İnsanlara hürriyət, millətlərə istiqlal!

Qış turizminin inkişafı üçün nə edilir – gələn varmı...

Deputat: “Kəlbəcər dağlarında da kanat xətlərinin, xizək yollarının tikildiyini görəcəyik”

Azərbaycanın hədəflərindən biri də turizmin inkişafıdır. Bu istiqamətdə neçə ildir müxtəlif addımlar atılır. Düzdür, vəziyyət hələ qənaətbəxş hesab olunmur, amma görülən işlər də çoxdur.

Dünyada geniş yayılmış turizm növlərindən biri də qış turizmidir. Bunun üçün Azərbaycanda da normal təbii şərait var.

Xüsusilə Qarabağda – Kəlbəcər, Laçında qış turizmi həvəskarları üçün təbii şərait idealdır.

Bu yöndə hansı addımlar atılır? Nələrə nail olunub?

Qeyd edək ki, qış turizmi dünyada geniş yayılmış və hər il artan bir turizm növüdür. Qış turizmi, xüsusilə soyuq iqlimə malik bölgələrdə, təbii mənzərələrin və qarla örtülü dağların təqdim etdiyi imkanlar sayəsində böyük bir iqtisadi sektor halına gəlib. Qış turizminin ən çox tanınan növü skiar və snowboard kimi qış idmanlarına əsaslanan turizmdir. Dünyanın bir çox bölgəsində, xüsusilə Alp Dağları, Qafqaz dağları və Şimali Amerika bölgələrində bu növ turizm çox populyardır. Turistlər bu ərazilərdə sərfəli qiymətlərlə və yüksək xidmətlərlə qış idmanları ilə məşğul olmaq imkanı tapırlar.

Qış turizmi, termal sular və sanatoriya müalicələri ilə də sıx əlaqəlidir. Soyuq hava şəraitində, dağlıq və təbii mühitlərdə termal suların olduğu bölgələr, sağlamlıq turizmini təşviq edir. Məsələn, İslandiya, Yaponiya, Macarıstan kimi ölkələr, sağlamlıq və rahatlıq məqsədilə qış mövsümündə turistləri qəbul edən məşhur yerlərdir.

İSLAN.jpg (427 KB)

Dünyanın bir çox ölkəsində, qış aylarında təşkil edilən festivallar, işıq şouları, sərgilər, musiqi tədbirləri və bayramlar da qış turizminin vacib hissəsi sayılır. Məsələn, Avropada Milad bazarları, Yaponiyada qış işıq festivalları və Şimali Amerikada qış mövsümündə təşkil edilən musiqi və mədəni tədbirlər turistlərin diqqətini cəlb edir.

Yeri gəlmişkən, son illərdə Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ildə respublikamıza dünyanın 187 ölkəsindən 2085,8 min və ya əvvəlki illə müqayisədə 30,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Ölkəmizdə üç qış turizm mərkəzi fəaliyyət göstərir. Bunlar Qəbələdə yerləşən "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi, Qusarda "Şahdağ" Qış-Yay Turizm Kompleksi və Naxçıvanda Şahbuz rayonundakı "Ağbulaq İstirahət Mərkəzi"dir.  

Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən və ilk dağ-xizək kurortu olan "Şahdağ" Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən fərqlənir və ilboyu fəaliyyət göstərir. Həmçinin "Şahdağ" Qış-Yay Turizm Kompleksi və "Tufandağ" Dağ-Xizək Kompleksinə yerli və xarici ölkə, xüsusilə də Körfəz ölkələrinin vətəndaşları tərəfindən böyük maraq var. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən "Şahdağ" turizm kompleksinin ərazisi 2058 hektardır. "Şahdağ" Qış-Yay Turizm Kompleksinə daxil olan "Qaya" və "Zirvə" mehmanxanalarının istifadəyə verilməsi də turistlərin istirahətinə daha geniş imkanlar yaradır. Eləcə də Qusar və Qəbələdə yaradılan istirahət guşələri onu göstərir ki,  Azərbaycan qış turizminin təşkili baxımından hər cür imkana malik  ölkələrdəndir.

badam.jpeg (279 KB)

İqtisadçı millət vəkili Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi üçün böyük potensial var:

“Ölkəmiz qış, yay, sağlamlıq, dəniz və sairə turizm imkanları olan nadir məkanlardandır.  İşğaldan azad olunmuş ərazilərin turizm potensialının ölkəmizin iqtisadiyyatına inteqrasiyası  ümumi gücümüzü artıracaqdır. Düzdür Şahdağda müasir qış yay turizm mərkəzi turistlərin xidmətindədir. Amma bununla yanaşı Kəlbəcər, Laçında da qış turizm imkanları genişdir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurub bərpasından sonra bu ərazilərdə də qış turizm yerləri yaratmaq mümkündür. Bunun üçün sadəcə zamana ehtiyac var. Mən inanıram ki, zaman gələndə Kəlbəcər dağlarında da kanat xətlərinin, xizək yollarının tikildiyini görəcəyik”.

CEYHUN SON.jpeg (141 KB)

Turizm üzrə mütəxəssis Ceyhun Aşurov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycan turizmin inkişafını bir hədəf kimi götürüb:

“Təsadüfi deyil ki, turizm Azərbaycanın prioritet sahilərindən hesab olunur və bununla bağlı müxtəlif işlər görülür. Strateji yol xəritəsi hazırlanıb, müxtəlif qanunlar qəbul olunur, gələcəkdə də turizmin inkişafı ilə bağlı müəyyən hədəflər götürülüb ki, bu da turizmə olan diqqətin göstəricisidir. Turizm faktiki olaraq ölkəyə ciddi şəkildə valyuta gətirən bir sahədir və ölkəyə turistlərin gəlməsi həm də istehlakı stimullaşdırır və iqtisadiyyatın müxtəlif sahələrində gəlirliyi, iqtisadi aktivliyi təmin edir”.

Mütəxəssis əlavə edib ki, ölkədə kifayət qədər qış turizmi təsisatları var:

“Qəbələdə, Qusarda “Şahdağ”, “Tufandağ”, Naxçıvanda Ağbulaqda qış turizmi məkanları fəaliyyət göstərir, müasir standartlara cavab verir. Ümumiyyətlə, ölkədə nə qədər turizm çeşidliliyi olarsa, fərqli turizm məhsulları təqdim olunarsa, ölkəyə gələn turistlərin məmnunluq səviyyəsi artar. Eyni zamanda, ölkəyə gələn turistlərin təqvim üzrə bölünməsini, ilin müxtəlif fəsillərində gəlməsini təmin etmiş olar. Çünki hər bir turizm növünün, məhsulunun özünün alıcı seqmenti var. Nəzərə alsaq ki, bu təsisatlardan əlavə, qış fəslində yenə də ölkəmizə turistlər gəlir, təkcə dağ-xizək üçün yox, eyni zamanda təbiəti seyr etmək üçün, təbiətdə vaxt keçirtmək üçün region hotellərində müəyyən istirahət günləri, qeyri-iş günlərində aktivlik hiss olunur. Bu faktdır ki, ölkəmizə gələn turistlər nə qədər Bakını sevsələr də, paytaxtda zaman keçirsələr də, regionlara da səfər etməyə can atırlar.

İşğaldan azad olunmuş bölgələrdə də görülən işlər göz qabağındadır. Orada ciddi şəkildə infrastruktur layihələri həyata keçirilir. Yeni hotellər açılır, yollar çəkilir. Qarabağın turizm potensialı var, ölkənin turizm potensialında böyük paya malik olacaq. Bu zaman da biz görürük ki, həmin ərazilər cəlbedici məkana çevriləcəkdir. İndi Kəlbəcər, Laçında yüksək dağ rayonlarımızdır, burada qış turizm potensialı vardır. İstər sağlamlıq turizmi sanatoriyaları, istərsə də qış turizmi- ekoturizm məhsullarının yaradılması günümüzün reallığıdır. Bununla bağlı hələ qarşıda görüləcək işlər var və bu tikinti layihələri yekunlaşdıqca, paralel olaraq ora insanlar məskunlaşdıqca, ora köç həyata keçirildikcə turistlərin sayı da artacaq. Bu, istər dost-qohum ziyarətləri olsun, istər öz vətəndaşlarımızın həmin əraziləri ziyarət etməsi olsun, istərsə də xaricdən gələnlərin sayında özünü göstərəcək. Çünki işğaldan azad olmuş ərazidə üç beynəlxalq hava limanının fəaliyyət göstərməsi gələcəkdə, ora turistlərin də birbaşa olaraq gəlmək imkanlarını artırmış olur”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR