İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin də, Şərqin də ümidi - HƏMAS-ın yeni lideri - ŞƏRH

Oktyabrın 7-dən sonrakı hadisələr sübut etdi ki, HƏMAS hərəkatı həm də xarici qüvvələrin Qəzza zolağındakı təmsilçisi, ümumiləşdirilmiş silahlı-siyasi fiqurudur. Son on ayda bu təşkilatın adı Fələstin dövlətindən daha çox hallanır.

İyulun sonunda HƏMAS Siyasi Bürosunun Baş katibi İsmayıl Haniyənin Tehranda öldürülməsi onunla bağlı məsələləri daha da aktuallaşdırıb. Əvvəllər Fələstin Azadlıq Təşkilatı və onun lideri Yasir Ərəfat məşhur idi. Onun ölümündən sonra Mahmud Abbas ölkədəki siyasi, hərbi və sosial sahədə yaranmış boşluğu doldura bilməyib. 2006-cı ildə HƏMAS yerli seçkilərdə qalib gəlməklə hazırda parçalanmış vəziyyətdə olan Fələstində ikihakimiyyətlilik yaradıb. Həmin illərdən başlayaraq hərəkat Fələstinin mərkəzi hökumətindən asılı olmayaraq “müstəqil siyasət” yürütməyə başlayıb.

- HƏMAS hansı qüvvələrin maraqlarının ifaçısıdır?

- Hərəkatın indiki lideri kimdir?

- HƏMAS-ın və Fələstinin gələcəyi necə olacaq?

- İsrailin hərbi əməliyyatı dayanacaqmı?

Yazıda bu suallara aydınlıq gətirməyə çalışacağıq. HƏMAS (İslam Müqavimət Hərəkatı (Karakat əl-Mukavama əl-İslamiyyə) 1987-ci ildə birinci Fələstin intifazəsi zamanı İsrailin maliyyə dəstəyi ilə Misirdəki “Müsəlman qardaşları”nın Fələstindəki xeyriyyə cəmiyyəti kimi yaranıb. O vaxt bu təşkilat dünyəvi FƏTH-in sıxışdırılması məqsədi ilə yaradılıb. Onun ilk lideri Əhməd Yasin olub. Hərəkat siyasi və hərbi qollardan ibarətdir. HƏMAS hesab edir ki, İsrail torpaqları da daxil olmaqla bütün ərazi Fələstinə məxsusdur. Onlar həmin ərazini vəqf torpaqları sayır. 1993-cü ildə Norveçin paytaxtı Osloda Fələstin-İsrail arasında sülh razılaşmasından imtina edərək İsrailə qarşı silahlı mübarizəni davam etdirmək qərarına gəlib.

2007-ci ildə FƏTH-lə HƏMAS arasında silahlı qarşıdurmadan sonra hərəkat Qəzza zolağında nəzarəti bütövlükdə ələ keçirib. Bu isə Fələstinin tanınması prosesi üçün ən böyük maneə olub. Çünki HƏMAS ölkənin tanınmasından daha çox İsrailin məhv edilməsi ideyası uğrunda mübarizə aparır. Onun indi əsas sponsoru və müdafiəçisi İran hakimiyyəti sayılır. Məlumatlara görə, hərəkatın maliyyə xərclərinin yarıdan çoxunu Tehran təmin edir. Qətərin də bu istiqamətdə fəal olduğu iddia iddia edilir. Onlar ideya-siyasi cəhətdən də oxşardırlar. Tehranın başlıca prinsiplərindən biri “İsrailə ölüm!”, yaxud “yəhudi dövlətini dünyanın siyasi xəritəsindən silmək"dir.

HƏMAS İranla yanaşı, həm də onun daxil olduğu iqtisadi-siyasi qruplaşmanın - Rusiya, Çin, Şimali Koreyanın İsrailə qarşı maraqlarının təmsilçisidir. Bu, eyni zamanda yəhudi dövlətini müdafiə edən ABŞ, Böyük Britaniya başda olmaqla, Qərb blokuna qarşı olmaqdır. Deməli, HƏMAS Qərb blokuna qarşı Çin başda olmaqla, şərti Şərq qrupunun təmsilçisidir. İndiki şəraitdə əsir və girovların azad edilməsi kimi yarımçıq şərtlər əldə əsas götürülməklə, əslində, ABŞ və onun müttəfiqlərinin regiondakı maraqlarına qarşı savaş aparılır.

HƏMAS təşkilat kimi iki qurumdan ibarətdir: Məşvərət Şurası və Siyasi Büro. Şura Siyasi büro üzvlərini, onlar isə baş katibi seçir.

HƏMAS İsrailə qarşı mübarizədə partlayıcı kəmər “gəzdirən” intiharçılardan, dinc sakinlərin girov götürülməsindən istifadə edir. Onun əsas silahlı dəstəsi “İzəddin əl-Kassam” adlanır. ABŞ, Argentina, Kanada, Yaponiya, Yeni Zelandiya, İsrail, Avropa İttifaqı və Amerika Dövlətləri Təşkilatı HƏMAS-ı terror təşkilatı sayır. Misir də daxil olmaqla, bir sıra ərəb ölkələri onu əvvəllər terror təşkilatı saysa da, iyun ayında Ərəb Dövlətləri Liqası bu iddianı geri götürüb. BMT, Norveç, Rusiya, Türkiyə, Çin Xalq Respublikası və Qətər hərəkatı terror təşkilatı olaraq tanımır. Böyük Britaniya və Avstraliya isə onun silahlı qolunu “İzəddin əl-Kassam”ı terrorçu sayır.

HƏMAS-ın liderlərinə qarşı sui-qəsdlər əvvəllər də olub. 1997-ci il sentyabrın 25-də təşkilatın Siyasi Bürosunun ovaxtkı sədri Xalid Məşələ edilən sui-qəsd cəhdinin qarşısı alınıb.

İsrail hakimiyyəti HƏMAS liderlərini məhv etməyi özünün prioritetlərindən sayır. Bu il hərəkatın Siyasi Bürosu başçısının müavini Saleh əl-Aruri, hərbi qanadın komandanı Məhəmməd Deyf, “İzzəddin əl-Kassam briqada”sı komandanının müavini Marvan İssanın öldürülməsini örnək kimi göstərmək olar.

Təşkilatın Siyasi Bürosunun yeni baş katibi, əvvəllər HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin başçısı Yəhya Sinvar da İsrailin “zərərsizləşdirəcəkləri” siyahısındadır. O, oktyabrın 7-də İsrailə edilən hücumun təşkilatçısı sayılır. HƏMAS qruplaşmasının silahlıları həmin akt nəticəsində 1200 nəfəri öldürüb, 250-yə yaxın şəxsi girov götürüblər. Onun zolaqda olduğu iddia olunsa da, Rəfahda tapılmayıb. Həmin bölgədə olan Məhəmməd Deyf öldürülsə də, Yəhya Sinvar sağ qalıb. Yəhya Sinvar 1962-ci ildə Fələstində Xan Yunusda qaçqın düşərgəsində anadan olub. Qəzzada İslam Universitetində Ərəb dili və filologiyası fakültəsini bitirib. 2011-ci ildə HƏMAS Siyasi Bürosuna üzv seçilib.

2017-ci ildə İsmayıl Haniyə Siyasi Büronun baş katibi seçiləndən sonra o, Qəzza zolağında hərəkatın sədri seçilib. Sinvar ilk dəfə 1982-ci ildə 4 ay müddətinə həbs edilib. 1985-ci ildə “gizli təşkilat qurmaq” ittihamı ilə ikinci dəfə tutulub. 1988-ci ildə İsrail tərəfindən tutularaq dörd dəfə ağırlaşdırılmış həbs cəzası verilib və 23 il həbsdə saxlanıldıqdan sonra sərbəst buraxılıb. O, HƏMAS daxilində müharibəni davam etdirməyin tərəfdarı kimi çıxış edir. Sinvar bir müddət əvvəl bildirmişdi ki, xaricdəki HƏMAS-çıların İsraillə sülhdən danışmağa haqları yoxdur. O demişdi ki, yalnız zolaqdakıların belə bir hüququ var.

İsmayıl Haniyəyə gəldikdə, onun Tehranda öldürülməsi ilə bağlı bir sıra versiyalar var. Onlardan biri də HƏMASdaxili məsələ və İran-HƏMAS ziddiyyəti ilə bağlıdır. Sinvarın yuxarıda qeyd etdiyimiz açıqlaması İsmayıl Haniyənin İsrail tərəfindən deyil, HƏMAS-İsrail münasibətlərinin normallaşmasına qarşı olanlar tərəfindən öldürüldüyü ehtimalını irəli sürməyə əsas verir. Bu ilin aprelində İsmayıl Haniyənin üç oğlu və bir neçə nəvəsinin həlak olduğuna dair xəbər yayılmışdı.

Əmir Haniyə HƏMAS-ın hərbi qanadının eskadrilya komandiri, Məhəmməd və Hazem haniyələr isə qrupun komandirləri olublar.

Ə.Haniyə “Al-Jazzera”ya deyib ki, İsraillə barışıq danışıqları ilə bağlı mövqeyini dəyişməyə səbəb olmayacaq. Buna baxmayaraq, İsmayıl Haniyənin FƏTH-HƏMAS və İsraillə danışıqları koordinasiya etdiyi də iddia olunur. O halda oğlanları və nəvələrinin ölümü ilə bağlı iki ehtimal irəli sürmək olar: birinci, Haniyəni sülhə məcbur etmək, ikinci, İsmayıl Haniyə danışıqlar tərəfdarı olduğuna görə oğlanları və nəvələrinin ölümü ilə ona xəbərdarlıq edilib, buna razılıq vermədiyi üçün Tehranda özünü öldürüblər.

HƏMAS-ın regionda silahlı qüvvə kimi sıradan çıxarılması Fələstin-İsrail münasibətlərinə müəyyən mənada müsbət təsir göstərə bilər. İlk növbədə, onların İsraili mümkün tanıması ilə bağlı addım atması vəziyyəti yumşaldar. Bu perspektivdə HƏMAS-ın siyasi qüvvə olaraq Fələstin dövlətinin quruculuğunda iştirakına da şərait yaranar. Əks halda, İsrail HƏMAS-ın bütün liderlərini və aparıcı fiqurlarını sırada çıxaracaq. Belə olan halda hərəkata İsraillə savaşmaqda maraqlı olan ölkələr rəhbərlik edəcək.

HƏMAS və daha çox xarici qüvvələrin maraqlarını Fələstin torpaqlarında, o cümlədən Qəzzada ifadə edənlər zolaqdan çıxmayanadək vəziyyətin dəyişməsi mümkün olmayacaq. Çünki Fələstinin tanınması və gələcəyi İsraillə münasibətlərin normallaşmasından və dayanıqlı sülhə dair müqavilənin imzalanmasından asılıdır.

HƏMAS İranın, Tehran Çinin və Rusiyanın maraqlarının icraçısı olduğu müddətdə regionda əmin-amanlığın yaranması ehtimalı yox dərəcəsindədir.

İran hakimiyyətinin İsrailə qarşı olan əsas şüarlarından birindən imtina onu süquta aparar. Odur ki, HƏMAS-ın arxasındakı qüvvələr İranın da möhkəm dayanması üçün əllərindən gələni edirlər. Prezident İbrahim Rəisinin təhlükəsizliyini təmin etməkdə, yeni helikopter almaqda çətinlik çəkən Tehranın gec-tez HƏMAS-dan da imtina edəcəyi istisna olunmur. Çünki zaman Fələstin-İsrail məsələsinə yeni yanaşma tələb edir.

ABŞ dövlət katibi Antoni Blinken deyib ki, Yəhya Sinvar atəşkəs razılaşması üzrə danışıqlarla bağlı əsas qərar qəbul edən şəxs olub və belə də qalır. O, HƏMAS-ın yeni liderinin İsraillə müqavilə bağlamağa qadir olduğunu da vurğulayıb. Blinken qeyd edib ki, İsmayıl Haniyə öldürüldükdən sonra İsraillə HƏMAS arasında razılaşmaya dair danışıqlar davam edir.

Fələstində, o cümlədən Qəzza zolağında radikal qruplaşmalar və qanunsuz silahlı birləşmələr zərərsizləşdirildikdən sonra yeni şərait yaranacaq. Odur ki, HƏMAS deyil, təzələnmiş İslam Müqavimət Hərəkatı yeni Yaxın Şərq vəd edə bilər...

Sədrəddin Soltan,
Report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR