İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal məzmunlu çağırış - Prezident dünyaya bu mesajları verib

“Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik”.

Ümumbəşəri dəyər və amalları özündə ehtiva edən bu fikirlərin Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda yerləşən Baş Qərargahının girişində yazılmış sözlər olduğunu düşünə bilərsiniz. Xeyr, sözün əsl mənasında tarixi və ümumbəşəri əhəmiyyət kəsb edən bu sitat Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur. Ölkə başçısı bu fikri cari ilin 4 iyun tarixində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz-“Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji-“Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində səsləndirib.

Prezident İlham Əliyev 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power”  sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-3

Prezident İlham Əliyevin bu sözləri hər hansı bir siyasi iddianın təzahürü deyil, səsləndirilmiş fikirlər dövlət başçısının bilavasitə siyasi niyyətinin məzmun və mahiyyətini əks etdirir. Odur ki, dünyada müxtəlif münaqişə və kataklizmaların sayının artdığı dövrdə Prezidentin sözügedən fikirləri beynəlxalq ictimaiyyət tərəfindən sözün əsl mənasında qlobal məzmunlu çağırış kimi qəbul olunmalıdır.

Gəlin ölkə başçısı tərəfindən səsləndirilən sitatda əksini tapmış ifadələrə ayrı-ayrılıqda diqqət yetirək. “Bir-birimizi günahlandırmağı dayandırmalıyıq” – bu sözlər dünyanı bilavasitə sülhə və barışa çağırır. Qeyd olunan fikir “güc” amilindən siyasi alət kimi istifadə etməkdən imtina olunmasını tələb edir. Bu sözlər ölkələri münaqişəyə yox, bərabərhüquqlu inteqrasiyaya səmimi dəvətdir. Cənab Prezidentin qeyd olunan sözləri, əslində, beynəlxalq təşkilatları da tərksilah edir. Unutmayaq ki, məhz “günahlandırmaq” – beynəlxalq təşkilatların ən sevimli manipulyasiya alətidir. “Səylərimizi səfərbər etməliyik” – sülh və dünya naminə potensialların səfərbər olunmasına çağıran bu sözlər özündə müasir diplomatiyanın şüar və funksional fəlsəfəsinə çevrilmək iqtidarında olan məzmununu ehtiva edir. “İddialardan əl çəkməliyik” – qeyd olunan bu fikir isə ədalətli inteqrasiyanın ideoloji düsturuna çevirilməlidir. “Diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik” – klassik humanizm ideyalarından qidalanan bu sözlər artıq gələcəyə yönəlmiş siyasi düşüncənin nadir nümunəsi kimi qəbul olunmalıdır. Prezidentin bu sözləri ictimai təfəkkürdə siyasətlə bağlı yaşanan bütün neqativ stereotiplərə rəğmən sübut edir ki, siyasət dünyaya sülh, barış və inkişaf gətirmək gücündə olan sahədir. Dünyamızın gələcəyi müstəvisində “övlad” və “gələcək nəsil” kimi məfhumlar bütün arzu və amalların toxunulmaz prioritetləridir, onları dilə gətirən isə yenə də Azərbaycan Respublikasının Prezidenti oldu.

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian  Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində  iştirak edib - “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT  Koalisiyası

Siyasi dəyərlər kontekstini inkişaf etdirərək dövlət başçısının sözügedən çıxışındakı digər sözlərə də müraciət edək: “Bu etibar onilliklər ərzində qazanılıb... Bizim sözümüz imzamız qədər dəyərlidir”. Artıq heç kim üçün sirr deyil ki, beynəlxalq münasibətlər sistemində “etibar” böyük ideoloji və humanitar defisitdir. Hətta onu da qeyd edə bilərik ki, dünyada yaşanan müxtəlif siyasi proseslər fonunda məhz “etibar” amili ən böyük defisitdir. Xatırlanması yerinə düşər ki, məhz beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan “ikili standartlar” siyasəti səbəbindən “etibarsızlıq” müasir dünyamızı xarakterizə edən əsas xüsusiyyətlərindən birinə çevrilib. Dövlət başçısının yanaşması və sərgilədiyi bu cür ədalətli mövqe bütün beynəlxalq təşkilatların ideoloji yol xəritəsinin əsasını təşkil edə bilər.

Prezident İlham Əliyevin dünyanı narahat edən məsələlərə dair bu cür yanaşması sadəcə peşəkar və konstruktiv siyasətin, ya da ki, “zərgər” diplomatiyanın göstəricisi deyil. Belə yanaşma dünyanı və beynəlxalq münasibətlər sistemini xilas edə biləcək güclü və iradəli siyasətin təzahürüdür. Xüsusilə və mütləq nəzərə alınmalıdır ki, Prezidentin bu çağırışları qlobal xarakterlidir. Onların məzmunu sadəcə hər hansı bir region üçün yox, bütün dünya üçün xüsusi aktuallıq kəsb edir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin bəhs etdiyimiz bu cür yanaşma və prinsipial mövqeyi “Sülh” üzrə Nobel mükafatının bütün meyarlarına cavab verir.

Prezident sərgilərin açılışında iştirak etdi – Yenilənib

30 il ərzində beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilmiş “ikili standartlar” siyasətinin, beynəlxalq riyakarlığın və vasitəçilik simulyasiyalarının əziyyətini çəkmiş xalq sonda beynəlxalq və tarixi ədaləti özü bərpa etməyə məcbur oldu. Azərbaycan xalqının Qələbəsi isə bütün regiona sülh gətirdi. Odur ki, Qalib xalqın lideri olan, habelə israrla dünyada sülhü və birgəyaşayış dəyərlərini davamlı olaraq təbliğ edən bir siyasətçi qaçılmaz olaraq sülhün rəmzinə çevrilməlidir. Prezidentin qlobal çağırışları və həyata keçirdiyi qətiyyətli addımları bütün sülhsevər qüvvələr üçün örnək və nümunə ola bilər. Əlbəttə ki, qeyd olunanları çox gözəl anlayan bəzi “qlobal iddialı” liderləri sözügedən ehtimal narahat etməyə bilməz. Axı Prezident İlham Əliyevin siyasəti sayəsində region onların təsir arealından çıxır.

Bütün bunları nəzərə alaraq çəkinmədən deməliyik ki, Prezident İlham Əliyevin bəhs olunan yanaşması Qələbədən sonrakı müasir azərbaycanlının ictimai-siyasi təfəkkürünün parçasına çevrilməlidir. Bu cür yanaşma və bu cür siyasi dəyərlər mütləq olaraq hər bir qalib azərbaycanlının sahib olacağı yeni milli ideologiyanı xarakterizə etməlidir. Uğur qazanmış dünya ölkələrinin tarixi aşkar şəkildə göstərir ki, məhz milli və vətəndaşlıq mənsubiyyəti fərdi fəxr hisslərinin səbəbi olduğu cəmiyyətlər surətli inkişafa müvəffəq olurlar. Prezident İlham Əliyevin sərgilədiyi mövqe və nümayiş etdirdiyi peşəkarlıq məhz həmin fəxr hisslərinin açarıdır. Təsadüfi deyil ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfəri ilə əlaqədar bu ilin 5 iyun tarixində mətbuata verdiyi bəyanatda qeyd edir: “Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər”. 

Vətənini sevən və dövlətin inkişafını arzulayan hər bir vətəndaş bu cür nümunələrlə fəxr etməlidir.

Politoloq Asif Adil

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR