Onlayn ictimai-siyasi qəzet
“Əgər böyüklər, işgüzar insanlar günə saat 9-da başlayırsa, niyə uşaqlar – daha çox yuxuya və dincliyə ehtiyacı olanlar – daha erkən saatlarda, saat 8-də məktəbə getməlidir? Bu, təkcə məntiqsiz deyil, həm də uşaqların fiziki və zehni sağlamlığına zərər verir”.
Musavat.com xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspert qeyd edib ki, qışın sərt aylarında – yanvar, fevralda səhər 7-8 radələrində hava tamamilə zülmət olur ki, bu da məktəbə gedən uşaqlar üçün bir çox çətinliklər yaradır:
“Sürüşkən yollar, soyuq hava və qaranlıq küçələr məktəblilər üçün təhlükəsiz deyil. Bununla belə, bu uşaqlar dərsə çatmaq üçün ən gec saat 7-də yuxudan oyanmağa məcburdurlar.
Uşaqların inkişafı üçün yetərli yuxu çox vacibdir. Erkən qalxmaq onların yuxu ritmini pozur, dərslərə diqqətini azaldır və ümumi sağlamlığına mənfi təsir göstərir. Böyüklər belə səhər saatlarında çətinlik çəkirsə, uşaqların bu vəziyyətə uyğunlaşmasını gözləmək haqsızlıqdır”.
Kamran Əsədov bütün bunları nəzərə alaraq qış aylarında dərslərin 1 saat gec başlanmasını təklif edir:
“Bu addım uşaqların sağlamlığını və təhlükəsizliyini qoruyar, onların yuxu rejimini tənzimləyər və dərslərdə diqqəti artırar, həm də valideynlər üçün bu erkən səhər tələsikliyini bir qədər yüngülləşdirər”.
Xalidə Gəray
Musavat.com
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ