İnsanlara hürriyət, millətlərə istiqlal!

Qiyamçıların aqibəti – Çoxu axırda zəlil olur, ağlar qalır, əbədi lənət qazanır

Qiyam yolu ilə hakimiyyətə gələnlərin tam əksəriyyətinin aqibəti yaxşı olmur. Bəzilərininki pisdən də pis alınır. Hamısının tarixdəki yeri isə daha betər olur.

Fidel Kastro kimi hakimiyyəti 50 ilə yaxın bir müddətdə əlində saxlayan, sonra da qardaşına ötürən qiyamçı ya bir ola, ya iki.


1980-ci ildə hərbi qiyam təşkil edərək Surinamda hakimiyyətə gələn Dezire Delano Bayterse bəxti gətirən qiyamçılardandır. O, 40 il hakimiyyətdə olduqdan sonra 3 il əvvəl vəzifəsini öz adamına ötürüb, indi asudə yaşayır.

Özü də Bayterse iki dəfə qiyam təşkil edib. 1988-ci ildə o, hakimiyyəti mülki şəxsə - Ramsevak Şankara verib, lakin iki ildən sonra, 1990-cı ildə onu devirib və köhnə hərbi rejimi bərpa edib. Bayterse özünə, nüfuzuna, gücünə o qədər arxayın olub ki, heç bir dövlət vəzifəsi tutmadan ölkəni idarə edib, prezidentləri özü seçib təyin edirmiş. Yalnız 2010-cu ildə Surinamı o cür idarə etməkdən bezərək, özü prezident seçilib, iki müddət dövlət başçısı postunu tutduqdan sonra yenə vəzifədən gedib.

Nikaraquanın prezidenti Daniel Orteqanı hələlik şansı qiyamçı saymaq olar. O, 1984-cü ildə silah zoru ilə hakimiyyətə gəlib, 1990-cı ildə hakimiyyətdən gedib, daha sonra iki dəfə prezident seçkilərinə qatılaraq uduzub, nəhayət, 2007-ci ildə prezident seçilib və o vaxtdan bəri seçilə-seçilə gedir.

Qiyamla, qanla hakimiyyətə gələn, bir müddət törətdiyi dövləti cinayətin bəhərini yeyən, komfort içində yaşadığı zaman qəfildən ölən və ya öldürülən dövlət başçılarını da şanslı saymaq olar.

aminbaysur.JPG (61 KB)

Dünən 64 yaşında ölən Surət Hüseynov bəxtsiz qiyamçılardandır. Onun birinci bəxtsizliyi onda oldu ki, qiyamının əsas barını özü dada bilmədi, bütün qara işi görsə də, devirdiyi iqtidarın yerində özü birinci şəxs olaraq otura bilmədi, hakimiyyət iyerarxiyasında görə, prezident və parlamentin sədri vəzifələrindən sonra gələn üçüncü sayılan baş nazir postuna razılaşdı, ancaq faktiki olaraq onun səlahiyyəti Prezident Aparatının rəhbərindən də az idi. Dördüncü hakimiyyət idi Surət Hüeynov. Əslində bu da formal idi. Çünki güc nazirləri, eləcə də iqtisadi sektora aid nazirlər onu saymırdılar. O, həmişə arxa planda olurdu, sadəcə baş nazir vəzifəsinin maaşını alırdı.

suret-heyder-e1466547639688.jpg (28 KB)

Hüseynovun ikinci bəxtsizliyi onda oldu ki, 1994-cü ilin oktyabrında ikinci dəfə qiyama qalxdı, ancaq o, surinamlı Bayterse olmadığı üçün qiyam uğursuzluqla başa çatdı və o, ölkədən qaçası oldu.

Adamın üçüncü bəxtsizliyi kimi Rusiyadan alınıb gətirilməsini, mühakimə olunmasını və ömürlük həbsə məhkum edilməsini qeyd etmək olar.

Arada yalnız bir dəfə onun bəxti gətirdi, ömürlük məhbus olsa da, əfv olundu.

“Bəxtsiz cavan” ömrünün ən yaxşı illərini türmədə, qürbətdə keçirdi, üzə çıxmağa üzü olmadı, düz-əməlli qocalıq da yaşaya bilmədi, qəfil ölüm onu elə yaxaladı ki, nə etdiklərinə görə zərər yetirdiklərindən üzr istəyə, tövbə edə bildi, nə də özünə necəsə bəraət qazandırmağı bacardı.

Onun bu xalqa etdiyi ən böyük pisliklərdən (qanuni hakimiyyəti devirmək, 19 qvardiya əsgərini güllələmək) biri də ölkəmizi 1993-cü ildə Afrika ölkələrinə tay etməsi oldu. O vaxt Azərbaycanın adı Avropada “banan respublikası” kimi çəkilirdi və uzun müddət üstümüzdə belə bir damğa qaldı (həm də ona görə ki, 1994-cü və 1995-ci illərdə növbəti qiyam cəhdləri baş verdi).

Bu ifadə durduq yerdə ortaya çxmamışdı, 1960-cı illərdən bəri Afrikada 90-a yaxın çevriliş həyata keçirilib. Bunun 70-i hərbi qiyamlar nəticəsində olub. Misirdən tutmuş ta Nigeriyaya qədər əksər Afrika ölkələri vaxtaşırı hərbi qiyamlar nəticəsində formalaşan diktatura rejimləri tərəfindən idarə olunublar. Təkcə Benundə 6, Nigeriyada 7 dövlət çevrilişi baş verib.

Bu günlərdə Nigerdə baş verən dövlət çevrilişi həmin silsilədəndir.

34 yaşlı Surət Hüseynov oz cahilliyi, nadanlığı, korafəhmliyi ilə Azərbaycanın adına beynəlxalq miqyasda ləkə gətirmiş, onu düşmənin qarşısında zəif düşürmüş, öz başımızı özümüzə qatmış və hərb meydanında məğlub duruma salmışdı.

pinoc.JPG (35 KB)

Elə çıxa bilər ki, hakimiyyətdə uzun müddət qalan başqa qiyamçılar sona qədər xoşbəxt olublar. Xeyr. Çilinin qanlı dikatoru Auqusto Pinoçet 1973-cü il sentyabrın 11-də dövlət çevrilişi yolu ilə prezident Salvador Alyendeni hakimiyyətdən devirdi, hərbi xunta yaratdı və 1990-cı ilə Çilinin prezidenti oldu.

Ancaq prezident postunu mülki şəxsə təhvil verdikdən sonra belə düz 8 il Çili ordusunun baş komandanı vəzifəsindən getmədi ki, tökdüyü qanlara görə onu məsuliyyətə cəlb edə bilərlər. Nəhayət, o, bu postunu da təhvil verməli olduqda məsuliyyətə cəlb edilməmək üçün özünə ömürlük senator mandatı təşkil etdi. Yenə də xeyri olmadı, qanlı dikatorun son illəri məhkəmə salonlarında, təcridxanalarda, xüsusi qorunan xəstəxanalarda ev dustağı edilmiş halda keçdi.

kenanevren.jpg (33 KB)

1980-ci ilin 12 sentyabrda Türkiyədə hərbi çevriliş törədərək mülki hakimiyyəti devirən general Kənan Evrenin də taleyi Pinoçetinki kimi oldu. O da vəzifəsini sonda mülki şəxslərə ötürməli oldu, bir müddət rahat yaşasa da, ömrünün son illərində adı törətdiyi çevrilişlə, törətdiyi qəddarlıqlarla bağlı mənfi planda hallandırıldı, barəsində cinayət işləri açıldı və yaşının o vaxtında məhkəmələrə çəkildi.

Uqandanın orta məktəb oxumayan kəmsavad diktatoru İdi Amin 1971-79-cu illərdə ölkəsində zülm və istibdad rejimi quraraq hökmranlıq etsə də, axırda öz aqressivliyinin, qonşu Tanzaniyaya hücum etməsinin qurbanı oldu. Tanzaniya ordusu əks-hücuma keçərək Uqandanın paytaxtını tutanda Amin devrildi və Uqandadan qaçdı, Səudiyyə Ərəbistanına sığındı, bir ara geriyə qayıdıb hakimiyyətini bərpa etmək istəsə də, alınmadı və xaricdə öldü.

754598624179490.jpeg (11 KB)

Uzun sözün kəsəsi, qiyamla hakimiyyətə gəlmək siyasətçi üçün axırıncı yoldur. Belələrinin ya özləri, ya da övladları mütləq bu aktın bədəlini ödəyirlər.

Bu dünyadan N qədər mussolinilər, frankolar, salazarlar, truxilyolar, düvalyelər, samosalar, stressnerlər, əsədlər, mübarəklər, qəzzafilər, səddamlar, fuxomorilər, çaveslər, muqabelər, mengistülər, müşərrəflər gəlib keçib. Surət onların yanında heç kim idi...

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR