharibələr davam edir. Bu qanlı toqquşmalar dünyamız üçün fəlakətlərə səbəb olur. Bəşəriyyətin gələcəyi naminə qarşıdurmalara son qoymaq və sülhə nail olmaq üçün bütün imkanlardan istifadə olunmalıdır. Bu mənada, Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 tədbiri yaxşı fürsət ola bilər”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycan COP29 zamanı dünyada hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır: " Tarixə nəzər salsaq görərik ki, bütün irimiqyaslı qlobal tədbirlər həmişə barışıq fəlsəfəsinə əsaslanıb. Misal üçün, Olimpiya hərəkatı ilə müharibə ideyaları bir-birinə tamam ziddir. Olimpiadalar zamanı hətta münaqişə şəraitində olan ölkələrin belə nümayəndələri idman yarışlarına çıxaraq qüvvələrini sınayırlar. Qalib mütləq qaydada rəqibinin əlini sıxır. Bu, sağlam mübarizədir və bütün dünyada barışıq yaratmağa xidmət edir".
Millət vəkilinin sözlərinə görə, ölkəmizin ev sahibliyi edəcəyi COP29-da əhatə dairəsi baxımından BMT-nin ən böyük tədbirlərindən biri sayılır: "Tədbirə qatılmaq üçün ölkəmizə on minlərlə qonağın gələcəyi gözlənilir. Eyni zamanda, tədbirdə iştirakla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin adından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf ölkələrin dövlət və hökumət başçılarına dəvət məktubları göndərilib. Beləliklə, COP29 ərəfəsində dünyanın nəzərləri Azərbaycana yönələcək. İqlim dəyişikliyi kimi aktual çağırışın müzakirə olunacağı tədbir zamanı müharibələrin dayandırılması da mümkün və tam realdır. Əsas məqsəd və birgə hədəflərimiz dünyanı hər cəhətdən daha təhlükəsiz etmək olmalıdır.
“Azərbaycanın COP29 tədbiri ilə bağlı sülh çağırışı etməsi heç də təsadüfi deyil. Dünyada sülhün zəruriliyini Azərbaycan çox yaxşı anlayır. Çünki uzun illər ölkəmiz və xalqımız Ermənistanın işğalçı siaysətindən əziyyət çəkib. Müharibənin ən ağır fəsadlarını yaşayan Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmindən çıxış edir. Ölkəmiz 44 günlük müharibə başa çatandan sonra işğaldan təmizlənən ərazilərində öz gücünə quruculuq-bərpa işlərinə başladı və məğlub Ermənistana beş bənddən ibarət sülh paketi təqdim etdi. Həmin paket sırf beynəlxalq hüquq normalarına istinad olunmaqla hazırlanıb. Azərbaycan o mövqedən çıxış edir ki, 44 günlük müharibənin və lokal xarakterli antiterror tədbirlərinin nəticəsində yaranan yeni reallıqlar regonda sülh, sabitlik və etimad quruculuğu üçün geniş imkanlar açıb. Bundan maksimum dərəcədə istifadə olunmalıdır. Sülh gündəliyinə sadiq qalan Azərbaycan tənzimləmə prosesinin irəliləməsi üçün bütün platformalarda konstruktiv yanaşmalar sərgiləyir. Azərbaycan bu gün də sülh gündəliyinə sadiqliyini nümayiş etdirir. İqlim dəyişikliyinə qarşı mübarizə ilə yanaşı, Azərbaycan COP29-un sülh sahəsində növbəti uğur hekayəsinə və sülh konfransına çevrilməsi üçün əlavə səylər göstərir və bundan sonra da göstərəcək”.
Afaq Mirayiq,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ