İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılca yeni canlar almaqda... - Professordan XƏBƏRDARLIQ

“Virusun yeni xassə göstərməsi...” - Professordan XƏBƏRDARLIQ 

Qızılca yenə canlar alır. Dünən Astara rayonunda 6 yaşlı uşaq qızılcadan ölüb. Hadisə rayonun Maşxan kəndində baş verib. Belə ki, kənd sakini - 2018-ci il təvəllüdlü Y.Ə.-də 4 gün əvvəl qızdırma olub. Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. Buna baxmayaraq, uşağın hərarəti enməyib, əksinə, vəziyyəti daha da pisləşib. Dünən isə təcili yardım xidməti ilə uşaq yenidən xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Bu gün də daha bir nəfər qızılcadan vəfat edib. Cəlilabad rayon Alar kənd sakini, 2010-cu il təvəllüdlü İbayev Yusif Bəhruz oğlu qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, vəfat edib.

Ölüm halları niyə azalmır? Niyə virusa qalib gəlmək olmur?

Həkimlər arasında fikir ayrılıqları yaranıb. İnfeksionistlər xəstəliyin formasını dəyişmədiyini deyir, pediatrlar isə tam əksini deyir. Ənənəvi halda qızılca zamanı səpgilər 3-5 gün ərzində yaranırdısa, hazırda qızılcaya yoluxanların əksəriyyətində səpgilər bir həftədən sonra aşkara çıxır. Bu, həkimləri də çaşbaş salıb, valideynləri də. Ağırlaşmaların olmasını həm də bununla əlaqələndirirlər. Üstəgəl, yaşlıların da virusdan ağırlaşması, hətta ölməsi virusun qeyri-ənənəvi formada özünü büruzə verdiyini göstərir.

_128532094_qeybulla.jpg (28 KB)

Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikirlərini bildirib:

“Hazırda dünyanın əksər ölkələrində qızılcanın yeni formada özünü göstərməsi alimlərin, tibb işçilərinin diqqətindən yayınmır. Bu, təkcə vaksinasiya olunmamaqla bağlı deyil. Həm də virusun yeni xassə göstərməsinə bağlıdır. Qızılca RNT daşıyıcı virusdur, dəyişikliyə uğrayır. Dəyişikliyə uğradıqda yeni xassə qazanır. Ümumiyyətlə, Azərbaycanda bir müddət insanlar milli peyvənd təqviminə daxil olan qızılca vaksinasiyasından yayınıblar. Nəinki qızılcadan, digərlərindən də yayınıblar. Qızılca milli peyvənd təqvimi ilə uşaqlara 1 və 10 yaşında vurulur, bununla da immunitet yaranır. Düzdür, vaksinasiya olunan şəxslər də qızılcaya yoluxa bilər. Amma onlarda təhlükəli ağırlaşmalar olmur”.

Həkim əlavə edib ki, hazırda qızılcanın bu şəkildə geniş yayılması müəyyən yaş kateqoriyasına aid olan uşaqların vaksindən kənarda qalması deməkdir:

“Bu cür ağırlaşmaların olması təbiidir. Çünki kütləvi yoluxmaların fonunda ölüm hallarının olması təbiidir. Nəzərə alaq ki, qızılcadan ölüm halları ağciyərin iltihabına, pnevmoniyaya və beyin ödəminə bağlıdır. Bu cür ağırlaşmalar baş verdikdə əlbəttə, gözlənilməz mənfi nəticələr çox olur. Qızılca ayrı-ayrı orqanizmlərdə müxtəlif cür gedişatla özünü göstərə bilər. Yəqin ki, hansısa immun sistemə aid müdafiə mexanizmləri var ki, bir sıra uşaqlar bunu ayaqüstü keçirir, bəziləri isə çox ağır keçirir. Ona görə də xəstəliyə ciddi yanaşılmalıdır. Xəstələnməyən uşaqlar vaxtında peyvənd olunmalıdır. Xəstələnənlər dərhal yataq rejiminə keçirilməlidir ki, bu ağırlaşmalar baş verməsin”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR