Onlayn ictimai-siyasi qəzet
Həkim-dietoloq zəhərlənmə riskini önləməyin yollarından danışdı
Qış mövsümündə süfrələrimizin əvəzolunmaz nemətlərindən biri də turşu bağlamalarıdır. Söhbət əsasən pomidor, xiyar və kələm turşularından gedir. Belə zəhərlənmələrindən necə qorunmalı? İnsanlar nələrə diqqət etməlidir? Gündə onlardan nə qədər yemək olar? Ev, yoxsa market bağlamalarına üstünlük verməli? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Azərbaycan mətbəxinin ən böyük mədəniyyətsizliklərindən biri evdə turşu bağlamaqdır. Buna mütləq son qoyulmalıdır. Ümumiyyətlə, turşular zərərli bir qidadır. Biz illər boyu vəziyyətin yaxşılaşdığını görürük. Bazarlarda böyük plastik çəlləklərdə pomidor turşusu, kələm turşusu satılırdı. Yaxşı ki, bu məsələ yığışdırılıb.
Hazırda isə görürük ki, plastik qabların içərisinə üzüm yarpağı doldurulub, üstünə kimyəvi aktiv sirkə tökülür və satılır. Bu, əlbəttə, insanların zəhərlənməsinə gətirib çıxaran amillərdəndir. İnsanlar bilməlidir ki, torpaq bütün mövcud olanların, bütün yaxşıların mənbəyi olduğu kimi, həm də ən təhlükəli bakteriyaların mənbəyidir. Yəni torpaqla təmasda olan xüsusi məhsullardan turşu bağlamaq çox təhlükəlidir və insanlar bundan uzaq durmalıdır. Azad İstehlakçılar Birliyi 20 ildən çoxdur ki, bu məsələni azaltmağa çalışır. Ara dükanlarında və müxtəlif evlərdə hazırlanan turşuların satışına son qoyulmasını istəyir. Lakin biz görürük ki, illərlə azalsa da, bunun qarşısını tam almaq mümkün olmur. Beş ay öncə qərb zonasında bir layihə həyata keçirdik. Evlərdə təlimlər apardıq ki, turşu bağlamanın heç olmasa standartlara uyğun qaydalarını öyrədək və zəhərlənmələrin sayını azaldaq. İnsanlar turşu yemək istəyirlərsə, buyursunlar, sənaye üsulu ilə hazırlanan turşulara üstünlük versinlər. Sənaye üsulu ilə hazırlanan turşular çox diqqətlə izlənilir, xüsusi şəraitdə saxlanılır. Onlar qablaşdırıldıqdan sonra bir ay ərzində bir daha yoxlanılır, xüsusi avadanlıqlarla analiz edilir və yalnız bundan sonra satışa buraxılır. Yəni turşular bir anın içində insanın və ailənin həyatına son qoya bilər. Təsadüfi deyil ki, statistikanı izləsək, görərik ki, zəhərlənmələrin ən çoxu turşularla bağlıdır. İnsanlar turşu qoymaqdan birmənalı şəkildə uzaq durmalıdırlar. Nə qədər azaltsaq, bir o qədər yaxşıdır.
Hətta turşu zəhərləməsə belə, insan orqanizmi üçün zərərli bir qidadır. Ürəyiniz istəyirsə, buyurun, sənaye üsulu ilə hazırlanan turşulardan alın - bütün növləri mövcuddur. Əlbəttə, onlardan da istifadə etməmək daha yaxşıdır, lakin əgər insan çox istəyirsə, buyursun, onu yesin.
Bir sözlə, turşulardan qorunmaq lazımdır - bu, çox qorxulu bir şeydir. Eyni zamanda konservləşdirilmiş digər məhsullardan da ehtiyatlı olmaq vacibdir. Balıqlarla, xüsusən də göbələklərlə çox diqqətli davranmaq lazımdır. Əgər turşunun və ya konservin qapağı şişibsə, onu istifadə etmək olmaz. Açdıqdan sonra üzərindəki hər nə varsa, götürmək lazımdır və s. Bir sözlə, insanlar mümkün qədər turşulardan uzaq durmalıdırlar".
Ləman Süleymanova
Tanınmış dietoloq-həkim Ləman Süleymanova isə qeyd edib: “Qış fəslinin ən çox sevilən qidalarından biri də turşulardır. Statistikanı araşdırsaq, görərik ki, 10 nəfərdən 6-7-si məhz belə qidaları çox sevir. Çox təəssüf ki, məhz qış fəslində turşudan zəhərlənmələrin sayı artır. Ən çox da tərəvəz turşularından, xüsusilə pomidor turşusundan zəhərlənmə halları müşahidə olunur. Turşu hazırlayarkən, birincisi, riskli mühit yaranır - sanitar-gigiyenik qaydalara əməl olunmur, bəzən tərəvəzlər yaxşı yuyulmur və qaynadılmır. Nəticədə patoloji mikroblar əmələ gəlir.
Eyni zamanda pomidor və digər tərəvəz turşularını hazırlayarkən müəyyən preparatlardan, o cümlədən aspirindən, sitramondan və digər dərmanlardan istifadə edirlər. İnsanlar fərqinə varmırlar ki, bu maddələr turşunun xarab olmaması üçün əlavə edilsə də, ciddi əks-təsirlərə səbəb ola bilər. Bu preparatlar turşunun tərkibindəki digər kimyəvi maddələrlə reaksiyaya girərək zəhərli toksinlər yaradır. Genetik modifikasiya olunmuş meyvə və tərəvəzlərdən turşu hazırlanması da təhlükəlidir. Xüsusən də pomidor turşusunu ev şəraitində hazırlamaq qətiyyən olmaz. Çünki ev şəraitində bağlanan pomidorların tərkibindəki zəhərli maddələr aktivləşərək zəhərlənməyə səbəb olur. Bu, “botulizm” adlanan ağır zəhərlənmədir.
Botulizmin ilkin əlamətləri arasında ürəkbulanma olmadan əvvəl insanın görmə qabiliyyətində bulanıqlıq, başgicəllənmə və qarın nahiyəsində sancılar olur. Zəhər aktivləşdikcə, temperatur qəfil yüksələ bilər. Vaxtında tibbi müdaxilə olunmazsa, bu, ölümə səbəb ola bilər. Digər zəhərlənmələr zamanı adətən ürəkbulanma başlayır və insanlar 1-2 gün sonra xəstəxanaya müraciət edirlər. Hətta ev şəraitində çoxlu maye və qatıq qəbul etdikdə belə zəhərlənməni yüngülləşdirmək olur. Lakin botulizmdə nə ürəkbulanma, nə də qusma müşahidə olunur. Bunun əvəzinə, başgicəllənmə və görmədə bulanıqlıq baş verir. İnsanlar isə çox zaman bunun zəhərlənmə olduğunu anlamırlar.
Mənim tövsiyəm budur ki, fabrik istehsalı olan turşulara üstünlük verilsin. Çünki bu məhsullar hazırlanarkən gigiyenik qaydalara riayət olunur və onların tərkibinə diqqətlə yanaşılır. Xüsusilə ev şəraitində hazırlanmış pomidor turşusundan istifadə edilməməlidir. Şəxsən mən özüm turşulardan istifadə etmirəm. Yalnız nadir hallarda kələm turşusu yeyirəm, çünki bu turşu zəhərlənmə riskinə daha az meyillidir. Hətta açıq vəziyyətdə saxlanıldığından o qədər də qorxulu deyil. Lakin bankaya qoyulub bağlanmış turşular daha təhlükəlidir. Çünki ev şəraitində gigiyenik qaydalara və turşuya əlavə edilən kimyəvi maddələrə kifayət qədər diqqət yetirilmir".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ