İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin Ukrayna ilə bağlı ikibaşlı siyasəti - “savaş” deyir, amma...

Politoloq: “Ukrayna elə bir ağır vəziyyətdədir, kənardan maliyyə və hərbi texnika gəlməsə, Rusiya ilə savaş aparması çətinləşəcək”

Birləşmiş Ştatlar Ukraynaya bir il ərzində öz mövqelərini möhkəmləndirməyi, müdafiəni saxlamağı, qüvvələr və silahlar toplamağı tövsiyə edib.

“The New York Times” qəzeti yazıb ki, ABŞ hərbi rəsmiləri Ukraynanı “əlində olanı saxla, sonra hərəkətə keç” strategiyasına əməl etməyə çağırır. Lakin Ukrayna rəsmiləri ötən ilin payızında Krımda həyata keçirilən uğurlu dərin zərbələrə əsaslanan strategiyada israr edirlər. Onlar silah zavodlarına, silah anbarlarına və sursat qatarlarına hücumlar vasitəsilə Rusiya ordusunu sarsıtmağa çalışırlar.

Nəşr yazır ki, ukraynalı keçmiş yüksək rütbəli hərbçilərdən biri təklifləri müzakirə etməkdən imtina edib, lakin yeni planın yekunlaşmaq üzrə olduğunu və “çox cəsarətli” olduğunu bildirib.

Amerika rəsmiləri əmindir ki, yeni strategiya və əlavə maliyyə olmadan Ukrayna müharibəni uduza bilər. Lakin bəzi ABŞ generalları Ukraynadan gələn yeni ideyalara açıq olduqlarını ifadə ediblər. Onların fikrincə, Ukraynanın bu payızda Krıma dərin hücumları Rusiya üçün ölümcül olub və uğursuz əks-hücumda yeganə parlaq nailiyyətə çevrilib. Amerikalı strateqlərin düşüncəsinə görə, ukraynalılar enerjilərinin çoxunu öz güclərinin bərpasına sərf etsələr, gələn il bu uğuru davam etdirə bilərlər. ABŞ-ın Avropadakı komandanı general Kristofer Kavoli hazırda Ukrayna rəsmiləri ilə ciddi koordinasiya halındadır.

Bundan əlavə, Pentaqon general-leytenant Antonio Aqutonun da Kiyevə göndərilməsi barədə qərar qəbul edib. General Aquto Birləşmiş Ştatların təklif etdiyi məsləhətləri təkmilləşdirmək üçün birbaşa ölkənin hərbi rəhbərliyi ilə işləyəcək.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 12-də Vaşinqtonda C. Baydenlə görüşüb. ABŞ lideri Ukraynaya 200 milyon dollarlıq yardım paketini açıqlayıb. Daha sonra ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, paketə raket sistemləri, hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri üçün sursat daxildir.

Hazırda Ağ Ev və Senat arasında Ukraynaya yeni yardım paketlərinin maliyyələşdirilməsi ilə bağlı müzakirələr gedir. ABŞ hökuməti bunun üçün ayrılan pulun tükəndiyini dəfələrlə bəyan edib.

“ABŞ prezidenti Cozef Bayden Ukraynaya 200 milyon dollar məbləğində hərbi yardımın ayrılmasını təsdiqləyib. Bu barədə Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə deyib.

“Rusiyanın hərbi müdaxilə ilə mübarizədə ümid itirməyinizi istəmirəm”, - Bayden Zelenskiyə deyib.

Bayden hesab edir ki, ABŞ Konqresi Ukraynaya 60 milyard dollardan çox yardımı təsdiq etməlidir. Amerikalı siyasətçinin fikrincə, əgər bu baş verməsə, bu, “Putin üçün Milad hədiyyəsi” olacaq".

O, Zelenskini bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.

Zelenski isə müharibədə nəticəyə ümid etdiyini bildirib. V.Zelenski həm Ağ Evdən, həm də ABŞ Konqresindən dəstəyi hiss etdiyini söyləyib: “Amma biz sözlərə deyil, nəticəyə ümid edirik. Bilirik ki, söz varsa, nəticə də var”.

Bu arada, respublikaçıların Senatdakı lideri Mitç Makkonnell Miladdan əvvəl 60 milyard dollarlıq yardım paketinin təsdiqlənməsinin “faktiki olaraq mümkün olmadığını” söyləyib.

Bütün bunların fonunda maraqlı olan odur ki, Ukraynaya yardımlar və dəstək də Qərbdən, Avropadan kəsilməkdədir. Onlar Kiyevi həm savaşa səsləyir, həm uduzma ehtimalından danışır, paralelində isə dəstəyi azaldırlar. Bu ikibaşlı siyasətin mənası nədir? Gərginliyi, müharibəni bu cür harayadək apara bilərlər? Rusiya bu oyunları pozmaq üçün Ukrayna ilə danışıqlara başlaya bilərmi? Kiyev reallıqları qəbul edib buna gedərmi? 

Elxan Şahinoğlu: "Putin “taxıl sazişini” uzatmaq istəmir"

Elxan Şahinoğlu

Mövzu ilə bağlı siyasi şərhçi Elxan Şahinoğlu “Yeni Müsavat”a danışıb: ""Qərb Ukraynanı savaşa səsləyir" ifadəsi ilə razı  deyiləm. Çünki Ukrayna öz ərazisinin bütövlüyü uğrunda savaşır, mübarizə aparır. Necə ki, Azərbaycan haqlı olaraq öz torpaqları uğrunda savaşdı və ərazi bütövlüyünü bərpa etdi, eləcə də Ukrayna öz ərazilərini geri qaytarmağa çalışır. Yəni işğala məruz qalan istənilən dövlətin müqavimət göstərmək hüququ var.

Amma bu fikirlə razıyam ki, bəli, Qərb Ukraynaya vəd etdiyi dəstəyi vermir. Çünki Ukrayna elə bir ağır vəziyyətdədir, kənardan maliyyə və hərbi texnika gəlməsə, Rusiya ilə savaş  aparması çətinləşəcək.

Məlum olduğu kimi, hazırda Ukrayna prezidenti Volodimir Zelenski Amerikada səfərdədir, prezident Baydenlə də görüşüb. Əsas məsələ də odur ki, ABŞ Konqresi Ukraynaya yardım ayırsın. Lakin konqres hələ ki bu yardımı ayırmır, baxmayaraq ki, Zelenski ötən gün Nümayəndələr Palatasının respublikaçılar sədri ilə də görüşüb, lakin onun da fikrini dəyişə bilməyib. İndi məsələ Baydendən asılıdır, yəni o, konqresi inandırmalıdır. Pentaqon rəhbəri Lloyd Austin də konqresə müraciət edib və deyib ki, “əgər biz bu gün Ukraynaya köməklik etməsək, sabah sizin övladlarınız Rusiya ilə savaşmalı olacaq”. Bunun mənası budur ki, əgər Ukrayna müharibədə məğlub olsa, Rusiyanın iştahası artacaq, NATO dövlətinə hücum edəcək və Amerika da NATO dövlətini müdafiə etmək məcburiyyətində qalacaq, çünki NATO nizamnaməsinin 5-ci bəndinə görə, bir ölkəyə edilən hücum bütün ölkələrə edilən hücuma bərabərdir. Sirr deyil ki, Rusiya prezidenti Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq müəyyən ölkələrin adlarını çəkir. Onların arasında Litva, Moldova, Polşanın adları var. Yəni bu o deməkdir ki, Ukrayna masaya oturub, işğalla barışsa, növbəti hədəf digər ölkələr olacaq. 

Beləliklə, Ukrayna məsələsi çox ağrılı məsələdir. Ukrayna çalışır ki, Qərbdəki tərəfdaşlarını inandırsın ki, yardımı artırmaq lazımdır. Bu günə qədər Ukraynaya hərbi təyyarələr verilməyib, buna görə də Rusiya səmada üstünlüyə malikdir, hansı ki, bildiyimiz kimi, ötən gün Ukrayna yenə də bombalanıb. 

Qarşıda Ukraynanı ağır qış gözləyir, üstəlik də enerji təchizatında problemlər yaşanacaq, ümid qalır yenə də gələn ilin yayına".

Elxan Şahinoğlu qeyd edib ki, Qərb Ukraynaya maliyyə və hərbi dəstəyi artırmasa, vəd etdiyini verməsə, Ukraynanı məğlubiyyət gözləyə bilər: “Amma bu məğlubiyyət təkcə Ukraynanın deyil, bütün sivil dünyanın məğlubiyyəti olacaq, çünki Rusiya heç vaxt dayanmayacaq. Rusiyanın iştahası daha da arta və başqa ölkələri hədəf seçə bilər. 

Amma bir reallıq da var ki, bu müharibədən Qərbdə bir yorğunluq əmələ gəlib. Hətta bəzi Avropa ölkələri deyir ki, “bəlkə yardımı bir qədər azaldaq, dayandıraq?” Bəzi etiraz səsləri də gəlir. Onları da başa düşmək olar, çünki potensialları azalır, onlara da maliyyə lazımdır və sairə. Məsələn,  bugünlərdə Almaniyanın müdafiə naziri bir etiraf açıqlaması verdi ki, “biz Ukraynaya bir milyona yaxın güllə və mərmi söz vermişdik, amma reallığa görə verə bilmədik”. 

Rusiya cəmiyyəti nə qədər itkilər olsa da, müharibəni davam etdirmək istəyir. Amma Ukrayna cəmiyyəti ərazi bütövlüyü uğrunda savaşsa da, verdiyi itkilərin yerini doldurmaqda çətinlik çəkir. Belə ki, keçmişdə Ukraynanın 40 milyon əhalisi var idisə, indi onun 10 milyona yaxın əhalisi ölkəni tərk edib.

Yəni bütün hallarda hazırda Ukrayna üçün çox ağır vəziyyət yaranıb".

Xalidə Gəray,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR