Onlayn ictimai-siyasi qəzet
Məşhur kriminal boss, milyarder Kamçı Kolbayevin qardaşı Joldaşbek Kolbayev Bişkekdə saxlanılıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələrinin məlumatına görə, onun adı daha üç nəfərlə birlikdə torpaq sahələri ilə bağlı cinayət işində keçir.
Qırğızıstan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları Kolbayevə qarşı əməliyyatı ötən həftənin sonunda keçiriblər.
Joldaşbek 2023-cü il oktyabrın 4-də xüsusi xidmət orqanları tərəfindən əməliyyat zamanı öldürülən Kamçı Kolbayevin qardaşıdır. Qırğızıstanın ən nüfuzlu kriminal başçılarından biri olan Kamçı, rəsmi versiyaya görə, həbs olunarkən silahlı müqavimət göstərib.
Maraqlıdır ki, Joldaşbek Beynəlxalq Cüdo Federasiyasının (IJF) Mərkəzi Asiyada regional akademiyasına rəhbərlik edir. Ən məşhur “qanuni oğru”nun qardaşı kimi o, cinayət işi üzrə təqsirləndirilən şəxs kimi hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Hələlik işin rəsmi təfərrüatları azdır.
Xatırladaq ki, Kamçı Kolbayev 2011-ci ildən beynəlxalq narkobiznesdə əsas fiqur hesab olunurdu və təxminən bir milyard dollar dəyərində olan daşınmaz əmlakdan tutmuş geniş torpaq sahələrinə qədər nəhəng aktivlər şəbəkəsinə malik idi. O, bir neçə ölkə tərəfindən cinayətkar lider, “Qardaşlar dairəsi”nin üzvü və “qanuni oğru” kimi tanınıb.
İndi onun qardaşı hüquq-mühafizə orqanlarının nişangahına gəlib.
Musavat.com
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ