Onlayn ictimai-siyasi qəzet
Kaliforniya ştatı və qubernator Qevin Nyusom etirazları yatırmaq üçün Los-Ancelesə Milli Qvardiyanın göndərilməsi qərarının ştat konstitusiyasını pozduğunu əsas gətirərək, ABŞ Prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqsetə qarşı iddia qaldırıb. Bu barədə Kaliforniya ştatının qubernatoru Qevin Nyusom “X” sosial şəbəkəsində paylaşım edib".
Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.
Politoloq qeyd edir ki, Trampın tətbiq etdiyi akt qərarı prezidentə kütləvi iğtişaşlar zamanı federal hərbi qüvvələrdən istifadə etməyə imkan verir:
"Kaliforniya rəsmilərinin San-Fransisko Federal Dairə Məhkəməsinə təqdim etdiyi şikayətdə bildirilib ki, Ağ Evin Milli Qvardiyanı səfərbər etmək qərarı ştatın suverenliyini pozur. Trampın tətbiq etdiyi bu qərar 1807-ci il “Qiyam Aktı”na əsaslanır. Həmin akt prezidentə kütləvi iğtişaşlar zamanı federal hərbi qüvvələrdən istifadə etməyə imkan verir.
Lakin ABŞ Konstitusiyası qubernatorlara geniş səlahiyyət verir. Əgər ştat qubernatoru razılıq verməzsə, federal hökumətin əyalətə müdaxiləsi məhkəmə tərəfindən insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Əgər məhkəmə prezidentin xeyrinə qərar verərsə, bu, uzun illərdir zaman-zaman müzakirə olunan “Qiyam Aktı”nın icra mexanizminə əsaslı dəyişiklik gətirə bilər.
Hadisənin digər tərəfi isə yerli idarəetmə ilə bağlıdır. Belə bir qərar mərkəzi hökumətə yerli idarəçiliyi müəyyən qədər məhdudlaşdırmaq imkanı yarada bilər.
Üçüncü mühüm məqam isə Qevin Nyusomun siyasi karyerası ilə bağlıdır. Əgər o bu məhkəmədən qalib çıxmasa, 2028-ci ildə Demokratlar Partiyasından prezidentliyə vahid namizəd olmaq şansı xeyli zəifləyə bilər. Halbuki Nyusom partiya daxilində liberal baxışlarına görə yüksək nüfuza malikdir. Lakin Kaliforniyada artan küçə cinayətləri və narkotik alveri əhalinin narazılığını artırır və bu, Nyusoma qarşı ictimai tənqidi gücləndirir".
Politoloqun fikrincə, Trampın Kaliforniyaya ordu yeritməsi təkcə iğtişaşlara qarşı addım deyil, həm də federal hökumətlə “mavi ştatlar”, xüsusilə Nyu-York və Kaliforniya kimi liberal bölgələr arasındakı dərin fikir ayrılığını nümayiş etdirir:
"Baş verənlər ABŞ cəmiyyətində siyasi və hüquqi baxımdan ciddi qütbləşməni əks etdirir. Hüquqi baxımdan ictimai asayiş və hüquq-mühafizə orqanlarının fəaliyyəti yerli hakimiyyətin, xarici siyasət və milli təhlükəsizlik məsələləri isə federal hökumətin səlahiyyətindədir. Əgər məhkəmə baş verən hadisələrdə ABŞ-ın milli təhlükəsizliyinə real təhdid aşkar edərsə, Trampın məhkəməni udmaq ehtimalı yüksələcək. Əks təqdirdə isə Nyusomun qalib gəlməsi gözləniləndir.
İstənilən halda, məhkəmənin verəcəyi qərar yalnız bu günə deyil, 2028-ci ildə keçiriləcək prezident seçkilərinə də birbaşa təsir göstərəcək".
Xalidə Gəray,
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ