İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzanın yarıdan çoxu xarabalığa çevrilib, İsraillə HƏMAS kritik danışıqlar aparır...

Dohada gedən atəşkəs müzakirələrində irəliləyiş gözlənilir; bu danışıqlar kimlərə sərf etmir - analitiklərin rəyi

Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Qətərdə danışıqlar baş tutub. “Yeni Müsavat”ın xarici siyasət şöbəsi yazır ki, Dohada keçirilən görüşdə Qətər, ABŞ, Misir və İsrail nümayəndələri iştirak ediblər. Maraqlıdır ki, ABŞ mediası qızışdırıcı mövqeli yazılarla çıxış edir. “İsrail Qəzza zolağında HƏMAS-a qarşı hərbi cəhətdən əlindən gələn hər şeyi edib və qruplaşma ötən ilin oktyabrın 7-dəki miqyasında hərəkat planlaşdırmaq və ya həyata keçirmək iqtidarında deyil”. Bu barədə The New York Times məlumat yayıb. Eyni zamanda, nəşrin mənbələri qeyd edib ki, İsrail heç vaxt qrupu tam məhv edə bilməyəcək və Qəzzada HƏMAS tərəfindən saxlanılan 115 ölü və ya diri girovun azad edilməsini təmin etmək üçün razılaşma lazımdır.

Qəzetin xəbərinə görə, amerikalı general Cozef Votel ABŞ Mərkəzi Komandanlığına “İsrail HƏMAS-ı məğlub etməyi, onun bir sıra liderlərini öldürməyi və 7 oktyabrdan əvvəl İsrail üçün təhlükəni əhəmiyyətli dərəcədə azaltmağı bacardı” deyib və HƏMAS-ın “saylarının azaldığını” bildirib. “HƏMAS böyük ölçüdə tükənib, lakin məhv edilməyib və israillilər heç vaxt HƏMAS-ın tam məhvinə nail ola bilməzlər” - deyə MKİ-nin keçmiş yüksək rütbəli rəsmisi, Yaxın Şərqdə xidmət etmiş Ralf Qoff qəzetə bildirib. Eyni zamanda ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Məlumatlar İranın İsrailə hücum etmək niyyətindən əl çəkmədiyini göstərir”, - deyə bildirib. Onun sözlərinə görə, kəşfiyyat məlumatları İranın İsrailə potensial hücum təhdidindən əl çəkmədiyini göstərir. Kirbi qeyd edib ki, ABŞ vəziyyəti yaxından izləyir: “Doha danışıqlarında Qəzza zolağında atəşkəs razılaşması əldə olunmayacaq, lakin Qətərdəki görüş ümidverici başlanğıcdır”.

“Qəzzanın üçdə iki hissəsi dağılıb”. Fələstin lideri Mahmud Abbas Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib. Fələstin lideri bildirib ki, ərazidəki məktəblər, məscidlər və digər tikililər məhv olub: “ABŞ isə bütün bunlara qarşı susur, veto hüququndan istifadə edir. Təəssüf ki, ABŞ-ın dünyaya gətirdiyi fəlakət davam edir”. Fələstin lideri bəyan edib ki, Qəzzaya gedəcək. “Ölüm təhlükəsinin olmasına baxmayaraq, bu qərarımdan geri dönməyəcəyəm”, - Abbas bildirib.

Bu arada ABŞ prezidentliyinə namizəd Donald Tramp dünən İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edib. “Axios” ABŞ-dakı mənbələrə istinadla məlumat yayıb. Bildirilib ki, tərəflər Qəzzadakı girovların vəziyyətini və atəşkəs razılaşmasını müzakirə edib. Məlumata görə, Trampın zəngi Netanyahunu atəşkəs sazişinə razılıq verməyə təşviq etmək məqsədi daşıyıb. İsrail baş nazirinin dəftərxanası tərəflər arasındakı telefon zəngini təkzib etməyib. Bütün bunların fonunda yekunda biz nələrin şahidi ola bilərik? Atəşkəs baş tutarsa, növbəti mərhələdə hansı işlər görülməlidir? Tərəflər Qəzzada savaşı dayandıracaqlarmı?

Vaşinqtonla Bakının əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib" - Aqşin  Kərimov News 365

 Aqşin Kərimov

Siyasi icmalçı Aqşin Kərimovun sözlərinə görə, ABŞ Yaxın Şərqdəki genişmiqyaslı eskalasiya risklərini özünə qarşı ölümcül diplomatik-siyasi, hərbi və iqtisadi qisas silsiləsinə təkan verən proses kimi qiymətləndirir: “Ağ Evin Yaxın Şərq regionunda yüksək profilli qorxusu onun Çin və Rusiya maraqları önündə uduzması riski ilə əlaqədar inkişaf edir. Çünki Yaxın Şərqdə münaqişələrin qızışması və müharibə arealının genişlənməsi Rusiya və Çinin regiondakı səviyyəsini qaldıran amilə çevrilir. ABŞ indi ehtimal olunan təhlükələrin tamamilə önlənməsini deyil, onun idarəetmə pultunu əlinə almaq məharətinə yiyələnməyi arzulayır”.

Təhlilçi düşünür ki, indi HƏMAS özünə yeni lider kimi Yəhya Sinvarı seçdi: “Burada məqsəd təbii ki, İsrailə qarşı kampaniyanın Qəzzada davam etdiriləcəyini göstərməkdir. Sinvar İsrailə qarşı ötən ilin oktyabrında başlanan hücum əməliyyatlarının həmmüəlliflərindən biridir və HƏMAS buradan yola çıxaraq, Təl-Əvivə qisas üçün barmaq silkələyir. Bütün bunlara baxmayaraq, İsrail öz kəşfiyyat imkanlarına və keçirdiyi əməliyyatların motivlərinə görə hər dəfə təəccübləndirməyi bacarır. Bu baxımdan, Sinvarın da həyatı təhdid və təhlükə altındadır və məqam yetişən kimi, İsrail HƏMAS liderinin öldürülməsi fürsətini əldən verməyəcək”.  

Ramiyə Məmmədova: Yeni baş nazir müharibəni dayandıra biləcəkmi? -  KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

 Ramiyə Məmmədova 

Siyasi ekspert Ramiyə Məmmədova Qəzzada müharibənin dayanacağını gözləmir: “Birincisi, İsrail müttəfiqlərini eşitmir və HƏMAS-ın demilitarizasiya olunmasını qarşısına hədəf qoyub, ikincisi, Fələstin təşkilatı girovları qaytarmır, üçüncüsü isə Yəhya Sinvar kimi radikal birinin Siyasi Büronun rəhbəri seçilməsi HƏMAS-ın mübarizəni davam etdirəcəyi anlamına gəlir. Bu nöqteyi-nəzərdən Doha danışıqları Qahirə toplantılarının aqibətini yaşaya bilər. Digər tərəfdən isə müharibənin uzanması Vaşinqtonun maraqlarına xidmət etmir. Onun Ukrayna cəbhəsinə diqqətini parçalayır. Odur ki, ABŞ atəşkəs üçün çalışır”.

R.Məmmədova Qəzzada atəşkəs olsa belə, müvəqqəti xarakter daşıyacağını gözləyir: “HƏMAS Haniyənin qətlindən az sonra atəşkəsə getməz. Bu, İsrailin tələblərinə boyun əymək deməkdir. Yəhya Sincar isə Fələstin rəhbəri Mahmud Abbasla eyni mövqedə deyil. Bu da ciddi parçalanmadan xəbər verir. Yəni Qəzzada atəşkəsin əldə olunması HƏMAS-İsrail danışıqlarından asılı olduğu üçün Mahmud Abbas hökumətinin təsir imkanları yoxdur”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR