İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılca ilə bağlı yoluxma azalır, yoxsa artır? - açıqlama

Pediatr: “Stabilləşmə var, amma...”

Ölkədə əhali arasında qızılca virusuna yoluxma davam edir. Bununla belə, səhiyyə qurumları gündəlik yoluxma və peyvənd olunma sayı ilə bağlı statistik məlumatları açıqlamırlar. TƏBİB-dən “Yeni Müsavat”ın bununla bağlı sorğusuna belə cavab verilib: “Qızılca ilə bağlı statistika daim dinamik və dəyişkən olduğu üçün məlumat verilə bilmir”. 

“Əgər qızılca diaqnozu təsdiqlənibsə, valideynlərin məktəbə, uşaq bağçalarına bu barədə bildirmələri tövsiyə olunur”. Bunu isə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova bildirib. O qeyd edib ki, sağlam uşaq qızılca xəstəsi ilə təmasda olduğu təqdirdə o, 72 saat ərzində qızılcaya qarşı peyvənd edilməlidir: "Xəstə uşağın ayrı otaqda saxlanması tövsiyə olunur. Otağın tez-tez havalandırılması və günəş işığı düşməsinə, eyni zamanda otaqda rütubətə diqqət yetirilməlidir. Xəstə uşağa qulluq edən şəxslər maskadan istifadə etməlidirlər. Uşağın rasionuna A vitamini ilə zəngin qidaları, məsələn, yerkökü, həmçinin portağal, yumurta və s. ərzaqları daxil etmək tövsiyə olunur. Qızılca əsasən körpə və azyaşlı uşaqlar arasında yayılan bir xəstəlikdir. Xüsusi müalicəsi olmasa da, uşağın immun sistemini gücləndirmək, simptomları yüngülləşdirmək, ağırlaşmaları aradan qaldırmaq mümkündür".

Qızılca orqanizmdə hansı fəsadları yarada bilər? - İnfeksionist ilə  MÜSAHİBƏ | 1news.az | Xəbərlər

Səbinə Cəfərova

Həkim  vaksinasiya ilə bağlı vacib məlumatları diqqətə çatdırıb: “Qızılca və xəstəliyin ötürülməsinin qarşısını almağın ən effektiv yolu vaksinasiyadır. Peyvənd əsasən uşaqlıq dövründə (12-15 ay və 6 yaşda) vurulur. 2014-cü ildən vaksin preparatları Azərbaycana Səhiyyə Nazirliyi tərəfindən UNİCEF xətti ilə gətirilir. İstehsalçı ölkədən asılı olmayaraq ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir.

Həkim məsləhəti kimi, bir çağırış olaraq valideynlərə demək istərdim ki, övladlarının sağlamlığına son dərəcədə diqqətli olsunlar. Uşaqlarının qızılcadan qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə mütləq olaraq 1 və 6 yaşlarında 2 dəfə peyvənd etdirsinlər.

Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.

Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqların minimum 4 həftə intervalla peyvəndin hər iki dozasının alması tövsiyə olunur.

Valideynlərin nəzərinə çatdırım ki, uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər. Peyvənd qızılcaya yoluxan uşaqlarda xəstəliyin şiddətini və yayılmasını əhəmiyyətli dərəcədə azaldır. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu təxminən 95%-dir".

Qeyd etmək yerinə düşər ki, əhali arasında narazılıq var ki, niyə Elm və Təhsil Nazirliyi məktəblərin distant təhsilə keçməsi ilə bağlı qərar vermir. Bəziləri isə bildirir ki, pandemiya zamanı distant təhsildə problemlər olması səbəbəindən nazirlik bu addımı atmır. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bunun səbəbini belə izah edir: “Elm və Təhsil Nazirliyi ölkədə uşaqlar arasında yayılan qızılca ilə bağlı distant təhsilə keçməyə tələsmir. İndiyədək cəmi 2-3 məktəbin distanta keçdiyi bildirilir. Maraqlıdır ki, hazırda nazirliyin distant təhsillə bağlı imkanları, texnologiyaları və təcrübəsi əvvəlki illərdən daha çoxdur. Doğrudur, indiyədək də ETN distant təhsil formasını tam qanuni müstəviyə gətirə bilməyib.

İndiki halda tətbiq olunan metod ən yaxşı halda “distant texnologiyalardan istifadə edərək tədris prosesinin təşkili” hesab oluna bilər. Hansı ki, buna qanunvericilikdə nəzərdə tutulan distant təhsil forması demək doğru olmazdı. Təəssüf ki, uzun illər keçməsinə baxmayaraq qanunda nəzərdə tutulan bu təhsil formasının oturuşması üçün hüquqi əsaslar indiyədək də yaradılmayıb. Düşünürəm ki, hazırda təhsil müəssisələrində ibtidai siniflərdə qızılcanın çox yayıldığını nəzərə alsaq, distant tədrisə keçmək daha təhlükəsiz və faydalı ola bilərdi. Bildiyim qədər nazirliyin “Virtual məktəb” platforması tam işlək vəziyyətdədir, “Video.edu.az” rəqəmsal  platforması xeyli təkmilləşib və müəllimlərin də ötən illərə nisbətən təcrübəsi çoxdur. Düşünmək olar ki, nazirlik indiki halda COVİD dövrünə nisbətən distanta daha çox hazırdır. Həkimlər də qızılcaya tutulmuş uşaqların digər uşaqlarla yaxın təmasda olmasını məqsədəuyğun hesab etmirlər. Fikrimcə, kütləvi yoluxmanı və real, daha ağır nəticələri gözləmək doğru olmazdı. Belə olan halda, düşünürəm ki, ETN-in qızılca ilə bağlı daha ağır nəticələrdən sığortalanmaq üçün ibtidai siniflərin distanta keçməsi ilə bağlı qərar verməsi doğru və faydalı olardı".

Vaqif Qarayev - E-tibb.az

Vaqif Qarayev

Pediatr Vaqif Qarayev isə hesab edir ki, qızılca ilə bağlı vəziyyət yaxşılaşmağa doğru gedir: “Təki belə olsun. Deməzdim ki, son günlərin peyvənd ajiotajı hesabına olub bu stabilləşmə. Çünki qızılca peyvəndi bir həftə-on gün ərzində immunitet yarada bilməz. Düşünürəm ki, epidemiya ocaqlarındakı qapanmaların xüsusi təsiri oldu. Həm ehtiyatlı valideynlər uşağını bağçaya göndərmədi. Başqa viruslar da var. Yenə də xəstə uşaqlar kollektivlərə aparılır. Bu, çox pis haldır. Müqavimət göstərmək yersizdir.  Bütün hallarda peyvəndlənmə işini davam etdirmək lazımdır. Həm də digər yoluxucu xəstəliklərdən qorunmaq üçün bu çox vacibdir”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR