İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırxılmış pullar

Yaxud başı yuxarı 1 milyard haqda

Balaca ölkədir, belə baxanda hamı bir-birini tanımalıdır, yalan olmasın, qohum çıxmalıdır. Ancaq kiminsə saçları qırxıq şəkli yayılır, adamın şəxsiyyəti, başına gələn əhvalat guya müəmmalı qalır. Bunu müəyyən eləmək bu qədər çətindirsə, o zaman küçə və meydanlarda qoyulan kameralar nə işə yarayacaq? Aparılan sənədləşmələr, hesab, uçot kitabları, saysız-hesabsız dəftərxana və arxivlər kimdən ötrüdür? Məzahir müəllimi də sonra qınayırlar ki, ölülər gəlib məntəqədə deputata səs vermişdir. Açığı, mən bu magik realizm üslublu ölkəmizdə artıq hər şeyə inanmağa başlamışam. Eyni zamanda heç bir şeyə də inanmıram, lakin bu ayrı mövzudur - necə deyərlər.

Örnək üçün, təzəlikcə bir videoxəbər yaydılar, balaca uşaq üçtəkərli velosipedini şəhərin küçələrində, avtomobillərin arasında sürürdü. Hətta yoldan keçən ağsaqqal ona irad tutdu, ancaq körpə sürməyə davam edirdi.

Əsl nağıllar diyarıdır. Bilmirsən uşaq camaatla məzələnir, yoxsa elə vəziyyətimiz bu qədər ciddi və ağırdır.

Yaxud götürək Nemət Pənahlının studiyada təpəsi üstdə dayanması əhvalatını. Hamı bu əhvalatla məzələnmək üçün fürsət gəzirdi. Halbuki Nemət müəllim  sağlam həyat tərzini reklam etmişdir. Deyir siz də idman edin, başı üstdə durun. Nə gözəl propoqandadır... Yoxsa haçan baxırsan xəbərlərdə nəşə çəkənləri, narkotik istifadəçilərini və satanları, cürbəcür xəstəlikdən əziyyət çəkənləri nümayiş etdirirlər. Heç onlara bu qədər irad tutan olmur.

Mən yalnız bir şeyə təəssüf elədim ki, kaş Nemət müəllimin bu qabiliyyəti Meydan hərəkatı zamanı da olaydı. Deyəsən, 1988-89-90-cı illərdə Nemət müəllim hələ başı üstdə dura bilmirdi, əks halda, niyə uca millətimizə “Qalx, otur, qalx, otur” komandaları verirdi? Yaxşı yadımızdadır, yüz minlərlə mübariz, azadlıq təşnəsi insan Bakının Azadlıq meydanından Nemət müəllimin bir komandası ilə gimnastika hərəkətləri edərdi. Ancaq təpəsi üstdə dayanmağı bizə öyrətmədi. “Başı üstdə durmayan ermənidir” - belə desə hamımız durardıq. Yuxarıda yazdığım kimi, ya hələ bu istedadını üzə çıxarmamışdı, ya da fikirləşmişdi hələ vaxtı deyil, milləti hazırlamaq lazımdır. Bütün hallarda təəssüf doğuran haldır. Gör neçə qızıl illəri itirmişik. 32 ildə başımız üstdə dayansaq dünyanı fərqli bucaqlardan görməyi öyrənərdik. Yoxsa hara baxırsan dümdüz adamlardır. Əyilməyi də bacarmırıq. Elə bil camaat oxlov udub. 32 ildir bunlara yaltaqlığı, yalan danışmağı öyrətmək mümkün olmur. 

Uşağın magistralda yelsəpet sürməyini yada saldım, buna oxşar epizod baş nazirimizin müavini Yaqub müəllimin ətrafında dolaşdı. Kimsə yazmışdı: Yaqub müəllimin oğlunun London bankında 1 milyard pulu var. Manat, dollar, funt - dəqiq xatırlamıram. Ancaq istənilən valyutada (Zimbabve dollarını çıxmaq şərti ilə) 1 milyard balaca pul deyil. Bunu qəpiyə çevirib səpələsən, Azərbaycanı 5 millimetr qalınlığında qəpik təbəqəsi ilə örtmək olar. Kim inanmırsa hesablasın. Düzgün cavab tapanı yayda BDU-mexmata imtahansız qəbul edəcəyik.

Uzun sözün qısası, bu uzunluqda söhbət ortaya çıxıb. Xalq narahat qalıb. Fikirləşirik, görəsən, dövlət büdcəmizin 1 milyardını kim çırpışdırıb, haçan əkişdirib, hansı yollarla aparıb ingilisə yem edirlər və sairə. Di gəl, söhbətə cırt qədər reaksiya yoxdur. Elə bil ictimai müzakirə üçün mövzu yox, qurbağa gölünə daş atmısan. Nə adıçəkilən danışır, nə pulu çəkilən (yəni xalq).

Yəqin açıqlama üçün lazımdır 1 milyardımız Londonda kəlləmayallaq dayansın. Ya da pulları tutub qırxsınlar. Əks halda, mövzu gündəmə gəlməyəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR