İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərbin İrana qarşı mövqeyinin dəyişməsi ehtimalı var”- politoloq

“Regional sülhün qorunması və əməkdaşlığın dərinləşməsi baxımından Ərdoğan, Putin və Rəisinin İranda keçirəcəyi görüş mühüm əhəmiyyət kəsb edir”.

Politoloq İlyas Hüseynov bu fikirləri Tehranda gözlənilən üçtərəfli görüşlə bağlı Musavat.com-a açıqlamasında deyib.

 Ekspert qeyd edib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan həm Ukraynada gedən müharibədə sülh quruculuğu, həm də taxıl nəqli ilə bağlı dəfələrdə təmas qurublar:

“Digər tərəfdən, Cənub Qafqazın əhatə etdiyi 3 nəhəng dövlətin liderinin İrandakı görüşü bizi də yaxından maraqlandırır. İkinci Qarabağ müharibəsindən sonra regionda yeni geosiyasi konfiqurasiya yaranıb və Türkiyənin regionda iştirakçılığı daha da genişlənib. 3+3 platforması çərçivəsində irəli sürülən ideyaları hər üç dövlət dəstəkləyir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə sülhün əldə olunmasında da üçtərəfli görüşün mühüm nəticələri olub. Hazırda enerjidaşıyıcıları olan tələbatın, qlobal inflyasiyasının və müharibənin yaratdığı fəsadların fonunda iqtisadi və nəqliyyat əlaqələrinin önəmi getdikcə artır”. 

yap_ilyas_140320.jpg (91 KB)

İ.Hüseynovun fikrincə, bu baxımdan, Zəngəzur dəhlizinin reallaşması ehtimalı güclənir: “Eyni zamanda İran tərəfinin diplomatik təşəbbüsləri və atdığı addımlar da diqqət çəkir. Rusiyaya qarşı iqtisadi sanksiyaların güclənməsi fonunda Qərbin İrana qarşı mövqeyinin dəyişməsi ehtimalı var. Bununla yanaşı, Avropa İttifaqının Xarici İşlər Nazirliyinin baş katibi Stefano Sannino bildirib ki, Avropa İttifaqı İranın Rusiyaya potensial pilotsuz təyyarələrin ötürülməsindən qorxur və bunun “təhlükəli inkişaf” olacağına inanır. Buna görə də tərəflər arasında hərbi seqmentin də müzakirə mövzusu olacağını ehtimal etmək olar”.

 Politoloq ümid edir ki, Tehran görüşü çox məhsuldar olacaq, sülhün və təhlükəsizliyin dayanıqlığının gücləndirilməsinə mühüm töhfələr verəcək.

ELŞAD,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR