İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızlar Azərbaycan mədəni irs nümunələrinə heyran oldular-REPORTAJ

Xəbər verdiyimiz kimi, “Qırğızıstanda Azərbaycan mədəniyyəti günləri” başlayıb.

Musavat.com-un Qırğızıstana ezam olunmuş müxbiri xəbər verir ki, 5 günlük proqram çərçivəsində ilk tədbir “Sənət incilərində yaşayan Azərbaycan milli irsi” sərgisi olub.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə sərginin açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Gülbara Abdıkalıkova, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, eləcə də İran, Pakistan və Özbəkistanın Qırğızıstandakı səfirləri və iki ölkənin mədəniyyət xadimləri, digər qonaqlar iştirak ediblər.

Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və qırğızıstanlı həmkarı Gülbara Abdıkalıkova çıxış edərək mədəniyyət günlərinin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, iki ölkə arasında mədəni əlaqələr zəngin tarixi yol keçib və əməkdaşlığın bundan sonra da inkişafı üçün davamlı səylər göstərilir.
Çıxışlardan sonra sərginin rəmzi açılışını bildirən lent kəsilib və qonaqlar ekspozisiya ilə tanış olublar.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova jurnalistlərə açıqlamasında bildirib ki, sərgidə iki böyük muzeyin kolleksiyaları təqdim olunub: “Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bu il Mirzə Qədim İrəvaninin 200 illik yubileyi qeyd olunur. Bununla əlaqədar olaraq, burada Milli İncəsənət Muzeyindən gətirilmiş çox nadir əsərlər nümayiş olunur. Eyni zamanda İrəvaninin əsərlərində əks olunan predmentlər canlı olaraq muzeyin kolleksiyasından gətirilib və interpretasiya formatında təqdim olunur. Milli Xalça muzeyi çox maraqlı eksponatlar təqdim edir. Bütün xalçaçılıq məktəbləri burada təmsil olunur. Burada, həmçinin, qurama sənəti də nümayiş olunur. Eyni zamanda Şəkili sənətkarın iştirakı ilə şəbəkə sənəti nümunəsi əyani şəkildə göstərilir və zərgərlik məhsulları təqdim edilir”.

Azərbaycan Milli Xalça muzeyinin direktoru Əminə Məlikova qonaqlara xalçaların xüsusiyyətləri, hazırlanma prosesi, keyfiyyəti və s.barədə məlumat verib.

O bildirib ki, Azərbaycan Milli Xalça Muzeyinin zəngin kolleksiyasından olan nümunələr-XIX əsrdən zəmanəmizədək  tarixi dövrü əhatə edən xovlu, xovsuz xalçalar və xalça məmulatları, bədii metal, tikmə nümunələri Azərbaycanın Bakı, Şirvan, Quba, Gəncə, Qazax, Qarabağ, Təbriz  kimi sənətkarlıq mərkəzlərini səciyyələndirir. Sərgini müasir dövrümüzün yaradıcı şəxslərindən Xalq rəssamı Eldar Mikayılzadənin əl işləri daha da zənginləşdirir.

Sərgidə böyük marağa səbəb olan həm də qurama sənəti nümunələri olub. Ziyarətçilər bu qədim sənəti yaşadan və peşəkar səviyyədə improvizə edən mərhum ustadımız Xalidə Nəsirova tərəfindən yaradılan quramalarla tanış olmaq imkanı qazanıblar.

Şəbəkə sənəti, əlvan şüşələrdən hazırlanan işıqlı kompozisiyalar isə Şəkidən olan sənətkar Hüseyn Hacımustafazadə tərəfindən “ustad dərsləri” formatında əyani şəkildə göstərilib.

Zərif və incə bəzək nümunələrinin nümayişi üçün sərgidə zərgərlik guşəsi də ayrılıb. Burada ənənəvi, şəbəkə, mina və s. üslublar sənətkar Füzuli Əlizadə tərəfindən təqdim olunur.

Sərginin ən maraqlı hissələrindən biri fotosərgidir. Azərbaycan Fotoqraflar Birliyinin “Qarabağ: milli irsin yaddaşı” adlı sərgisi Azərbaycanın bu gözəl və tarixlə zəngin bölgəsinin keçmişini, bu gününü və gələcəyini bir araya gətirir. Hər bir fotoşəkil Qarabağın keçmişində yaşanmış böyük və kiçik hadisələri, bu torpağın insanlarının dərin mədəniyyətini və bu yerlərə olan sonsuz sevgisini əks etdirir.

Sərginin son seqmenti, mədəni irsimizin müasir interpretasiyalarıdır. Burada gənc Azərbaycan modelyeri Zümrüd Mirzəliyeva  tərəfindən yaradılan qeyim modellərində ənənəvi ornamental motivlər yeni təqdimatda verilir.  

Modelyer jurnalistlərə açıqlamasında bildirib ki, Qırğızıstana 22 geyimdən ibarət kolleksiya gətirilib: “Milli ruhu qoruyub saxlamağa çalışdıq. Kolleksiya milli ornamentlərim daha müasir formada təqdim olunur. Məqsədim milli ornamentləri gələcək nəsillərə ötürməkdir”.

Sərgininin ziyarətçiləri də təəssüratlarını Musavat.com-la bölüşdülər.

Talçbek Baxtıbekova tələbədir. Muzeyşünaslıq fakültəsinin tələbəsi Qırğızıstan Milli Təsviri Sənət muzeyinə tez-tez gəlir: “Azərbaycan incəsənəti ilə ancaq internetdə tanış olmuşdum. İndi isə əyani şəkildə görmək imkanım oldu. Çox maraqlıdır, bütün nümunələr gözəldir. Azərbaycan xalçalarını çox bəyəndim. Xüsusilə, şəbəkə sənəti diqqətimi cəlb etdi”.

Gülsina Qarayeva isə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini sevinclə qarşılayıb: “Geniş proqram tərtib olunduğu üçün çox sevincliyəm. Buradan getmək istəmirəm. Bütün nümunələr gözəldir. Hər nümunə təəccübləndirir, heyranedicidir. Azərbaycanı bizə gətirdiyiniz üçün minnətdaram”.

Zamir Burunbayev də Musavat.com-a sərgidən məmnun olduğunu dedi: “Azərbaycan və qırğız xalqları dost xalqlardır. Əl işlərinin əksəriyyəti bizimkilərə bənzəyir. Mən çox bəyəndim. Xüsusilə, Qarabağı əks etdirən fotolar diqqətimi çəkdi”.

Hamida Suraliyeva Azərbaycanın böyük nümayəndə heyəti ilə gəldiyinə sevindiyini dilə gətirdi: “Xalçalar, kilimlər, İrəvaninin əsərlərini çox bəyəndim. Bu nümunələrdə Azərbaycanın zəngin tarixi əks olunub. Tarixinizi bu nümunələr vasitəsilə hiss etmək mənə çox böyük zövq verdi”.
Metyu Volkanov isə Brüssel vətəndaşıdır. Azərbaycan mədəniyyət ilə tanışdır: “Azərbaycan incəsənəti türk, Qafqaz və fars mədəniyyətlərini özündə birləşdirir. Xalçaları çox bəyəndim”.

Qırğızlar mədəniyyətə, incəsənətə maraq göstərirlər. Azərbaycanlı olduğumu bilən hər kəs yaxınlaşır, mədəniyyətimiz, tariximiz, təbiətimiz barədə çox sayda sual verir. Görünən odur ki, Azərbaycan mədəniyyəti günləri maraq cəlb edir. Qarşıdakı günlərdə Azərbaycan mədəniyyəti günləri zəngin proqramla davam edəcək.

 

Nigar HƏSƏNLİ,
Qırğızıstan, Bişkek
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR