Onlayn ictimai-siyasi qəzet
“ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında Azərbaycan haqqında yazılanlar qərəzli və heç bir fakta söykənməyən cəfəngiyyatdır. Əvvəla ölkəmizdə müxtəlif dinlərin daşıyıcılarının birgəyaşayışı, tolerantlıq, multikulturalizm barədə fərqli mənbələrin apardığı araşdırmalar bu hesabatın tam əksini deyir. İkincisi, hesabatın kim tərəfindən hazırlanması da əsas məsələdir, görürük ki, burada da erməni izi, erməni barmağı, ermənipərəst yanaşma var. ABŞ Dövlət Departamenti həmin hesabatın hazırlanması üçün Azərbaycanda hansısa araşdırma aparıbmı? Əlbəttə yox. Hansı dinin nümayəndəsi ona qarşı ayrı-seçkiliyin olduğunu deyib? Bütün bunlar qərəzli iddialardır”.
Bunu Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycanda dini ayrı-seçkiliyin olduğunu iddia edənlər özlərinə baxsalar, öz ölkələrində baş verənləri saf-çürük etsələr, daha ədalətli olar:
“Amerikada dini, milli və irqi ayrı-seçkiliyi araşdırmağa ehtiyac yoxdur, çünki bu hadisələr demək olar ki, ABŞ-də hər gün baş verir. Fərqli irqlərin nümayəndələrinin bir-birini qəbul etməməsini ictimai nəqliyyatda, iş yerlərində, yaşayış yerlərinin seçilməsində açıq gözlə görmək olar. Qeyri-xristian dinlərə qarşı münasibəti bütün Avropa ölkələrində, o cümlədən Amerika qitəsində baş verən toqquşmalar və qarşıdurmalarla sübuta yetirmək olar. Bu azmış kimi, ABŞ bütün dünyada çoxsaylı müharibələri və qarşıdurmaları alovlandırır, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına səbəb olur. Bəs hesabatda bunlar niyə qeyd olunmayıb? Əlbəttə, hesabat müəllifləri bunu görməzdən gəlirlər, onlar “araşdırmalar”ını yalnız qeyri-xristian ölkələrdə aparırlar ki, özlərini sığortalaya bilsinlər. Əldə etdiyimiz məlumata görə, bu hesabatı erməni əsilli amerikalı Daniela Aşbaxyanın rəhbərlik etdiyi qrup tərəfindən hazırlanıb. Eyni zamanda bu qadın Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biridir. Təəccüblü də burasıdır ki, bu erməni qadın Livanın Los Ancelesdəki konsulluğunda çalışıb. Halbuki, onun statusu Dövlət Departamentində işləməsinə qadağa qoyur. Nədənsə amerikalılar buna da göz yumublar".
A.Hüseynov hesab edir ki, daha bir diqqətçəkən məqam hesabatda qeyd olunan “faktlar”ın 2023-cü ildə Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinin nəticələrinə uyğun hazırlanmasıdır:
"Hesabatı hazırlayanlar antiterror tədbirlərinin separatçılara, Ermənistan ordusunun qalıqlarına qarşı aparıldığını bilərəkdən diqqətdən kənarda saxlayaraq baş verənləri dinlə əlaqələndiriblər, ya da dini ayrı-seçkiliyə yozublar. Bundan başqa, bu hesabata dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, Abzas media və s. bu kimi işlərin də daxil edilməsi onun konkret siyasi məqsədə xidmət etdiyini göstərir. Hesabatın məğzi Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq üsullarını artırmaqdır. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ xarici siyasətində yanlış addımlarını davam etdirir, qərəzli və ədalətsizdir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ