İnsanlara hürriyət, millətlərə istiqlal!

Qida Agentliyinin araşdırması cəmiyyətdə narahatlıq yaratdı

Eyyub Hüseynov: “Kolbasa və sosiskaların üzərinə ”halal" yazıb, tərkibinə donuz əti vurmaq yolverilməzdir"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb. Musavat.com xəbər verir ki, AQTA tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi ilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə halları və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində bir sıra qida təhlükəsizliyi problemlərinin müəyyənləşdirilərək müvafiq addımların atılması məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.

Bununla əlaqədar, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib.

6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.

Nəzarət tədbirləri zamanı, həmçinin “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.

Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür. Yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək.

Bununla yanaşı, AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda dərhal Agentliyin “1003" Çağrı Mərkəzi”nə məlumat versinlər.

Oxu.az - Eyyub Hüseynov: “İcra Hakimiyyətinin göstərişi mağaza sahibinin  hüququnun pozulmasıdır” - VİDEO

Eyyub Hüseynov

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, kolbasa və sosiskaların üzərinə “halal” yazıb, lakin tərkibinə donuz əti vurmaq yolverilməzdir. Ümumiyyətlə, ölkədə halal sertifikatlaşdırma ilə bağlı problemlər yaşanır: “İllərdir istehlakçılar aldadılırlar. Bu anormal bir haldır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tədqiqatlar aparması çox yaxşı haldır, lakin AQTA ”8-ci kilometr" bazarında kiloqramı 2 manat 30 qəpiyə satılan kolbasaları da araşdırmalıdır. Qeyri-qanuni yolla kolbasa, sosiska istehsal edən 20-yə qədər müəssisə var. Heç AQTA onlara nəzarət edə bilmir. İctimai nəzarət olmalıdır. Əhali AQTA-ya məlumat verməli, belə yerlər ifşa olunmalıdır".  AQTA-nın kolbasa və sosiska məhsullarından götürülmüş nümunələrində uyğunsuzluq aşkarladığı “Səhliyalı” Kiçik Müəssisəsi, Rəhimovların Ailə Təsərrüfatı, “Sevilən Ad” MMC, “Mir 2016" MMC, "M&T" Ltd firması, “Ovçular Ət və Ət Məhsulları” MMC şirkətləri barədə AİİB-ə şikayət gəlməyib: “Müxtəlif yerlərdən şikayətlər gəlsə də, AQTA-nın uyğunsuzluq aşkarladığı şirkətlərdən şikayət demək olar ki, yox dərəcəsində olub. Bazarın təxminən 30%-i ucuz, keyfiyyətsiz kolbasa, sosiska məhsulları ilə zəbt olunub. Əksər hallarda bu barədə şikayətlər gəlir. Çox yaxşıdır ki, AQTA bu məsələləri araşdırıb. Yəqin digər şirkətlər də bundan nəticə götürər. AQTA mütləq xarici kolbasa və sosiska məhsullarına da diqqət yetirməlidir. Düşünürəm ki, əvvəl oradan başlamalı idi”.

Nigar HƏSƏNLİ,

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR